26 sentyabr 2017 14:42
918

Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır

Beynəlxalq təşkilatların ölkə əhalisinin dövlət başçılarına inamını əks etdirən  sorğularında  adı daim ilk sıralarda yer alan Prezident İlham Əliyev  bu etimadı  yüksək səviyyəli tribunalardan cəsarətli və qətiyyətli çıxışları ilə də doğruldur.  İllərdən bəri  davam edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  çıxışlarında, bəyanatlarında  Ermənistanın təcavüzkar siyasətini pisləməklə Azərbaycan xalqının maraqlarını, dövlətçilik mənafeyini dünya ictimaiyyətinə çatdıran cənab İlham Əliyev qətiyyətli lider olduğunu təsdiqləyir.  Cənab İlham Əliyevin  müxtəlif görüşlərdə  Ermənistan prezidenti S.Sarkisyanın  yalan və bəhanələrinə  qarşı sərt mövqeyi də lider qətiyyətinin nümunəsi kimi dəyərləndirilir.

Fransa Şirkətlər Hərəkatının biznes şurasının üzvləri ilə keçirilən görüşdə guya inkişaf etmiş bir ölkənin başçısı kimi xarici investorları Ermənistana sərmayə yatırmağa dəvət edən, işğalçı  dövləti innovasiyalar ölkəsi kimi  tanıtmağa çalışan forpost ölkənin korrupsioner  prezidenti Serj Sarkisyanın sayıqlamalarını  real faktlarla  ifşa edən Prezident İlham Əliyevin "Açığını deyim ki,  biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var- əgər bu qədər ağıllısansa niyə bu qədər kasıbsan... Ona görə də  Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə yaxşı olardı ki,  diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağıda  yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin" sözləri  "siyasi oyunbaz" kimi tanınan Ermənistan "liderinin" rəzil simasını əks etdirdi.

 Prezident İlham Əliyev S.Sarkisyanın təkcə Azərbaycanın deyil, dost, qardaş Türkiyənin  də əleyhinə söylədiyi  böhtanlara da qətiyyətli cavab verərək  onun yalançı iddialarının əsassız olduğunu sübut etmişdir.

Nyu-Yorkda  keçirilən BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı  Azərbaycan həqiqətlərini,  üzləşdiyimiz ikili standartlardan irəli gələn ədalətsizliyi  diqqətə çatdırmaqla  reallıqları  faktlar əsasında   yüksək tribunadan səsləndirən Prezident İlham Əliyev S.Sarkisyanın ritorikalar və  illüziyalardan ibarət sözlərini diplomatiya tarixinə ləkə  gətirən qeyri-ciddi nitq adlandırdı. Sessiya çərçivəsində  dünya dövlətlərinin  yüksək səviyyəli nümayəndələri ilə görüşündə dinamik inkişaf yolu ilə beynəlxalq birliyə inteqrasiya edən  Azərbaycanın son illərdə qazandığı nailiyyətləri, diplomatik uğurları, Dağlıq Qarabağ münaqişəsinin  sülh yolu ilə həlli üçün başçılıq etdiyi  ölkənin beynəlxalq hüquq normalarına  sadiqliyi ilə bağlı  fikirlərini ifadə edən Prezident İlham Əliyev işğalçı Ermənistanın son illərdə daha da intensivləşən təxribatları,  dinc əhalini hədəfə alan silahlı hücumları ilə də bağlı  ətraflı danışdı. Dövlətimizin başçısı haqlı olaraq diqqətə çatdırdı ki,  bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin  bir neçə gün ərzində  icra olunduğu  müasir dövrümüzdə  qurumun  qəbul etdiyi 4 qətnamənin 24 ildən bəri  yerinə yetirilməməsi  ikili standartlardan irəli gələn yanaşmadır.

BMT-nin tribunasından ölkəmizə qarşı qərəzli mövqe tutan, təcavüzkara himayədarlıq edənlərə, işğalçı Ermənistana xəbərdarlığını məntiqli sözləri ilə ifadə edən dövlətimizin başçısı S.Sarkisyanın yalan və böhtanlar üzərində qurulmuş çıxışını əsassız adlandırdı. Ermənistanın işğalçılıq siyasətinin regionda yaratdığı fəsadları, təhlükəni  son illərdə baş verən hadisələri xatırlatmaqla, Dağlıq Qarabağın Azərbaycanın əzəli və tarixi torpağı olduğunu təsdiqləyən BMT-nin qətnaməsini,  Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizinin işğal altında olmasını, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər 7 rayonunda etnik təmizləmə siyasəti aparıldığını faktlarla diqqətə çatdıran cənab İlham Əliyevin bu sözləri işğalçı dövlətin prezidentinə daha ciddi  xəbərdarlıq idi: “Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq."

Döyüş meydanında məğlub olan Ermənistan silahlıları təxribatlarından əl çəkməyərək şəhər və kəndlərimizə hücum çəkərək mülki  əhalini qətlə yetirir, şəxsi  və inzibati binalara ziyan vururlar. Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücumu zamanı  2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirilməsinin dünya ictimaiyyəti tərəfindən lənətlənməsi təcavüzkarı ciddi düşünüdürməlidir. Ermənistanın Xocalıda törətdiyi soyqırımını 10-dan artıq ölkə rəsmən tanıyıb.  613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağın qətlində, hərbi cinayətdə əli olduğunu etiraf edən  S. Sarkisyanın  kriminal qruplarla əlbir olması sübut olunmuş faktdır.

Azərbaycan isə sivilizasiyalar  mərkəzi olmaqla  qitələrarası siyasi, iqtisadi, mədəni körpü  kimi dünya birliyində böyük əhəmiyyət daşıyan  müasir, sabit və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi dövlət siyasətinin  əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir. Milli azlıqların təmizlənməsi  ilə   monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri qeyd etmək olar. İqtisadiyyatı  iflic vəziyyətində olan Ermənistandan fərqli olaraq dünyanı təşvişə salan  iqtisadi böhran dövründə belə inkişafını davam etdirən Azərbaycan Dünya Bankının “Doing Business" hesabatında "Dünyanın aparıcı islahatçı ölkəsi" kimi qiymətləndirilmiş,  Davosun Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatı"nda Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutmuşdur.

Qlobal enerji bazarındakı rolu ilə  diqqət çəkən,  etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyini təmin edir, Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilir. Bu günlərdə  Bakıda keçirilən mərasimdə  Xəzər dənizinin Azərbaycan sektorunda  "Azəri", "Çıraq" yataqlarının və  "Günəşli" yatağının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi  və  neft hasilatının pay bölgüsü haqqında düzəliş edilməsi və  yenidən tərtib olunması ilə bağlı mərasimdə  "Əsrin müqaviləsi" adlanan əvvəlki Sazişin 2050-ci ilə qədər uzadılması ilə bağlı tərəfdaşlar arasında razılıq ölkəmizə  artan marağın ifadəsidir. 

Dövlət başçımızın BMT Baş Assambleyasındakı çıxışının məntiqi nəticəsi budur ki, yalnız düşünülmüş  müstəqil daxili və xarici siyasəti olan,  gələcək taleyini  özü müəyyənləşdirən,  yeraltı, yerüstü  təbii sərvətlərindən xalqın mənafeyi naminə istifadə olunan ölkənin lideri belə qətiyyətli ola bilər.  Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır: “Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq."

Xuraman İsmayılqızı, “İki sahil"