27 yanvar 2025 13:18
135

Əhalinin elektrik enerjisinə olan tələbatının bərpa olunan enerji hesabına təmin edilməsi mümkündürmü? - Sadiq Qurbanovdan CAVAB

Azərbaycanın yaşıl enerji siyasəti, yalnız iqtisadi və ekoloji aspektləri ilə deyil, həm də siyasi və strateji baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən strategiyası və müdrik rəhbərliyi ilə bu sahədə görülən işlər ölkənin enerji resurslarının şaxələndirilməsi ilə enerji təhlükəsizliyinin daha da artırılması, xarici investisiyaların cəlbi ilə qeyri-neft sektorunun inkişafı, sahə üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ölkəmizin strateji mövqeyinin möhkəmləndirilməsinə hesablanıb. Tarix boyu enerji ölkəsi kimi tanınan Azərbaycan, qlobal enerji mənzərəsində baş verən dəyişikliklərə uyğunlaşaraq öz mövqeyini daha da gücləndirir. Ölkəmiz, neft və qaz sahəsindəki liderliyini indi də regionda yaşıl enerjiyə keçidin öncüsü olmaqla davam etdirir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov İqtisadiyyat.az-a müsahibəsində qeyd edib.

Komitə sədri qeud edib ki,  2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetləri sırasında yaşıl enerji xüsusi yer tutur. Mövcud strateji sənədlər Azərbaycanın bərpa olunan enerji sahəsində qlobal inteqrasiya və regional liderlik istiqamətində atacağı addımları müəyyən edir. Bərpa olunan enerji siyasətimiz yalnız daxili istehlakın yaşıllaşdırılmasını deyil, həm də Avropaya yaşıl enerji ixracını hədəfləyir. Bu məqsədə çatmaq üçün Azərbaycanda zəngin külək və günəş potensialı, yaşıl enerji istehsalına və dünya bazarlarına çıxarılmasına yönəlmiş dövlət strategiyası, müasir qanunvericilik bazası və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq kimi bütün komponentlər mövcuddur.

Onun sözlərinə görə Azərbaycanın bərpa olunan enerji sektorunda əldə etdiyi nailiyyətlər və gələcək planlar bu sahənin əhalinin elektrik enerjisinə olan tələbatının təmin edilməsində payının əhəmiyyətli dərəcədə artacağını deməyə imkan verir. 2023-cü ildə bərpa olunan enerji mənbələri ümumi istehsalın 7,2%-ni təşkil etdiyi halda 2024-cü ildə bu göstərici 13,9%-ə yüksəlmişdir, yəni bir il ərzində istehsalda 84,3% artım müşahidə olunmuşdur. Beləliklə, bu sektorun potensialı nəzərə alınaraq, artım dinamikasının davamlılığı təmin edilməklə, yaxın illərdə daha böyük həcmdə tələbat qarşılanması mümkündür.

2024-cü ildə enerjisistemin ümumi qoyuluş gücü 8 415,6 MVt-a çatmışdır ki, bunun 21,3%-i bərpa olunan enerji mənbələrinin payına düşür. Bu, ölkədə yaşıl enerji potensialının müəyyən hissəsinin reallaşdırıldığını göstərir. 2027-ci ilə qədər təxminən 2,8 milyard ABŞ dolları dəyərində xarici və yerli investisiya hesabına ümumi gücü 2 QVt olan sənaye əhəmiyyətli 8 günəş və külək elektrik stansiyasının tikilməsi və şəbəkəyə qoşulması planlaşdırılır. Təkcə ötən il ümumi gücü 1240 MVt olan 3 günəş və 1 külək elektrik stansiyasının təməli qoyulub.

Əlavə olaraq, aktiv istehlakçıların dəstəklənməsi mexanizmi və fərdi investisiyalar bu sahənin inkişafını daha da sürətləndirəcək. Hazırda aktiv istehlakçılar evlərində, müəssisələrində günəş panelləri, kiçik tipli külək turbinləri və ya digər bərpa olunan enerji əsaslı qurğular quraşdıraraq elektrik enerjisi istehsal edə bilir, istehsal edilən elektrik enerjisinin artıq qalan hissəsini isə elektrik təchizatı şəbəkəsinə ötürə və ehtiyac yarandığı təqdirdə elektrik enerjisini şəbəkədən ala bilirlər.