26 sentyabr 2017 14:46
950

Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir

Ölkə Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında islamofobiyanı pik həddinə çatdırmış Ermənistanın işğal olunmuş ərazilərimizdə törətdiyi vandalizm aktlarını əsaslı şəkildə diqqətə çatdırdı


“Ərazisində demək olar ki,  milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya  dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış  Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir.”

Dövlətimizin başçısı İlham Əliyev  BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında Azərbaycanın tolerant ölkə kimi yeri və rolunu möhkəmləndirən əsas məqamları diqqətə çatdırdı. Dövlətimizin başçısı  İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə  “İslam Həmrəyliyi ili” elan olunması mütərəqqi addım, ən əsası müsəlman ölkələri arasında birliyin möhkəmlənməsinə yönəlmiş təşəbbüs, dünyaya birlik, həmrəylik mesajıdır. Müstəqillik əldə etdikdən sonra iki və çoxtərəfli əməkdaşlıq çərçivəsində münasibətlərin möhkəmləndirilməsi, eyni zamanda   çoxəsrlik tarixə,  oxşar adət-ənənələrə malik  müsəlman ölkələri arasında    əlaqələrin qurulması istiqamətində atılan davamlı addımların nəticəsi bugünkü reallıqlarımızdır: “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda  sülh və harmoniya şəraitində yaşayırlar.”  Dövlətimizin başçısı İlham Əliyevin ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer və bir sıra xristian yevangelik dini liderləri ilə  görüşündə də Azərbaycanın dinlərarası dialoq və əməkdaşlığa həmişə sadiq olduğu xüsusi qeyd edilmişdir.

Beynəlxalq əhəmiyyətli  tədbirlərin ölkəmizdə keçirilməsi də bu reallığın təsdiqidir ki, çoxkonfessiyalı, çoxmillətli ölkə kimi tanınan Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayırlar. Qanlı toqquşmaların, müxtəlif bölgələrdə müharibələrin davam etdiyi müasir dövrümüzdə  dini, milli zəmində qan tökülməsi bütünlükdə dünya siyasətinə təsir edən amildir. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi ilə müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını almaq, sabitliyin təminatı üçün müsbət meyilləri gücləndirmək insanlığa verilən dəyərdir.

Eyni zamanda Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi dünya siyasətinə təsir imkanları artan Azərbaycan münaqişəli problemlərin həllində tutduğu  ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə sabitliyin təminatı üçün səylərini əsirgəmir,  müxtəlif dinlərə məxsus millətlər arasında əlaqələrin yaradılmasına  töhfə verir. Xatırlasaq,   2008-ci ildə  Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında  əlaqələrin möhkəmlənməsi üçün Avropa ölkələri mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına  İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin dəvət olunması dünyada çox böyük əks-səda yaratmışdı.   “Bakı prosesi” adı verilən belə görüşlərə -  İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına  Avropadan mədəniyyət nazirlərinin də dəvət olunması alternativi olmayan tolerantlıq və multikulturalizmə,  humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun  güclənməsinə töhfə kimi tarixi əhəmiyyəti ilə seçildi.  “Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq” söyləyən  Prezident İlham Əliyevin “İslam Həmrəyliyi ili” ilə  bağlı imzaladığı Sərəncamın əhəmiyyəti bu təhlillər fonunda daha aydın görünür. Forumlarda dəfələrlə səsləndirildiyi kimi, həmrəylik, birlik Azərbaycan xalqının böyük sərvətidir. Bütün dinlərə məxsus tarixi abidələr dövlət tərəfindən qorunur, ehtiyac duyulduqda dövlət vəsaiti hesabına bərpa olunur.  Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir.  Müxtəlif dinlərə məxsus bayramlar birlikdə qeyd olunur. Qafqazda ən qədim  alban kilsəsi ölkəmizdədir. Qədim zərdüştlük, atəşpərəstlik məbədi qorunub saxlanılır. Başqa sözlə desək, bütün dinlərə hörmət və ehtiram Azərbaycanın  dövlət siyasətidir və ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki təhlükəli meyil olan islamofobiya, ksenofobiyanın davam etdiyi müasir dövrümüzdə millətlərarası həmrəyliyin güclənməsi vacibdir.

Təbii ki, islamofobiya bütün İslam aləmini narahat edir.  Bilərəkdən İslam haqqında mənfi rəy formalaşdırılır, terrorla eyniləşdirilir.  Amma həqiqətdə  terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir.  Müsəlman aləmində gedən radikallaşma, təriqətçilik, silahlı dəstələrin maliyyələşdirilməsi, müəyyən  dairələr tərəfindən dəstək qazanması da narahatedici amillərdir. Ona görə də həmrəyliyin, millətlərarası birliyin təminatına xidmət edən, təbliğatı əhəmiyyəti ilə seçilən tədbirlərin davamlı olması vacibdir.

“İslam  Həmrəyliyi İli”ndə 57 müsəlman ölkə idmançılarını bir araya gətirən  İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də  tərəfdaşlığa və  dostluğa dövlət səviyyəsində göstərilən diqqətdən irəli gəldi. Birinci Avropa Oyunlarından sonra  İslam ölkələri arasında  belə möhtəşəm yarışların təşkili ilk növbədə İslam həmrəyliyinə böyük töhfədir.   Bütün dünya ictimaiyyəti bir daha bu reallığın şahidinə çevrildi ki,  İslam  sülh, mərhəmət və qardaşlıq dini, Azərbaycan isə böyük imkanlara malik müsəlman ölkəsidir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir. Dövlətimizin başçısı İlham Əliyev BMT-nin tribunasından da bu məqamı qeyd etmişdir: “İki il ərzində  paytaxtımız Bakıda Avropa və İslam Oyunları keçirildi. Bu, həmçinin multikulturalizmin təşviq edilməsinə böyük töhfə oldu.”

Azərbaycan o ölkələrdəndir ki,  dini radikalizmə, insanlara qarşı ədalətsizliyə görə mübarizəni əməli işi ilə təsdiqləyir. Sülhsevər mövqeyini “Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır” sözləri ilə bəyan edən Prezident İlham Əliyev vurğulayır ki,   İslam həmrəyliyi radikalizm və  ekstremizmə qarşı mübarizədə ən güclü vasitədir.

Qeyd etdiklərimiz bu qənaətə əsas verir ki, millətlərarası, dinlərarası münasibətlərin sağlam istiqamətdə inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər həqiqətən öyrənilməyə  və təbliğ olunmağa layiqdir.

Azərbaycan  ötən il BMT-nin Sivilizasiyalar Alyansının VII  Qlobal Forumuna ev sahibliyi etdi. Bu mühüm hadisə də  tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycanın mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malik olmasının göstəricisi idi. Uğurlarımızın, əldə etdiyimiz təcrübənin fonunda dövlətimizin başçısı İlham Əliyev bildirir:  “Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində,  multikulturalizm  ideyalarının təbliği üçün  çox dəyərli və qiymətlidir.”

Dövlətimizin başçısı İlham Əliyev BMT-nin tribunasından Azərbaycan reallıqlarını, 26 ilə yaxın müstəqillik tarixində bu və ya digər sahələrdə qazandığı təcrübələri bir daha əsaslı şəkildə diqqətə çatdıraraq, dünyaya bu mesajı da ünvanladı ki, birgə səylər, ədalətə söykənən mövqe günümüzün əsas çağırışlarının yüksək səviyyədə yerinə yetirilməsində stimulverici amildir. Artıq işğalçı Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunması zamanıdır.

Yeganə Əliyeva, “İki sahil”