Rusiya Azərbaycanla münasibətdə heç vaxt səmimi olmayıb. Bu baxımdan Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasının məsuliyyəti məsələsində də səmimi deyil. Belə ki, qarşılıqlı hörmət etdiyi suveren dövlətlərin etdiyi kimi Rusiya da hərbi hava qüvvələri tərəfindən vurulmuş mülki təyyarəyə görə Azərbaycandan rəsmi şəkildə üzür istəməli, təyyarənin dəyəri ödənilməli və həlak olanların ailələrinə kompensasiyalar verməlidir. Amma Rusiya mətbuatı Kremldən aldığı tapşırığa əsasən Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb. Diqqət etsək görərik ki, Rusiyada 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanla şərti sərhəd ərazidə Ermənistanın hərbi kolonunu müşayiət edən helikopterin vurulması və 20 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı məlumatlandırma olmasına baxmayaraq qəsdən hərəkətə keçmiş rus əsgərlərinin erməni əsgəri olduğu düşünülərək səhvən vurulması yenidən gündəmə gətirilir və ölkəmizə qarşı haqsız ittihamlar səsləndirilir.
Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirdi ki, əvvəla onu qeyd edək ki, helikopterin sərhədimizdə vurulmasının günahı Rusiya hərbiçilərin özlərində idi. Axı, müharibə gedən ərazidə erməni kolonunu rus helikopteri niyə müşayiət etməli idi? Amma rəsmi Bakı konfrontasiyaya getməyərək helikopterin dəyərini Rusiyaya ödədi və həlak olanların ailələrinə də kompensasiyalar verdi. Eyni addımı indi Rusiya tərəfi də atmalıdır. Biz demirik ki, Rusiya təyyarəmizi qəsdən vurub. Amma təyyarəmiz Rusiya səmasında, bu ölkənin hərbi hava qüvvələri tərəfindən vurulub və buna görə də Rusiya məsuliyyət daşıyır. Çox təəssüfləndirici haldır ki, Rusiyanın media resurslarında Kremlədn verilən göstəriş əsasında Azərbaycana qarşı qarayaxma kampaniyasına start verilib. Bununla da təyyarəmizin vurulması ilə bağlı məsələdə diqqəti əsl məqsəddən yayındırmağa çalışırlar. Amma biz tarixi unutmuruq. Unutmuruq ki, Rusiya həmişə ermənilərə dayaq duraraq torpaqlarımızda bizə qarşı soyqırımların törədilməsinə dəstək verib. 1805-ci ildə çar Rusiyası tərəfindən Qarabağ xanlığının işğal edilməsi və Qarabağ xanının ailəsi ilə bir yerdə qətlə yetirilməsi, 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi və bolşeviklərin ermənilərlə əlbir olaraq törətdikləri soyqırımlar, 1924-cü ildə Qarabağda ermənilər üçün muxtariyyəti yaratmaqla Azərbaycana uzun bir tarixi əhatə edən bəlanın yapışdırılmasını unutmamışıq. 1990-cı ilin 20 yanvarında ermənilərin də daxil edildiyi vəhşi ordunun dinc sakinlərimizin üzərinə yeridilməsi və qətliamın törədilməsi, 336-cı motoatıcı briqadanın iştirakı ilə Xocalı soyqırımın törədilməsi, 30 il torpaqlarımızın işğalda qalmasına dəstək verilməsi, 44 günlük müharibə zamanı erməniləri silah və canlı qüvvə ilə təmin etməsi, Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanınmasına görə Paşinyanı dəfələrlə ittiham etməsi və sairə hərəkətləri Rusiyanın uzun bir tarixi dövrdə ölkəmizə və xalqımıza qarşı apardığı düşmənçilik siyasəti deyilmi?..
Azər Badamov vurğuladı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan Rusiyanın Ermənistana dəstəyinə baxmayaraq tarizi Zəfərə imza atdı və ərazi bütövlüyünü, bütün ərazilərində suverenliyini bərpa etdi. Əgər Rusiya Azərbaycana qarşı qarayaxma və ittiham kampaniyasını davam etdirərsə Azərbaycanın da Rusiyaya deyəcəyi və tələb edəcəyi çox şey olacaqdır. Yaxşı olardı ki, Rusiya rəhbərliyi baş vermiş hadisəni düzgün dəyərləndirərək iki ölkə arasında münasibətlərin qorunub saxlanılmasını dəstəkləsin. Bu gün onsuz da Rusiya dünyada tərəfdaşlarını itirərək demək olar ki, təklənib. Bu baxımdan yaxın qonşusu Azərbaycanla da münasibətlərin pisləşməsi Rusiyanın marağında deyil.
Şəmsiyyə Əliqızı, “İki sahil”