17 mart 2026 15:04
125

Gecikmiş Ədalət

Hüseyn Cavid - Azərbaycan ədəbiyyatında müstəqil fikirlərin, dərin humanizmin və insana verilən yüksək dəyərin tərənnümü ilə məşğul olan, ömrünün sonuna kimi bu yüksək ideyaların carçısına çevrilən, əsərlərində bəşəri fikirləri təcəssüm etdirən unudulmaz şəxsiyyətlərindən biri. Mart ayının 6-da mədəniyyətimiz üçün əlamətdar olan bir günü - Hüseyn Cavidin bəraət aldığı gün idi. Cavid, yalnız bir şair, dramaturq, yazıçı, humanist ideyaların təbliğatçısı deyil, həm də Azərbaycan xalqınınqüruru, qəlbində yaşayan bir dəyərdir. Çox təəssüf ki, böyük ədibin həyatı Sovet dönəminin qaranlıq illərinə tuş gəlmişdir. 1937-ci ildə “xalq düşməni” kimi həbs edilərək 2 il sonra sürgünə göndərilən, əsərləri də “məhkum” edilən bir şəxsiyyətin bu müddət ərzində yaşadıqları həm də birmənalı olaraq Azərbaycan mədəniyyətinə vurulan zərbə idi.

1956-cı ilin martında Azərbaycan Sovet Sosialist Respublikasının Prokrorluğu və Ali Məhkəməsinin qərarı ilə Hüseyn Cavidə verilən bəraət, təkcə bir insanın, bir fərdin təmizə çıxması deyil, bir xalqın mədəni irsinin, ədəbiyyatının, azad düşüncəsinin məninə, özünə qovuşması idi.

Turan xanımın yaxın rəfiqəsi Həbibə Məmmədxanlı o günü belə xatırlayır: “1956-cı il idi. Cavid əfəndiyə bəraət verilmişdi. Nigar xanım Rəfibəyli mənə zəng edib bunu xəbəri edəndə getdim muzeyə, Turan xanımın yanına, ona xəbər elədim. Dedi, mən evə tək gedə bilməyəcəm. Getdik evə, işıqlar yanmırdı, Mişkinaz xanım neft lampası yandırmışdı. Mən ona “Ana” deyə müraciət edərdim. Dedim, ay Ana, gözün aydın, Cavid əfəndi bəraət aldı. O, divana söykəndi və dedi ki, hardasan, ay Ərtoğrol?  (R. Hüseynov. “Əbədi Cavid”)

Təkcə bu kiçik epizod belə, bir ailənin ağrı-acısını göz önündə canlandırır.

Çox inandığım bir ifadədə; “gec qalınmış ədalət, ədalət sayılmır” deyilir. Beləki, günahsız yerə həbs olunan, olmazın işgəncələrə məruz qalan sürgündə ailəsinə, doğmalarına, Vətəninə həsrət bir şəkildə dünyasını dəyişən bir sənətkar üçün ölümündən illər sonar “bəraət” alması özü bir faciə idi. Işləmədiyin günahın cəzasını ömrünlə, yaxınlarının parça-parça olan həyatı ilə ödəmək ən yumşaq ifadə ilə ədalətsizliyin ən böyük inikası idi. Ümumiyyətlə, Cavid şəxsiyyəti elə bir mənəvi ucalıqda dayanırdı ki, buəlçatmazlığın, saflığın hər hansı bir bəraətə, təsdiqəehtiyacı yox idi. Onsuz da tarix bütün hadisələrə lazimi qiymətini verəcəkdi. Lakin, geridə qalan ailə üçün gec də olsa ədalətin bərpası vacib idi. Ürəyi kədərdən didik- didik olmuş, Cavid kimi ömür-günyoldaşını, can parçası Ərtoğrol kimi oğulu itirən Mişginaz xanıma lazım idi. Uşaqlığını, gəncliyini, şəxsi həyatını yaşaya bilməyən, sevimli babasını, arxa-dayağı olan qardaşını itirən Turana lazım idi bu bəraət. Haqlıya haqqını təslim etmək acılı ürəklərin məlhəmi ola bilərdi…

Bir sözlə: Cavidin bəraət alması, bir neçə onillik boyu təqib edilən, tənqidlərə, bəzən təhqirlərə məruz qalan, yoxluq, çarəsizlik çəkən,çox vaxt süni əngəllərlə rastlaşan ailəsi üçün böyük mənəvi təsəlli və ədalətin bərpası idi. Bu bəraət həm də əsərləri qadağan olunan, adları belə unudulmağa çalışılan ziyalıların yenidən cəmiyyətin mədəni yaddaşına qaytarılması demək idi. Bu hadisə eyni zamanda, Azərbaycanda repressiyalar dövrünün sona çatdığı, ədəbiyyat və incəsənət üçün yeni bir dövrün başladığı bir mərhələ idi.

1956-cı ildə verilən bəraət eyni zamanda ədəbiyyatımız üçün böyük əhəmiyyət kəsb edirdi. Cavid kimi istedadlı bir yazıçının yaradıcılığının ən məhsuldar dönəmində həbs edilməsi, yazıb-yaratmağa imkanının olmaması ədəbiyyatımızın itkisi idi. Düşünsənizə Cavid həbs edilməsəydi, həyatdan və yaradıcılıqdan acımasızca qoparılmasaydı daha neçə-neçə şah əsərləriniyaradıb bizə miras qoyacaqdı. Bu baxımdan gecikmiş də olsa ədalətin bərpası önəmli idi.

1937-ci ildə, Cavidin "xalq düşməni" kimi ittiham olunaraq həbs edilməsi təkcə bir ailənin faciəsi deyil, ədəbiyyatımızın inkişafının da ləngiməsi demək idi. Çünki repressiyyaya məruz qalan digər ziyalılarımız kimiböyükşairin də əsərləri qadağan edilmiş, adı isə uzun illər boyu unutdurulmağa çalışılmışdı. Lakin, Sovet İttifaqında baş verən dəyişikliklər, xüsusən də Stalinin ölümündən sonra, bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsindəki təzyiqlərin yumşalması, “Şəxsiyyətə pərəstiş”in tənqidi, “daha ədalətli yanaşma” prinsipi nəticəsində, 1953-cü ildən başlayan, 1960-cı illərin əvvəlinə kimi hökm sürən günahsızlığın bəyan edilməsi fonunda 1956-cı ildə Hüseyn Cavidə bəraət verildi.

Hüseyn Cavidin bəraət alması, onun əsərlərinin yenidən çap edilməsi və oxuculara təqdim edilməsi üçün yol açdı. Əsərləri nəşr edilərkən orijinallığına sadiq qalınmırdı, bu da Turan xanımı bərk narahat edirdi. Yenə də Cavid Əfəndinin çap edilməyə başlanılması sevindirici hal idi. Onun şeirləri, dram əsərləri artıq Sovet İttifaqında üzləşdiyi qadağalar və təzyiqlərdən azad olunur, yaradıcılığı yeni nəsil oxucularına çatdırılmağa başlanırdı. Xalqımız  uzun illər boyu itirdiyi bu böyük dəyəri yenidən tanıyırdı.

Bəraətdən sonar H. Cavidin yaradıcılığına, şəxsiyyətinə diqqət artırıldı; növbəti illərdə Bakıda və Naxçıvanda şairin adını daşıyan muzeylərin yaradılması, heykəlinin hazırlanması, Cavid adını daşıyan parkın salınması və s. kimi addımlar dediklərimizin təsdiqi ola bilər.

Turan xanımın müsahibələrində qeyd etdiyi kimi, H. Cavidin əsl bəraəti Ümummilli Lider Heydər Əliyevin sayəsində, onun təşəbbüsü ilə olmuşdur.

Beləki, 1982-ci ildə, Hüseyn Cavidin 100 illiyi ilə əlaqədar olaraq, onun nəşi uzaq Sibir meşələrindən tapılaraq Azərbaycana gətirildi, Naxçıvanda dəfn edildi, məzarı üzərində məqbərə ucaldıldı. Cavidin bəraət alması yalnız onun adını təmizləmədi, həm də milli mədəniyyətimizi, ədəbiyyatımızı daha da zənginləşdirdi. Bugün biz onun əsərlərini oxuyarkən, onun həyatı və mübarizəsi ilə tanış olduqca, yalnız bir ziyalının deyil, bütün xalqın gücünü, iradəsini və əzmini hiss edirik. Cavid əfəndinin həyat yoluna nəzər salarkən bir məsələ diqqətimizi çəkir; əgər bir xalq öz ziyalısına, öz dəyərlərinə, mənliyinə, kökünə, mənəvi sərvətinə sahib çıxarsa nə qədər də təqibə, sürgünə, repressiyaya, məhrumiyyətlərə, genosidə məruz qalırsa-qalsın, onu heç nə yıxa bilməz, məhv etməyə, yox etməyə gücü çatmaz. Köklərinə sahib çıxan xalqın H. Cavid kimi ziyalı övladları cismən yox edilsə də, mənən onun gənclərinin qəlbində, beynində, qələmində yaşayır, var olur, gələcək nəsillərə ötürülür, yaddan çıxmır! Bir daha Cavid Əfəndini və günahsız yerə Sovet rejiminin qurbanına çevrilmiş bütün ziyalılarımızı dərin hörmətlə anırıq, ruhları şad olsun…

Nuranə Nərimanova,
Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı