23 yanvar 2025 13:53
162

YAP Veteranlar Şurasının iclası keçirilib - FOTO

Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.

“İki sahil” xəbər verir ki,  YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, iclasın gündəliyinə YAP Veteranlar Şurasının 2024-cü ildə fəaliyyətinin yekunları və 2025-ci il üçün Tədbirlər Planının müzakirəsi daxildir.

A.Rəhimzadə qeyd edib ki, ötən ilin ən mühüm hadisəsi fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləridir. O, Prezident İlham Əliyevin Zəfər seçkisində möhtəşəm qələbəsinin xalqın iradəsinin ifadəsi olduğunu diqqətə çatdırıb. YAP Veteranlar Şurasının sədri qeyd edib ki, bütün dünya bir daha ölkəmizdə xalq-Lider birliyinin sarsılmazlığına şahid oldu.

A.Rəhimzadə vurğulayıb ki, YAP Veteranlar Şurası 2024-cü il ərzində öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsi çərçivəsində müvafiq Tədbirlər Planına  uyğun həyata keçirib: “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçlik irsinin təşviqi və Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasətinin geniş təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixi və əlamətdar günlərin qeyd olunması istiqamətlərində mühüm tədbirlər keçirilib, gənclərlə silsilə görüşlər təşkil olunub. YAP Veteranlar Şurasının üzvləri paytaxt Bakıda və regionlarda keçirilən tədbirlərdə fəal iştirak ediblər”.

2025-ci ilin Tədbirlər Planına gəlincə, YAP Veteranlar Şurasının sədri il ərzində müxtəlif toplantıların, o cümlədən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu istiqamətdə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu və ideoloji məsələlərin daim diqqət mərkəzində olacağını vurğulayıb.

İclasda YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Şuranın üzvləri Dilarə Seyidzadə, Zərifə Quliyeva, Adilə Abasova, Əli Həsənov, Tahir Quliyev, Şahlar Əsgərov, Vahid Novruzov, Urxan Ələkbərov, Xeyrəddin Qoca və Zahid Xəlilov çıxış ediblər. YAP Veteranlar Şurasının fəaliyyətinə dair ötən ilin yekunları qənaətbəxş qiymətləndirilib, 2025-ci ilin Tədbirlər Planı ilə bağlı fikir və təkliflər səsləndirilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.