23 yanvar 2025 12:58
126

Tramp virus tədqiqat proqramlarının maliyyələşdirilməsini dayandırır - "The Wall Street Journal"

ABŞ prezidenti Donald Trampın administrasiyası patogenləri daha təhlükəli və ya yoluxucu edən virusların tədqiqi üçün federal maliyyənin müvəqqəti dayandırılmasını nəzərdə tutan sərəncam hazırlayır. 

“İki sahil” xəbər verir ki,  bu barədə "The Wall Street Journal" mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, bu qərar ABŞ-ın maliyyə dəstəyi ilə insan sağlamlığı üçün təhlükə yaradan virusların tədqiqi ilə məşğul olan alimlərin işini məhdudlaşdırmaq məqsədi daşıyır.

Bildirilir ki, bəzi viruslar, məsələn, H5N1 quş qripi virusu sərəncama daxil edilməyə bilər. Sənəd hələ ki, təsdiqlənməyib. WSJ-nin qeyd etdiyi kimi, bir sıra respublikaçılar əvvəllər Çin laboratoriyalarını COVID-19 pandemiyasını yaymaqda ittiham ediblər. ABŞ Milli Səhiyyə İnstitutunun rəhbəri vəzifəsinə namizəd doktor Cey Bhattaçarya bu cür tədqiqatların dayandırılmasını dəstəkləyib.