Dünyanın fərqli regionlarında və əldə edilən sektoral uğurlara baxmayaraq, bütövlükdə dünya nizamının qeyri-effektivliyinin şahidiyik. Şübhəsiz ki, həmin bu mövcud nizam müharibə və münaqişə ocaqlarının artması ilə müşahidə olunur. Təbii ki, iqtisadi olduğu qədər, siyasi çətinliklər də mövcuddur. Bütün bu reallıqlar fonunda dünyanın gözü ABŞ-ın yeni administrasiyasına yönəlib ki, həmin bu administrasiyanın xüsusən də ticarət sahəsində əhəmiyyətli siyasi dəyişikliklər təqdim edəcəyi proqnozlaşdırılır. Dünya nizamının oturması istiqamətində də qeyri-müəyyənlik mövcuddur. Məsələn, bir qədər araşdırdığımız zaman görürük ki, baş iqtisadçılar tariflərin və gərginliyin “xüsusilə mürəkkəb” ilini gözlədiklərindən xəbər verirlər. Lakin bütün bu bədbin proqnozlar fonunda cənab Prezident İlham Əliyevin son çıxışlarına nəzər yetirmək kifayətdir ki, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı son dərəcə nikbin bir ilin qarşıda bizi gözlədiyindən xəbərdar olasan.
Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirdi.
Ekspert qeyd etdi ki, Davos İqtisadi Forumu gündəliyində bütün bu siyasi, iqtisadi məsələləri müzakirə edən, siyasi və iqtisadi agendasına salan böyük bir forumdur. Burada təbii ki, hər il bir məsələ müzakirə olunur. Budəfəki illik toplantıda dünya liderlərinin əsas diqqətində olan məsələ siyasətçilərin daha sürətli artımı təmin etməyin yeni yollarını müəyyən etməkdə onların məhz yaradıcı təşəbbüslərlə çıxış etmələridir. Təbii ki, bu istiqamətdə Azərbaycan Liderinin təşəbbüskar olaraq çıxış etdiyi məsələlər, amillər dünya liderlərinin, dünyanın gündəliyinə salınır. Eyni zamanda, məsələ ondan ibarətdir ki, ölkələrin dəyişdirilə bilməyəcəyi bir neçə reallıq var. Məsələn, coğrafi mövqe, sahib olduğu təbii sərvətləri və bunları idarə etmək üçün yürüdülən siyasəti biz vurğulamalıyıq. Məsələn, reallığı imkana, üstünlüyə çevirmək çox vacib bir məsələdir. Azərbaycan ələ düşən fürsətləri imkan, fürsət kimi dəyərləndirir və təbii ki, atdığı addımlarla həm öz ölkəsinə dividentlər qazandırır, həm də yerləşdiyi regiona. Azərbaycan həm də dünya birliyini narahat edən məsələlərlə bağlı çıxış edir. Cənubi Qafqazın lider ölkəsi mövqeyinə malik Azərbaycandır. Bu gün texnologiyanın səmərəliliyini artırmaq, davamlılığı təşviq etmək və beynəlxalq ticarətdə inklüzivliyi təşviq etmək əsas istiqamətlərdən biridir. Ənənəvi resurslarla yanaşı, bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Bir digər əhəmiyyətli məsələ də aşağı karbonlu iqtisadiyyatın maliyyələşdirilməsi dövrümüzün müəyyənedici problemlərindən biridir. Azərbaycan bu istiqamətdə kapital və biznes sahəsində önəmli layihələrlə çıxış edir.
Şəbnəm Həsənova qeyd etdi ki, Davos İqtisadi Formunun siyasi əhəmiyyəti də böyükdür. Forum siyasətçilər, dövlətlər, qeyri-dövlət aktorları, sosial tərəfdaşları cəmləyən bir forumdur. Bütün forumlar zamanı görürük ki, Azərbaycana, onun Liderinə çox böyük hörmət var və dövlət başçımızla görüşmək istəyən şəxslərin sayı hər il olduğu kimi bu il də çoxdur. Forum zamanı cənab Prezident İlham Əliyevin qarşı tərəflərin istəyi ilə keçirdiyi görüşlər Azərbaycana, onun Liderinə olan böyük etimadın göstəricisidir. Dövlətimiz bu etimadı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində qazanıb.
Şəmsiyyə Əliqızı, “İki sahil”