22 yanvar 2025 14:55
232

Uşaqlarda nitqin inkişafını ləngidən səbəblər - Mütəxəssis izah edir

Günümüzün aktual həyat problemləri içərisində ən geniş yayılanlardan biri uşaqlarda nitq inkişafının ləngiməsidir. Nitq təfəkkürün ən ali funksiyası olmaqla yanaşı, insan həyatında ən vacib və önəml ünsiyyət vasitəsidir. Analar uşaq doğulan gündən onun nə zaman dil açıb danışacağını səbrsizliklə gözləyirlər. Amma təəssüf ki bəzən anaların gözləntisi boşa çıxır, uşaqlarda nitqin inkişafı ləngiyir, valideynlər də haqlı olaraq narahat olmağa başlayırlar. Bəzən isə düşünürlər ki, yəqin uşaq vaxtı gələndə danışacaq, çünki ya ata, ya ailədə kimsə gec danışıb.

Müəyyən yaşa çatdıqda isı öz uşağının digərlərindən nitqinin ləngiməsi ilə bağlı fərqləndiyini görən valideynlər bu sualın cavabını həkim və mütəxəssislərdə axtarmağa çalışırlar.

Övladım niyə danışmır?  Övladınızın nitqi yaşına  görə ləngiyirsə, bu, iki faktorla bağlıdır – biloji və sosioloji. Bioloji faktor dedikdə həm hamiləlik zamanı ananın keçirdiyi müxtəlif xəstəlikləri, zərərli amillərin təsirini, həmçinin doğuş tramvalarını və doğuşdan sonra uşağın ilk aylarda keçirdiyi xəstəlikləri göstərmək olar.

Digər bioloji amillər uşağın keçirdiyi baş-beyin zədələnmələri, nevroloji, psixi, somatik və s. səbəblərlə bağlı ola bilər. Valideynlər bilməlidirlər ki, belə patoloji hallar uşaqlarda nəinki nitqin ləngiməsinə, hətta intellektin pozulamsına gətirib çıxarır.

Digər faktor isə sosioloji xarakterlidir. Ailədə çoxdillilik, pedaqoji baxımsızlıq, valideynlər arasında düzgün olmayann münasibətlər uşağın psixi və əqli inkişafına mənfi təsir göstərir.

Çoxdilli ailələr hələ uşağın nitqi formalaşmamış ona 2 və ya 3 dildə müraciət edirlər ki, nəticədə də nitqin formalaşması, uşağın anlama, qavrama bacarıqları ləngiyir.

Nitqin inkişafına təsir edən geniş yayılmış səbəblərdən biri də pedaqoji baxımsızlıqdır. İlkin yaşlarda uşaqla az ünsiyyətdə olmaq, onu oyuncaqlarla tək qoymaq, yaxud balacanın uzun müddət cizgi filmi izləməsinə (xüsusilə smart yeni nəsil telefonlarda) imkan vermək, bir sözlə ona lazım olan diqqətin göstərilməməsi uşağın ümumi, yəni fiziki, psixi və əqli inkişafının ləngiməsinə səbəb olur.

Ailədə düzgün olmayan davranışlar, valideynlər arasında əks mövqelik, uşağın mənfi davranış və hərəkətlərinin qarşısının alınmaması da inkişafın ləngiməsi ilə nəticələnə bilər. Buna görə də hər bir valideyn övladının hansı mühitdə və necə inkişaf etdiyinə, böyüdüyünə diqqət yetirməli, övladı ilə daha çox vaxt keçirməlidir.

Əgər siz uşaqlarınızın sərrast nitqinin, əqli və məntiqi təfəkkürünün yaşına uyğun inkişafını istəyirsinizsə, ona ana bətnindən başlayaraqdoğru yanaşmalı, onun kiçik dünyasına rəng qatan böyük kəşflərə zaman ayırmalısınız.

Beş yaşa qədərki inkişaf prosesi uşağın gələcək həyatının təməlidir. Övladınızın ilk yaşlardan şəxsiyyət kimi formalaşması sizin onu necə dəyərləndirmənizlə bağlıdır. Sevgi və diqqətinizi doğru istiqamətə paylayın.          

Aytəkin Xankişiyeva,

Defektoloq-loqoped