27 sentyabr 2017 14:53
2456

Azərbaycanda bütün fundamental azadlıqlar tam şəkildə təmin edilir

Dövlətimizin başçısı İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında Azərbaycanın müasir, sabit və demokratik ölkə kimi beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasını əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı

Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, Azərbaycanda iqtisadi və siyasi islahatların bir-birini tamamlaması uğurların davamlılığını təmin edir, gələcəyə böyük inamla baxmağa stimul verir. Dövlətimizin başçısı İlham Əliyev demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqəti yönəldərək bildirir ki, onların əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir, dünyada inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun.  Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan.

BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında da cənab İlham Əliyevin əsas diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanın demokratik ölkə kimi yeri və rolunu möhkəmləndirməsi oldu: “2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv  seçildi. 155 ölkə Azərbaycana səs verdi. Üzv dövlətlərin tam əksəriyyəti  Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdilər. Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət oldu. Azərbaycan müasir, sabit və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətimizin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir.”

Azərbaycan dünya təcrübəsinə istinadən təkmil islahatları ilə davamlı inkişafını, eyni zamanda yenilikçi, islahatçı ölkə imicini möhkəmləndirir. Konstitusiyamızda əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına yönəlib. “Dövlətin ali məqsədi” maddəsində qeyd olunur ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda layiqli həyat səviyyəsinin təmin edilməsidir. Təkmilləşməni, yeniləşməni Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə  də təsdiqləyən ölkəmizin əsas hədəflərindən biri hər sahədə nümunəvi olmasıdır. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə üç dəfə keçirilən ümumxalq səsverməsi beynəlxalq birlik tərəfindən Azərbaycanın demokratik inkişaf yolunda davamlı addımları kimi dəyərləndirildi. Son, yəni ötən ilin sentyabrında ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin bir hissəsi insan hüquq və azadlıqlarının qorunmasına, bir hissəsi isə idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. Vitse-prezidentlik institutunun yaradılması böyük rəğbətlə qarşılanan addımlar sırasındadır. Məqsəd təbii ki, ölkənin hərtərəfli inkişafına dəstək olmaq, davamlı inkişafı daha da sürətləndirməkdir. 

Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda strateji yol xəritələri ölkəmizin demokratik inkişafı ilə bağlı hədəflərin reallaşdırılmasının fundamental  mexanizmi kimi dəyərləndirilir. Konsepsiyanın hazırlanması zamanı dünya təcrübəsinin  araşdırılması, bu işə xarici mütəxəssislərin cəlb olunması, dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılması bir daha bu reallığı təsdiqlədi  ki, Azərbaycan dövləti  islahatları dövrün tələbinə uyğun yenişləşdirməklə yanaşı, qabaqcıl ölkələrin təcrübəsindən bəhrələnməkdə maraqlıdır və bunu əməli işdə sübut edir. 

Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini əsaslı şəkildə dünyaya nümayiş etdirmişdir. Beynəlxalq təşkilatlara üzvlük eyni zamanda həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması  üçün  tribunadır. AŞPA-nın hər  sessiyasında Azərbaycanda həyata keçirilən demokratik islahatların yüksək dəyərləndirilməsi də bu təbliğatın real faktlara əsaslanmasından irəli gəlir. Qurumun Azərbaycan üzrə həmməruzəçiləri mütəmadi olaraq ölkəmizdə olur, aparılan islahatlarla yaxından tanış olaraq, hazırladıqları hesabatlarında reallıqların əksini tapmasına çalışır. Amma bir məqamı da etiraf edək ki, qurumun özündə birləşdirdiyi  47 ölkənin hər birinin   Azərbaycana münasibəti eyni ola bilməz. Bu fakt inkaredilməzdir ki, ölkəmizin sürətli demokratik, iqtisadi inkişafını qısqanclıqla qarşılayan xarici  qüvvələr var. Onlar hər vəchlə inkişafa  kölgə salmaq üçün qeyri-ciddi fikirlər səsləndirir, ətrafında geniş müzakirələr aparırlar.  Avropa Şurası Parlament Assambleyasının sessiyalarında tez-tez gündəmə gətirilən “siyasi məhbus” məsələsi də bu məqsədə xidmət edir. Lakin qurumun rəhbərliyi bununla bağlı qəti fikrini səsləndirib - Azərbaycanla Avropa Şurası arasında “siyasi məhbus” məsələsi ilə bağlı heç bir problem yoxdur. Bu məsələ çoxdan qapanıb.  2013-cü ilin  yanvarında qurumun qış sessiyasında “siyasi məhbus”larla bağlı  hesabatın gündəmə gətirilməsi də həmin qüvvələrin çirkin niyyətlərinə işıq saldı. Amma ölkəmizin xeyrinə atılan addım bir daha yalanın, qərəzin  həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü ortaya qoydu. Dövlətimizin  başçısı İlham Əliyev çıxışlarında Azərbaycana qarşı qərəzli kampaniyanın aparılmasından bəhs edərkən bu məqamı xüsusi qeyd edir:  “2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında da əlamətdar hadisə baş vermişdir.  Yanvar ayında sessiyada Azərbaycana qarşı  əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada  böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus etmişdir və Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanmışdır.”

Reallığı inkar etmək qeyri-mümkündür.  Ölkəmizdəki   sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması  ilə xarakterizə edilən iqtisadi tərəqqi Azərbaycanda demokratik təsisatların  inkişafı üçün etibarlı zəmin yaradır. Ölkəmizdə ən mütərəqqi prinsiplərə, beynəlxalq təcrübəyə, demokratiyanın tələblərinə əsaslanan institut yaranıb. Seçki sistemi təkmilləşdirilir. Məlumdur ki,  2003-cü ilin mayında  Seçki Məcəlləsi  Azərbaycan hökuməti ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Venesiya Komissiyasının birgə rəyi əsasında qəbul olunub.  Sonrakı dövrlərdə də dövlətimiz beynəlxalq əməkdaşlıq sayəsində bu sənədə əlavə və dəyişikliklər edərək, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu sübut edib.  Eyni zamanda,  Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlıq  nəticəsində “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilib, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunub.

Etiraf edək ki, bu uğurlarımız daxili və xarici antiazərbaycan qüvvələr tərəfindən həzm olunmur. Dünyanın ikili siyasəti ölkəmizə qarşı münasibətdə  bu sahədə də qabarıq şəkildə özünü büruzə verir.  Azərbaycanın dünyanın ən mötəbər qurumu   BMT Təhlükəsizlik  Şurasına     qeyri-daimi üzv seçilməsini çıxışlarında daim  önə çəkən ölkə Prezidenti  bildirir: “Qoy  bizi ittiham etməyə çalışan  ölkələr  155 ölkənin dəstəyi ilə  seçilsinlər, görək necə seçilirlər. Bax budur reallıq. Ona görə, əlbəttə ki,  Azərbaycan xalqını bu ədalətsizlik, ikili standartlar siyasəti, riyakarlıq və siyasi mədəniyyətsizlik üzür. Ancaq bu bizim  iradəmizə heç vaxt  təsir edə bilməz,” Azərbaycanın “Freedom House”, “Amnesty İnternational” kimi təşkilatların hesabatlarında demokratik inkişafın zəif olduğu ölkə, işğalçı Ermənistana isə böyük sevgi nümayiş etdirilərək, “azad ölkə”  kimi təqdim edilməsi ədalət meyarının hansı səviyyədə qorunduğuna işıq salır. Bu gün başqalarına  “demokratiya dərsi” keçməyə çalışan dövlətlər, onları təmsil edən təşkilatlar özlərində cərəyan edən proseslərə diqqət yetirsələr demokratiya anlayışının mahiyyətindən xəbərsiz olduqlarını dərk edərlər. Sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən dövlət kimi tanınan Azərbaycanı demokratik inkişaf baxımından  geridə qalmış ölkələr sırasında qeyd etmək qərəz olmaqla yanaşı, demokratik dəyərlərə hörmətsizlik, ədalət meyarının maraqlara uyğun tətbiq edilməsidir. Qərb  “demokratiyaya dəstək” adı altında göstərdiyi səylərin,  cızdığı  ssenarilərin sonda hansı  uğursuzluqlara, faciələrə yol açdığının fərqində olsa, düşünürük ki,   hər bir ölkəyə vahid meyarlarla yanaşmaq yolunu tutar. Beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, bu prinsiplərin bütün dövlətlərə eyni şəkildə tətbiq olunmaması dünyanın ikili siyasətinin son həddə çatmasından xəbər verir. Dövlətimizin başçısı İlham Əliyev BMT tribunasından ikili yanaşmanın yol açdığı problemləri önə çəkərək,  beynəlxalq hüquq normalarına riayət etmək üçün vahid icra mexanizminin yaradılmasını bəyan etdi.

Yeganə Əliyeva, “İki sahil”