28 sentyabr 2017 14:40
904

Azərbaycan beynəlxalq reytinqdə daha iki pillə irəlilədi

Ölkəmizin Dünya İqtisadi Forumunun “Rəqabətlilik Hesabatı”nda irəliləməsi ölkə Prezidenti İlham Əliyevin islahatlar siyasətinə verilən yüksək qiymətdir

Davamlı inkişafı şərtləndirən əsas amillərdən biri təbii ki, uğurlu islahatlardır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində  ən islahatçı ölkə kimi tanınması və nüfuz qazanması zamanın tələblərinə uyğun olaraq təkmilləşmə, yeniləşmə aparması, ən əsası tədbirləri kompleks həyata keçirməsidir.  Nazirlər Kabinetinin iclaslarını hesabat kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyevin  keçirilən müşavirələrdə ilin dövrlərinə uyğun görülən işləri əsaslı şəkildə diqqətə çatdırması və bu fonda perspektivləri açıqlaması bu reallığı ortaya qoyur ki, dayanıqlı inkişaf dövlət siyasətinin əsas tərkib hissəsidir.

Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” bir daha bugünkü uğurlarımıza işıq salır. Belə ki, hesabatda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, dünyanın ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.

“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer). Beləliklə, Azərbaycan ən böyük irəliləyişi biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə etmişdir - 20 pillə. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyiş əldə edilib.

İnfrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə görə İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqibləri üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir.

Yalnız iki indikator - makroiqtisadi mühit və texnoloji hazırlıq üzrə geriləmə olub. Xarici şokların təsirinə baxmayaraq “makroiqtisadi mühit” kateqoriyası altında “hökumətin büdcə balansı” göstəricisinə görə Azərbaycan 140 ölkə arasında 37-ci olub. Bu kateqoriyada “hökumətin borcu” göstəricisinə görə də Azərbaycanın mövqeləri güclüdür: 43-cü yer. Makroiqtisadi mühit kateqoriyasında Azərbaycanın geriləyən göstəricilərindən biri inflyasiya səviyyəsi olub.

Bazarın həcmi indikatoruna görə isə hesabatdakı mövqeyimizdə dəyişiklik baş verməyib.

“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda struktur problemləri əsas qlobal çağırış olaraq qiymətləndirilsə də, Azərbaycan institutlar üzrə göstəriciyə görə dünyada 33-cü pillədədir. Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə əksinə, mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honq Konq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda dünyada əsas narahatedici trendlərdən biri kimi “dağıdıcı bərabərsizlik” qeyd edilsə də, Azərbaycan Cini əmsalının aşağı olmasına görə sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.

Hər bir inkişafın əsasında iqtisadi tərəqqinin dayandığını nəzərə alsaq, 26 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın hər sahədə təcrübəsinin nümunə göstərilməsi səbəbsiz deyil. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları davamlılığı ilə diqqət çəkir. Son 14 ildə ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən iqtisadi tərəqqinin qeyri-neft sektorunun hesabına olmasını vacib amil kimi önə çəkdi. Məhz bu  hədəfə uyğun olaraq regional inkişaf proqramlarının icrasına başlanıldı. Bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirdi. Qeyd olunan dövr ərzində bir milyon 600 min yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin 70 faizdən çoxu regionların payına düşür. İşsizlik 5 faiz səviyyəsindədir. Dövlətimizin başçısı İlham Əliyevin təkcə son bir-iki ayda bölgələrə səfərlərinə diqqət yetirsək, xeyli sayda  sosial obyektlərin istifadəyə verildiyini və təməlinin qoyulduğunu görərik. İnfrastruktur layihələrinin uğurlu icrası qeyri-neft sektorunun inkişafına öz müsbət təsirini göstərir.

Təbii ki, bu uğurlarımız fonunda Azərbaycana beynəlxalq baxış da yüksək olacaq. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsi də təkmil sosial-iqtisadi islahatlara əsaslanır. Azərbaycanın  mövqeyinin dünyanın ən mötəbər reytinqində irəliləməsi sözsüz ki,  Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Xüsusilə vurğulanmalıdır ki, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan  Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamından sonra bu sahədə ölkədə kompleks işlər davam etdirilib. Sahibkarlığın inkişafı prioritetdir. Bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyev biznes mühitinin yaxşılaşdırılmasını qarşıya əsas vəzifə kimi qoyur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq Azərbaycanı qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında görmək istəyiriksə, hər sahədə uğurlu nəticələrin əldə olunması, təkmil islahatların həyata keçirilməsi mütləqdir. Ən əsası bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi kiçik və orta sahibkarlığın inkişafı əsasdır. Bu gün böyük inamla qeyd edə bilərik ki, Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Ailə biznesinə asan dəstəyin həyata keçirilməsi də bu hədəfə çatmaq istəyimizdən irəli gəlir. Prezident İlham Əliyevin 6 dekabr 2016-cı ildə təsdiqlədiyi Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də onu göstərir ki, sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir. Strateji yol xəritələri müxtəlif istiqamətləri əhatə etsə də, ümumi hədəf davamlı inkişafı təmin etməkdir. Beynəlxalq maliyyə qurumlarının hesabatları inkişafın Azərbaycan modelinə bir baxış olmaqla, bir daha bu reallığı ortaya qoyur ki, düzgün idarəçilik ölkənin inkişafında ən vacib amildir. Azərbaycan inkişaf yolunda inamla irəliləyərək, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyimizi reallığa çevirir.

Yeganə Əliyeva, “İki sahil”