11 yanvar 2025 11:57
85

Türkiyədə PKK/KCK əməliyyatlarında 147 şübhəli saxlanılıb

Türkiyənin 41 vilayətində PKK/KCK terror təşkilatına qarşı son 10 gündür davam edən “Gürz-37” əməliyyatlarında 147 terror şübhəlisi saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

O, sosial media hesabından bildirib ki, əməliyyatlar Prokurorluq və Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin koordinasiyasında İstanbul, Ankara və İzmir daxil olmaqla 41 vilayətdə aparılıb.

Əməliyyat çərçivəsində saxlanılan 147 şübhəlidən 30 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 17 nəfər barəsində məhkəmə istintaqı başlanılıb, digərləri ilə bağlı isə proses davam etdirilir.

Nazir bildirib ki, əməliyyatlarda tutulan şübhəlilərin təşkilat daxilində fəaliyyət göstərdikləri, sosial media hesabları vasitəsilə terror təşkilatı təbliğatı apardıqları, təşkilatın gənclər strukturu daxilində fəaliyyət göstərdikləri və təşkilata maliyyə təmin etdikləri müəyyən edilib.

Əməliyyatlar nəticəsində çoxlu sayda təşkilati sənəd və rəqəmsal materialın ələ keçirildiyini bildirən Yerlikaya, əməliyyatı həyata keçirən Respublika Baş Prokurorluğunu və jandarma qruplarını təbrik edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”