11 yanvar 2025 14:02
81

Qrenlandiya baş naziri Trampla görüşmək istəyir

Qrenlandiyanın baş naziri Mute Egede ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ilə görüşməyə hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Egede çıxışında eyni zamanda Qrenlandiyanın arzularından söz açaraq, müstəqil olmaq istədiklərini dilə gətirib.

“Bizim müstəqillik və öz evimizin sahibi olmaq arzumuz var. Buna hər kəs ehtiram göstərməlidir. Amma bu o demək deyil ki biz, Danimarka ilə bütün bağları, bütün əməkdaşlıqları və bütün münasibətləri kəsəcəyik”, -deyə o bildirib.

Kopenhagendə keçirilən mətbuat konfransında ona Trampın onunla əlaqə qurub-qurmadığı sualına: “Xeyr, amma biz danışıqlara hazırıq”, - deyə cavab verib.

Qeyd edə ki, yanvarın 20-də Birləşmiş Ştatlarda növbəti prezidentlik müddəti başlayan Tramp Danimarkanın nəzarətindən olan yarım-muxtar Qrenlandiyanın ABŞ tərkibinə daxil edilməsinin “mütləq zərurət” olduğunu dilə gətirmişdi.

Xatırladaq ki, Qrenlandiyada ümumilikdə 57 min nəfərə yaxın insan yaşayır və ada 1953-cü ilə qədər Danimarka krallığının müstəmləkəsi olub. Hal-hazırda isə yarım-muxtar Danimarka bölgəsi sayılır. Qrenlandiya 2009-cu ildə referendum yolu ilə müqəddəratını həll etmək hüququ qazanıb.