30 dekabr 2024 12:20
161

Rusiya Azərbaycana, qəza qurbanlarının ailələrinə təzminat ödəməlidir - POLİTOLOQ

Cənab Prezidentin Azərbaycan televiziyasına verdiyi müsahibə bütün obyektiv reallığı və bizi narahat edən məsələləri ən yüksək səviyyədə ifadə etmiş olur. Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər var, Rusiya prezidenti aylar əvvəl Bakıya səfər edib, Azərbaycanın bölgə üçün əhəmiyyətini vurğulayarkən baş vermiş bir hadisə ətrafında Azərbaycanı narahat salacaq addımlar atırlar və bu gün təyyarə qəzasında həlak olan insanlar var. Eyni zamanda, biz bilirik ki, burada təkcə Azərbaycan vətəndaşları yox, Rusiyanın öz vətəndaşları - Qazaxıstan, Qırğızıstan, Tacikistan vətəndaşları həlak olub. Belə olan təqdirdə Rusiyanın ictimai-siyasi rəyi, mediası 2-3 gündür hadisəni manipulyasiya etməyə çalışırlar.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi.

Eskpert qeyd etdi ki,  təyyarə qəzası ilə bağlı çox ciddi şübhəli məqamlar var. Bu şübhəli məqamları ictimaiyyət də səsləndirir və cənab Prezident təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin dəfn mərasimindən sonra müsahibəsində bu sualları bir daha yüksək tribunadan səsləndirdi. Həqiqətən də Rusiyanın üç gün ərzində təyyarə qəzası ilə bağlı məsələni manipulyasiya etməsi və bunun ətrafında müxtəlif spekulyasiyalar yaratmağa çalışması acı təəssüf doğurur. İndi Rusiya rəhbərliyi Azərbaycandan üzr istəyib, amma istintaq obyektiv aparılmalıdır və istintaqın nəticələri barədə obyektiv rəy verilməlidir. Azərbaycana təzminat ödəməlidir. Həmçinin bu qəzada açı ağrılar yaşayan ailələrə Rusiya tərəfindən təzminatlar ödənilməlidir və bütün bunlar olmayacağı təqdirdə iki ölkə arasındakı yaxşı münasibətlərin ruhuna zidd bir situasiyanın formalaşma ehtimalları ortaya çıxar bilər.

Səbinə Kazımova, “İki sahil”