30 dekabr 2024 20:30
510

Yeni siyasi reallıq fonunda hərbi və diplomatik gücü artan Azərbaycan

Beynəlxalq hüquqa əsaslanan yeni regional siyasi reallıq

2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal xarakterli antiterror tədbirlər nəticəsində regionda beynəlxalq hüquqa əsaslnan yeni siyasi reallıqlar yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində şanlı ordumuz torpaqlarımızın qanunsuz hərbi işğalına son qoydu və bununla Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) ən ali vəzifəsi sayılan, beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi. Azərbaycan BMT üzvü ölkələr arasında azsaylı dövlətlərdən sayılır ki, beynəlxalq hüququnun hamılıqla tanınan, amma uzun illər pozulmuş prinsiplərini də öz resursları hesabına təmin etdi.

Zəfərdən qısa müddət sonra, 198 dövlətin dəstəyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cü sessiyasının– COP 29 Bakıda keçirilməsinə nail olmaq yaranmış siyasi və hüquqi reallıqların beynəlxalq birlik tərəfindən qəbulu və Azərbaycan Prezidentinin düşünülmüş xarici siyasət kursunun uğurlu nəticəsidir.

Cənab Prezidentin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi kimi qəbul edilir. Prezidenti İlham Əliyev 7-ci çağırış Milli Məclisin açılış iclasında etdiyi çıxışında vurğuladı ki, “Tarixi Zəfərimizdən sonra xarici siyasətimizdə daha sərbəstik. Müstəqil, prinsipial xarici siyasət əsas istiqamətimizdir.” Bu gün Azərbaycanın 20-dən çox dövlətlə strateji tərəfdaşlıq münasibətləri var.

2025-ci ildə də Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində uğurlu fəaliyyətinin təmini, o cümlədən beynəlxalq tədbirlərin təşkili məqsədi ilə  dövlət büdcəsində 754,2 milyon manat məbləğində vəsait ayırlması nəzərdə tutulmuşdur. Bu vəsaitin 238 milyon manatı beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili üçün planlaşdırılır. Bu da ötən illə müqayisədə 17.6%, manatla ifadədə 37.1 milyon manatlıq bir artım nümayiş etdirir.

Prinsipial və fəal xarici siyasət

Vətən müharibəsindən sonra beynəlxalq mövqelərini daha da möhkəmləndirən Azərbaycan hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirməklə yeni tərəfdaşlar qazanır, həmçinin hərbi-sənaye kompleksini müasirləşdirir və bir ilk olaraq yerli özəl sektoru da bu sahəyə cəlb edir.

Suverenliyimizin tam bərpasından sonra aparılan fəal xarici siyasət sayəsində ölkəmizə dost dövlətlərin sayı bütün qitələrdə artır, Vaxtilə mövcud olmadığımız bölgələrlə indi ciddi təmaslar qurulur. Bunun üçün əsas meyarlar prinsipial olaraq dəyişməz qalır: Azərbaycan dövlətinin suverenliyinin tam bərpasına olan münasibət və iki və çoxtərəfli formatda bir-birinin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafı. Ənənəvi dost dövlətlərlə isə əlaqələr daha da gücləndirlir, münasibətlərdə yeni şəbəkələşmə vasitəsi ilə mövqeyimiz qlobal və regional miqyasda daha da möhkəmləndirilir.

Buna ən aktual misal, 2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycan Ümumi Daxili Məhsulu 4 trilyon dollardan və əhalisi 1,2 milyard nəfərdən çox olan ölkələri birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsidir. Azərbaycanın namizədliyinə qardaş və müttəfiq Türkiyə və strateji tərəfdaş Pakistanla yanaşı, dost ölkələr Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən də dəstək göstərilməsi bu ölkələrlə etibarlı əməkdaşlıq münasubətlərimizə verilən dəyərdir.

Türkiyənin təşəbbüsü ilə 1997-ci il İstanbul Bəyannaməsi ilə təsis edilmiş D-8 təşkilatı fəaliyyət göstərdiyi 30 ərzində ilk dəfə idi ki, təşkilatın sıralarına yeni üzvün qəbulu ilə bağlı qərar verdi. Bu qərarın beynəlxalq arenada nüfuzu artmaqda olan və davaml iqtisadi inkişafa malik dövlətimizə münasibətdə verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasət kursunun növbəti uğurudur. D-8 təşkilatına üzvlük Azərbaycanın qlobal və regional miqyasda daha geniş təsir imkanları əldə etməsi üçün platforma rolunu oynayacaq və paralel olaraq D-8 təşkilatının gücünün ölkəmizin resursları hesabına artmasına töhfə verəcəkdir.

D-8 təşkilatının əsaslandığı fəaliyyət prinsipləri “münaqişə əvəzinə sülh, qarşıdurma əvəzinə dialoq, istismar əvəzinə əməkdaşlıq, ikili standartlar əvəzinə ədalət, ayrı-seçkilik əvəzinə bərabər hüquqluluq, zülm əvəzinə demokratiya” Azərbaycanın da dövlət siyasətinin prinsipləri ilə uyğunluq təşkil edir. Təşkilatın bu prinsiplər üzərində qurulan müxtəlif sahələr üzrə yeni hədəfləri "2020-2030-cu illər yol xəritəsi” sənədində təsbit olunub.

İslam Əməkdaşlıq Təşkilatının nüfuzlu üzvlərindən olan Azərbaycan digər D-8 üzv dövlətlərlə birlikdə İslam həmrəyliyinin daha gücləndirilməsi üçün öz səylərini artıracaqdır. Üç qitədə yerləşən İslam Səkkizliyi (D-8) təşkilatı üzv dövlətlərinin əhalisi dünya əhalisinin 13 faizini təşkil edir və bunun da 60 faizi müsəlmanlardır. Hələ 2013-cü il oktyabrın 28-də dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində təşəbbüsü ilə BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas keçirildi. Digər bir faktı da vurğualamq yerinə düşər, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmuş ölkəmizdə mədəniyyət paytaxtımız Şuşa şəhəri 2024-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçilmişdir.

Dövlətimizin xarici siyasət kursunda digər mühüm bir istiqamət türk dövlətləri ilə münasibətlətin dərinləşdirilməsidir. Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın dərinləşməsinə töhfə verir.

Qərbin region siyasətində Ermənistandan alət kimi sui-istifadə cəhdləri

Prezident İlham Əliyevin 7-ci çağırış Milli Məclisin açılış iclasındakı nitqində qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsnin yaratdığı siyasi və hüquqi nəticələri qəbul etmək istməyən qüvvələr var, və yaxud sözdə qəbul edib əməldə əks fəaliyyət göstərən beynəlxalq aktorlar var. Həmin dairələr bu regionda Azərbaycanın artan təsirini və müstəqil siyasətini narahatlıqla qarşılayırlar. Bu qüvvələr konstruktiv dialoqu təşviq etmək əvəzinə, gərginliyi gücləndirmək və əldə edilmiş nəticələri sarsıtmaq riski daşıyan fəaliyyətlər həyata keçirirlər. Qərbin bir sıra dairələri həm iqtisadi, həm də siyasi təzyiq alətlərindən istifadə edərək, region və onun sərhədlərindən kənardakı resurslara və geostrateji dəhlizlərə nəzarət etməyi planlaşdırırlar.

Qərbin bir sıra dairələri regionda davamlı gərginlik yaradaraq Cənubi Qafqazın hər üç dövlətinə nəzarəti əldə saxlamaq və beləliklə Qafqaz regionunda öz geosiyasi mövqelərini gücləndirmək niyyəti güdürlər. Bu qüvvələr öz bədnam niyyətlərinə nail olmaq üçün Ermənistandan alət kimi istifadə edirlər, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini canlandırmağa çalışırlar. Ermənistandan alət kimi sui-istifadə işğal dövründə bir formada, post münaqişə dövründə isə modifikasiya olunmuş digər formada həyata keçirilir.

Artıq bəzi Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Şərti dövlət sərhədində yerləşdirilən Avropa İttifaqı müşahidə missiyasının tərkibi 200 nəfərə çatdırılaraq və tərkibi genişləndirilərək faktiki olaraq NATO missiyasına çevrilib. 2-3 ay ərzində fəaliyyətinə razılıq verilən missiyanın 2 ildən çox nə işlə məşğul olması Azərbaycan tərəfində haqqlı sual və narazılıq yaradır. 2025-ci ilin birinci yarısında Avropa İttifaqına sədrlik edəcək Polşanın dövlət başçısı Dudanın şərti dövlət səfərinə noyabr ayında etdiyi provokativ səfəri də bu missiyanın uzadılması planının tərkib hissəsidir.

Ermənistan silahlanır, həm də kənar qüvvələr tərəfindən silahlandırılır. İkinci Qarabağ Müharibəsi bitdikdən sonra Ermənistan hökuməti hər il hərbi büdcəni artırmaqda davam edib. Kapitulyasiyadan sonrakı ildə Ermənistanın hərbi büdcəsi 600 milyon ABŞ dolları olmuşdursa, yalnız 2024-2025-ci fiskal ilində Ermənistanın Hindistandan alacağı silahların dəyəri 600 milyon ABŞ dollarına bərabərdir. Lokal xarakterli antiterror tədbirlərin keçirildiyi 2023-cü ildə Ermənistan 2021-ci illə müqayisədə 100%dən çox artım edərək hərbi büdcəsini 1.28 milyard dollara çatdırdı. Cari ildə Ermənistanın hərbi xərcləri 1.37 milyard dolları keçbib. Post sovet məkanında Ümumi Daxili Məhsulda hərbi xərclərin ən yüksək göstəricisi olan ölkə də 4.2 % olmaqla məhz Ermənistandır.

Fransanın regional geosiyasi maraqlarına xidmət edən Ermənistanın silahlandırılması Cənubi Qafqazın təhlükəsizlik mühitinə ciddi mənfi təsir göstərir. Son bir il ərzində Fransa və Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı üç saziş imzalanmışdır. Fransa xarici işləri naziri və Aİ-nin ali səviyyəli rəsmisinin də etiraf etdikləri kimi, “Təhlükəsizlik Aİ-Ermənistanla ikitərəfli münasibətlərimizin getdikcə daha vacib elementinə çevrilir.” Dayanıqlı inkişafa töhfə adı ilə Avropa Sülh Fondu Ermənistanın müdafiə qabiliyyətinin artırlmasına cəlb edilir. Doğrudur, Aİ – nın Ermənistan üçün ayırdığı 10 milyon avro hərbi yardım o qədər də böyük olmasa da bu fakt Ermənistanın silahlandırılmasına birliyin “yaşıq işıq yandırması” kimi təhlükəli tendensiyadan xəbər verir.

Son vaxtlar Ermənistan – ABŞ hərbi əməkdaşlığı da dərinləşməkdədir. 2024-cü ilin iyun ayında, iki ölkənin hökumət nümayəndələri ABŞ-Ermənistan Strateji Dialoqunun Tərəflərin Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırılması üzərində işləyir. Planlanan Strateji Tərəfdaşlıq münasibətlərinin vacib istiqamətlərindən biri kimi də hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq qeyd olunub. 2023–cü ilin iyul ayında, Pentaqon nümayəndəsi Ermənistan Müdafiə Nazirliyinə təyin olunub. Həmçinin, iyulda Ermənistanda “Eagle Partner 2024” adlı birgə Ermənistan – ABŞ hərbi təlimləri keçirilib. ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAID Ermənistana yardımları faktiki ikidəfə artıraraq 250 milyon dollara çatdırıb.

Ermənistanın dövlət kimi xarici siyasət, hərbi və iqtisadi sahələrdə xaricdən xroniki asılılığı mövcuddur. Bu sahələrdə fəaliyyət göstərərkən prinsipiallıq, davamlılıq göstərə bilmir, iqtisadi resursları çatmır, siyasi iradə ortaya qoya bilmir. Bu da nəticədə Ermənistandan digər güclər tərəfindən alət kimi istifadə edilməsinə şərait yaradır.

Ermənistanın bu asılılıqdan qurtulmağa başlamaq üçün və regionda davamlı sülhün əldə edilməsi məqsədi ilə 1992-ci ilin martında təsis edilmiş və çoxdan funksiyasını itirmiş ATƏT-in Minsk Qrupunun ləğvi üçün addım atmalıdır. Bu məsələ ATƏT çərçivəsində onun qaydalarına görə konsensusla həll edildiyinə görə, formal olaraq bunu üçün Ermənistanın razılığı tələb olunur.

Şərti dövlət sərhədində yerləşdirilən və faktiki olaraq NATO missiyasına çevrilən missiya ləğv edilməlidir. Ermənistan Konstitutisiyasında Azərbaycana qarşı yer almış ərazi iddiasının ləğvi üçün müvafiq dəyişiklik edilməlidir.

Azərbaycan tərəfinın davamlı barışığın əldə edilməsi üçün təklif etdiyi məsələlədən biri də Azərbaycan Prezidentinin “Rossiya segodnya” beynəlxalq informasy agentliyinə müsahibəsində səsləndiridiyi müxtəlif hüquqi platformalarda qaldırılmış beynəlxalq məhkəmə iddialarından qarşlılqı olaraq əl çəkmək təklifidir. Azərbaycan və Ermənistan Beynəlxalq Əadalət Məhkəməsində İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı qarşılıqlı olaraq iddi qaldırmışdır. Azərbaycan Haaqada yerləşən Daimi Arbitraj məhkəməsində Ermənistana qarşı qaldırdığı iddialar var. Belə ki, Avropanın canlı təbiətinin qorunması haqqında 1979-cu il Bern Konvensiyası və 1994-cü il Enerji Xartiyası Müqaviləsi üzə ciddi beynəxalq hüquqi pozuntularına görə, Azərbaycan Ermənistana qarşı 2023-cü ildə dövlətlərarası arbitraj prosesi qaydasında iddia qaldırmışdır. Vaxtı ilə işğal altında olmuş ərazilərdə ətraf mühitin məhvinə, enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan imtina etməsinə və digər beynəlxalq öhdəlikləri pozmasına görə Ermənistandan Azərbaycana tam kompensasiya ödənilməsi və maliyyə təzminatının qarşılanması tələb edilir. Ermənistanın 30 illik işğal dövründə Azərbaycana vurduğu ziyan 150 milyard dollardan çox bir həcmdə qiymətləndirilir.

Ermənistanın barbar işğalının nəticələrindən biri də Azərbaycanın 12% ərazisinin 1.5 milyon mina və digər partlamamış hərbi sursatlarla çirkləndirilməsidir. Mina terroru nəticəsində 358 nəfər uşaq olmaqla 3400 nəfər ya həyatını itirib, ya da yaralanıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrində də yer almış, işğal edilmiş ərazilərdən güctətbiq edilərək qovulan və iztirablar yaşamım yüz minlərlə Azərbaycanlı həm də bu səbəbdən həmin torpaqlara bu gün də geri qayıda bilmir.

İdeoloji təhlükəsizliyin təmini

44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verməklə müsahibələri real mübarizə və diplomatik silah üsuluna çevirə bildi. Təcavüzlə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdıran və münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olan Azərbaycan Prezidenti informasiya müharibəsində də qalib gəldi.

Postmüharibə dövründə dövlətimizin və cəmiyyətimizin qarşısında duran vacib vəzifələr həmçinin ideoloji və informasiya təhlükəsizliyinin təmini ilə bağlıdır. Belə ki, Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları nəticəsində yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan qarşı ideoloji təxribatlar artmağa başlamışdır. Bu təxribatlar müxtəlif platformalar mətbuat, sosial-şəbəkələr, parlamentlər, qeyri-hökumət təşkilatları vasitəsi ilə həyata keçirilir. Beynəlxalq birliyin iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dair aktual məsələləri müzakirə etdiyi bir vaxtda, COP 29 keçirildiyi günlərdə, Aİ-nin kiçik üzv dövləti olan Luksemburqun Deputatlar Palatasından ölkəmizə qarşı növbəti dəfə platforma kimi sui-itifadə edildi. Noyabrın 20-də Azərbaycanı əsassız ittihamlarla hədəfə alan qətnamə qəbul edildi. Ölkəmizə qarşı şiddətli qarayaxma kampaniyasının aparıldığı, ədalətisiz və qeyri-obyekti münasibətin tüğyan etdiyi siyasi məkan isə Avropa Parlamentidir.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının cari ilin 21 dekabr tarixində yaydığı hesabatında bildirilir ki “böyük maliyyə vəsaitinə və siyasi gücə malik dövlətlər hədəflərində olan başqa bir dövlətə beynəlxalq insan hüquqları təşkilatları vasitəsilə müxtəlif mövzularda dayanmadan hücumlar edir, bəyanatlar verdirir, beynəlxalq nüfuzunu zədələməyə çalışır, sanksiya və başqa vasitələrlə təhdid edirlər.” Xüsusi ilə COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumatlar tirajlayıb. Belə ki, hesabatda ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumunun Azərbaycanla bağlı neqativ məlumat yaydığı qeyd edilmişdir.

Ölkəmiz əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı mübarizə kompleks yanaşma tələb edir. Hesab edirəm ki, qara yaxmalar ilk növbədə ölkənin imicinə, beynəlxalq mövqelərinə zərbə vurmağa hesablandığından qarayaxmalarla mübarizədə başlıca yol həm də ictimai diplomatiya və elm sahəsində fəaliyyətin genişləndirilməsidir.

Şanlı Zəfərimizdən sonra intensivləşən parlament diplomatiyasının rolu

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qalib dövlət kimi təmsilçiliyi çərçivəsində xarici siyasətin parlament ölçüsü sahəsində də postmüharibə dövrünün reallıqlarının təbliği aparılır. Dövlətimizin vahid xarici siyasət kursunun həyata keçirilməsinə həm ikitərəfli, həm də çoxətərəfli formatda aktiv parlament diplomatiyası vasitəsi ilə verilən töhfələri qeyd etmək istərdim. Vətən müharibəsindən sonrakı illərdə Milli Məclis 100-ə yaxın dövlətin və 40-dan çox beynəlxalq təşkilatın iştirakı ilə 30-dan artıq beynəlxalq tədbirə ev sahibliyi etmişdir. 80-dən çox ölkəyə isə iki və çoxtərəfli formatda görüşlər və danışıqlarda iştirak məqsədi ilə səfərlər həyata keçirilmişdir. Hazırda Milli Məclis Türk Dövlətlərinin Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə uğurla sədrlik edir. 2025-ci ildə də beynəlxalq müstəvidə və ikitərəfli formatda parlamentlərarası əlaqələrin inkişafı hədəglənən prioritetlər sırasındadır.

2025-ci il üçün perspektivlərə baxış

Şanlı Zəfərimiz nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyinin təsdiqi olaraq 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etdi.

Umummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında həlledici rol oynayır.

Azərbaycan Prezidentinin Avropa paytaxtlarından birinə səfəri çərçivəsində beynəlxalq mətbuata müraciətlə dediyi “Azərbaycan xalqı döyüş meydanında öz ərazi bütövlüyünü, suverenliyini və ləyaqətini bərpa etmişdir” fikri Qalib dövlətimizin hər bir vətəndaşını yeni çağırışları dəf etmək üçün bundan sonra da əzmkarlıq, vətənpərvərlik və peşəkarlıq göstərməyə səsləyir.

Dünya hərb tarixində yenilik hesab olunan və İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünyanın müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Bu sırada ABŞ Hərbi Akademiyasının da yer alması ordumuzun malik olduğu gücün beynəlxalq müstəvidə də təqdir və təsdiqidir.

Azərbaycan Liderinin qlobal və regional miqyasda sülhü və konstruktiv əməkdaşlığı özündə ehtiva edən beynəlxalq təşəbbüsləri də beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir və dövlətimizin mövqelərinin yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi kimi qəbul edilir.

Cəbhədə beynəlxalq humanitar hüquqa riayət edilməklə əldə edilənlərin qlobal diplomatik müstəvidə təsdiqinin davamı əsas fəaliyyət prioritetlərindəndir. Xarici siyasət müstəvisində nail olunması hədəflənən məsələlər sırasında ATƏT-in Minsk Qrupunun ləğvi öndə dayanır. Bunu həm obyektiv siyasi reallıq, həm də hüquqi məsələlər diktə edir. Minsk Qrupunun məşğulolduğu predmet 2023-cü ilin sentyabrından tamamlilə və bütövlükdə aradan qalxmışdır. Bu məsələnin hüquqi baxımından məntiqi sonluğa çatdırılması üçün Ermənistanın davamlı göstərəcəyi praqmatik yanaşma çox vacibdir.

Şərqlə Qərb arasında birləşdirici həlqə rolunu oynayan Azərbaycan 2025-ci ildə də qlobal əhəmiyyətli təşəbbüsləri və kritik məsələlərə sərgilədiyi obyektiv mövqe sayəsində öz beynəlxalq nüfuzunu dinamik şəkildə artırmaqda davam edəcəkdir. Bu kontekstdə Naxçıvanın blokadasına son qoyulması üçün Ermənistan ərazisindən dəhlizin açılışı regionda hazırki defakto sülhün davamlı sülhə çevrilməsinə çox ciddi töhfə verə bilər.

“Yaşılş enerji”nin Avropaya nəqli istiqamətində fəaliyyətlərin davamı həm tərəfdaşlarla münasibətlərin dərinləşməsinə, həm də enerji-iqtisadi müstəvidə yeni əməkdaşlıq sferasının formalaşmasına töfə verər.

Rizvan Nəbiyev,
siyasi elmlər doktoru,
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü