2024 – cü il Azərbaycanın tarixinə bir çox yadda qalan, uğurlu, qürurverici hadisələrlə yazılmışdır. Vətən müharibəsindəki Şanlı Zəfərimizdən sonra ilk dəfə olaraq, prezident və parlament seçkilərinin bütöv və suveren torparlarımızda keçirilməsi, COP 29 kimi möhtəbər tədbirə ev sahibliyi etməyimiz, mədəniyyət paytaxtımız Şuşada keçirilən bir çox beynəlxalq tədbirlər bu sıradandır. Əfsuslar olsun ki, 2024 – cü ilin sonları böyük kədər doğuran hadisə ilə hər birimizi sarsıtdı.
2024-cü il dekabrın 25-də Bakı-Qroznı (Rusiya Federasiyası) istiqamətində hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəinki Azərbaycanda, o cümlədən bütün dünyada böyük heyrətə səbəb oldu. Şübhəsiz ki, qəza nəticəsində həlak olan vətəndaşlar hamını dərindən sarsıtsa da, ekipaj üzvlərinin cəsarəti, işlərinin dəqiq və peşəkarlıq ilə yerinə yetirməsi bütün dünya üçün nümunədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2024 – cü il tarixli Sərəncamı ilə AZAL təyyarəsinin pilotları Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç , təyyarə bələdçisi Əliyeva Hökumə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adını almış, təyyarə bələdçiləri Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir. Onların böyük cəsarətinin, şücaətinin, işlərini şərəfli icrasının nəticəsidir ki, bu qədər böyük bir qəzada 29 nəfər sağ qalmışdır. Əminik ki, Azərbaycan xalqı öz qəhrəmanlarını heç bir zaman unutmayacaq, onların əziz xatirəsini hər zaman yad edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə faciə ilə bağlı maraq doğuran məqamları ətraflı şəkildə açıqlayaraq, hərtərəfli aydınlıq gətirdi.
Hadisə baş verdiyi zaman, cənab Prezident MDB Zirvə görüşündə iştirak etmək üçün Sankt – Peterburq şəhərinə gedərkən, xəbəri eşidən kimi dərhal Azərbaycana qayıtmış və hava limanında operativ müşavirə keçirmişdir. Cənab Prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradılmış və müvafiq qurumların nümayəndəli hadisə ilə bağlı ətraflı məlumatlar əldə etmək üçün Aktau şəhərinə ezam olunmuş, həkim qrupları yaralılara tibbi yardım göstərmək üçün dərhal fəaliyyətə başlamışdı. Həmçinin, Dövlət Komissiyası hadisənin tam şəkildə araşdırılması və cəmiyyətin məlumatlandırılması istiqamətində ciddi addımlar atmışdır.
Dövlət başçısı müsahibəsinə təyyarə qəzasının səbəbləri ilə bağlı məlumat verərək başladı. Hadisənin ilkin təhlilləri göstərdi ki, təyyarə Rusiya ərazisində radioelektron müdaxilə və yerdən açılan atəş nəticəsində zədələnmişdi. Təəssüflə qeyd olunmalıdır ki, Rusiya tərəfindən məsuliyyətin qəbul edilməməsi və müxtəlif əsassız versiyaların irəli sürülməsi vəziyyəti daha da gərginləşdirdi. Prezident İlham Əliyev dost ölkələr arasında etimadın qorunması üçün günahın qəbul edilməsi və üzr istənilməsinin vacibliyini vurğuladı.
Cənab Prezident Azərbaycanın bu məsələni beynəlxalq ekspertlərin iştirakı ilə obyektiv araşdırma tələb etdiyini də vurğuladı. Rusiya tərəfindən daha çox öz nümayəndələrindən ibarət olan Dövlətlərarası Aviasiya Komitəsinin bu araşdırmaya rəhbərlik etməsi təklif edilsə də, bu, bizim tərəfdən qəbul edilmədi. Azərbaycan hökuməti, məsələnin tam təfərrüatlarının üzə çıxması üçün “qara qutu”ların təhlilini və obyektiv beynəlxalq araşdırmanı dəstəklədi.
Rusiyanın hadisəni ört-basdır etmək cəhdləri və qeyri-adekvat açıqlamaları Azərbaycan ictimaiyyətində dərin narazılıq yaratdı. Hadisənin nəticələri açıq şəkildə göstərirdi ki, təyyarə xarici təsirlərə məruz qalmış və bu, qəzanın baş verməsinə səbəb olmuşdur. Prezident İlham Əliyev bu kimi davranışları ağılsızlıq və vicdansızlıq adlandıraraq beynəlxalq ictimaiyyətə obyektiv araşdırmanın vacibliyini bildirdi.
Cənab Prezident müsahibəsində təyyarənin qəza vəziyyətində eniş etməsinin pilotların və ekipaj üzvlərinin peşəkarlığı və qəhrəmanlığı sayəsində mümkün olduğunu söylədi. Onlar sərnişinləri xilas etmək üçün öz həyatlarını təhlükəyə ataraq maksimum səy göstərdilər.
Hadisə zamanı Qazaxıstan xilasediciləri və tibb personalı tərəfindən göstərilən yardım Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Dövlət başçısı Qazaxıstan hökuməti və vətəndaşlarının həmrəylik nümayişinin iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini vurğuladı.
Prezident İlham Əliyev , sərnişinlərimizin təhlükəsizliyini prioritet hesab edərək Rusiyanın yeddi şəhərinə uçuşların müddətsiz dayandırıldığından da bəhs etdi.
Azərbaycan tərəfi hadisə ilə bağlı Rusiyadan üzr istəməyi, günahkarların cəzalandırmasını və həm dövlətə, həm də zərərçəkənlərə təzminat ödənilməsini tələb etdi. Prezident İlham Əliyev bu şərtlərin ədalətli və beynəlxalq təcrübəyə uyğun olduğunu vurğuladı.
Azərbaycanın hadisəyə reaksiyası məsuliyyət, ədalət və milli maraqların qorunmasına yönəldilmişdir. Bu hadisə Azərbaycan üçün həm ciddi sınaq, həm də beynəlxalq münasibətlərdə prinsipial mövqeyini nümayiş etdirmək imkanı oldu. Biz, məsələnin şəffaflıq və ədalət prinsipləri əsasında sonadək araşdırılacağına inanırıq.
Prezident İlham Əliyevin qətiyyətli mövqeyi göstərdi ki, dövlətimiz hər bir vətəndaşının və milli maraqlarının müdafiəsində dayanır. Təyyarə qəzası ilə bağlı hadisələrin detallı araşdırılması, beynəlxalq ekspertiza və Azərbaycan tərəfinin tələb etdiyi tədbirlər bir daha sübut edir ki, həqiqət və ədalət hər zaman üstün gəlməlidir. Bu hadisə, eyni zamanda, xalqımızın həmrəyliyini və dost ölkələrin çətin anlarda göstərdiyi dəstəyi də bir daha üzə çıxardı. Azərbaycan rəhbərliyinin məsuliyyətli yanaşması, qətiyyətli tələbləri və humanitar dəyərlərə sadiqliyi dövlətimizin nüfuzunu daha da yüksəltdi. Əminik ki, bu çətin sınaqdan alınan dərslər, gələcəkdə analoji hadisələrin qarşısını almaqda mühüm rol oynayacaq.
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini