10 avqust 2017 23:25
939

Azərbaycan-Türkmənistan əməkdaşlığı qarşılıqlı maraqlara xidmət edir

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun  Azərbaycana səfəri ölkə rəhbərlərinin təkbətək və geniş tərkibdə görüşləri, aparılan müzakirələr, imzalanmış sənədlər və strateji tərəfdaşlıq haqqında Bəyannamə ilə yadda qaldı. Görüşlərdə bildirildi ki, bu gün iki ölkə arasında əməkdaşlığın strateji istiqamətlərini energetika və nəqliyyat təşkil edir. Azərbaycan  və Türkmənistan Xəzər regionunda yerləşməklə bərabər, həm də  böyük həcmdə enerji daşıyıcıları istehsalçılarıdırlar.

Qeyd etmək lazımdır ki, Türkmənistan Avropa bazarlarına neftin nəqlini   Azərbaycan üzərindən də həyata keçirir. Eyni zamanda, gələcəkdə bu istiqamətdə təbii qaz ixracının da həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələ hazırda Avropa İttifaqı ilə Türkmənistan arasında davam edən danışıqların da əsas mövzusudur.

Bununla yanaşı, Azərbaycan və Türkmənistan tranzit imkanlarının genişləndirilməsi baxımından Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsində də maraqlıdırlar. Bu barədə dövlətimizin başçısı  mətbuata bəyanatında danışıqların böyük bir  hissəsinin nəqliyyat məsələlərinə həsr edildiyini bildirib: “Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq.”

Qeyd etmək lazımdır ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından 25 il ötməsinə baxmayaraq uğurlu əməkdaşlığa keçid mərhələsi  2008-ci ilə təsadüf edib. Mətbuata bəyanatında bu məsələyə toxunan Prezident İlham Əliyev həmin tarixin dönüş nöqtəsi olduğunu, geniş əməkdaşlıq formatının yaradılmasına imkan verdiyini qeyd edib: “Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər etmişdir və ondan bir neçə ay sonra - 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük.”

Həqiqətən də bu gün Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı davam etdirirlər. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən təşəbbüslər qarşılıqlı şəkildə dəstəklənir ki, bu məqsədlə Azərbaycan BMT Baş Məclisinin 2015-ci ilin iyununda keçirilmiş plenar iclasında yekdilliklə qəbul olunmuş “Türkmənistanın daimi neytrallığı” adlı qətnaməyə həmmüəllif kimi qoşulub.

Q.Berdiməhəmmədovun Türkmənistana rəhbərlik etdiyi dövrə qədər isə bu ölkənin  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft yataqlarını mübahisələndirmək cəhdləri iki ölkə arasındakı münasibətləri gərginləşdirmək həddinə qədər çatdırmışdı. Bu məsələnin, eyni zamanda, Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlara da sirayət etməsi Türkmənistan tərəfinin mövqeyinə bir neçə dəfə dəyişikliklər etməsi ilə nəticələnib.

Bu mənada səfər çərçivəsində Prezident İlham Əliyevin adından Türkmənistanın Prezidenti Q.Berdiməhəmmədovun şərəfinə verilən rəsmi ziyafətdə  Xəzər dənizini təhlükəsizlik və əməkdaşlıq dənizi hesab etdiyini bildirən dövlətimizin başçısı Azərbaycanın Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini bəyan edib: “Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli formatda müzakirələri davam etdirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyin tərəfdarıdır.”

Q.Berdiməhəmmədov isə öz növbəsində bildirib ki, Türkmənistan ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli tərəfdaşlıq çərçivəsində davam edəcək: “Mən bir daha təkrar etmək istəyirəm ki, bu əməkdaşlıq beştərəfli əməkdaşlıqdır.”    

Ümumilikdə səfərin nəticələrinin təhlili onu deməyə imkan verir ki, hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır və regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə çalışırlar. Nəticə etibarilə aparılan danışıqlar və imzalanmış sənədlər tərəflərin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirir ki, bu da Azərbaycan-Türkmənistan əlaqələrinin ən yüksək səviyyədə olmasına işarədir.

Ceyhun Piriyev, “İki sahil”