Azərbaycanla Rusiya Federasiyasının əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumu iştirakçılarına göndərdikləri təbrik məktublarında hər iki ölkənin dostluq əlaqələrindən, strateji tərəfdaşlıq münasibətlərindən söz açılıb.
Prezidentlərin məktublarında bildirilib ki, bu Forum dövlət, hakimiyyət və biznes strukturlarını, vətəndaş cəmiyyəti institutlarını birləşdirir, Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərində mühüm rol oynayır, ikitərəfli əməkdaşlığa effektli yardım edir. Birgə fikir ifadə olunub ki, Forumda kənd təsərrüfatı, sənaye, əczaçılıq və digər sahələrdə əməkdaşlıq məsələləri, müzakirə edilən layihələr reallaşdırılacaq.
Qeyd etmək lazımdır ki, VIII Rusiya-Azərbaycan Forumu ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə davam etdiyini bir daha sübut etdi.
Azərbaycan və Rusiya İqtisadiyyat nazirlikləri tərəfindən təşkil olunan forumda nazir Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycandan 120 nəfərdən ibarət böyük nümayəndə heyəti iştirak edib. Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda “dəyirmi masa”lar, işgüzar əlaqələr birjası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı təbrik məktubunda qeyd olunur ki, iki ölkə məmurlarının, biznesmenlərinin və ekspertlərinin hər il keçirilən görüşləri artıq xoş bir ənənə halını alıb. Bu cür tədbirlər mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu meydana çevrilib. Əlamətdar haldır ki, əməkdaşlığın ticarət-iqtisadi əlaqələrdən humanitar münasibətlərədək prioritet istiqamətləri forum iştirakçılarının diqqət mərkəzindədir. Məktubunda forum çərçivəsində qarşılıqlı fəaliyyətin əsas cəhətlərinin nəzərdən keçirildiyini, müqavilələr və sazişlər bağlandığını, biznes-layihələr irəli sürüldüyünü və gələcək təşəbbüslər üçün əlverişli şərait yarandığını vurğulayan Prezident İlham Əliyev bütün bunların ölkələrimiz arasında konstruktiv dialoqun dərinləşməsinə töhfə, Azərbaycan-Rusiya əlaqələrinə impuls verəcəyini qeyd edib. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, budəfəki görüşdə yaranacaq yeni ideyalar və birgə layihələr də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsi istiqamətində mühüm bir addım olacaq.
Rusiya Prezidenti Vladimir Putin isə öz növbəsində tədbir iştirakçılarına müraciətində qeyd edib ki, forum Moskva ilə Bakı arasında strateji əməkdaşlığın inkişafında mühüm rol oynayır, ikitərəfli əməkdaşlıq potensialını səmərəli həyata keçirməyə kömək edir. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, açıq və konstruktiv diskussiyalar praktikada tətbiqini tapacaq.
Forumda hər iki tərəfi təmsil edən 400-dən çox nümayəndənin iştirak etdiyini diqqətə çatdıran Stavropol diyarının qubernatoru Vladimir Vladimirov bildirib ki, Stavropol ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ildə 130 milyon dollar təşkil edir. Qubernator Azərbaycan şirkətlərini diyarın kurort şəhərləri ilə fəal əməkdaşlığa çağırıb.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iki ölkə arasındakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək deyib: “Rusiyanın 8 regionu Azərbaycanla fəal əməkdaşlıq edir, burada 650 müştərək şirkət fəaliyyət göstərir. Biz Azərbaycanla bir çox sahələri, o cümlədən əczaçılıq və turizm sahələrində əməkdaşlığı inkişaf etdiririk. Birgə layihələrimizə 500 milyon dollar sərmayə yatırılıb. Bu layihələr üçüncü ölkələrdə də həyata keçirilir”.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ikitərəfli əməkdaşlıq münasibətlərinin dinamikasından danışarkən diqqətə çatdırıb ki, iki ölkə arasında iqtisadi sahədə 200-dən çox müqavilə imzalanıb. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən 70 şirkəti ölkəmizə 3 milyard dollar sərmayə yatırıb. Eyni zamanda, Azərbaycan şirkətləri Rusiya iqtisadiyyatına 1 milyard dollar investisiya qoyublar.
Forumun sonunda Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb. İştirakçılarda bir daha əminlik yaranıb ki, forum Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.
Vəli İlyasov, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır