04 oktyabr 2017 00:05
1110

Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi yüksəlir

Cari ilin ötən dövründə milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin icrası istiqamətində görülən işlər uğurların davamlılığına əsas verir

“Əminəm ki, bu ili biz uğurla başa vuracağıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev eyni zamanda bu inamı da ifadə edir ki,  gələn il sürətli iqtisadi inkişaf ili  olacaq: “İqtisadi  sahədə əldə etdiyimiz nailiyyətlər həm bizim statistik göstəricilərdə, eyni zamanda. mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır... Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür... Bu da çox böyük nəticədir. Onu da qeyd etməliyəm ki,  MDB məkanında  biz birinci yerdəyik...Bu, bir daha onu təsdiqləyir ki, biz düzgün yoldayıq, bizim iqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir.” Ölkə Prezidenti dünyada cərəyan edən proseslərin fonunda Azərbaycanın inkişaf, sabitlik adası olduğunun daha aydın göründüyünü bildirir: “Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və bizim xalqımıza xas olan vətənpərvərlik - bax, bu amillər uğurlarımızın əsasını təşkil edir.”

Cənab İlham Əliyevin digər səfərləri kimi, Qobustan və Şamaxı rayonlarına səfəri də müxtəlif obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qaldı. Ölkə Prezidentinin hər çıxışında bu hədəf önə çəkildi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bölgələrin malik olduğu potensial imkanlardan yüksək səviyyədə bəhrələnməklə bu məqsədə nali oluruq. Təbii ki, atılan bütün addımların təməlində insan amili dayanır. Bu amilə verilən önəmin nəticəsi olaraq cənab İlham Əliyev bildirir ki, bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Əgər xalq görülən işlərdən razı qalarsa, o zaman mən də razı olaram: “Nəticə olaraq, biz bunu ona görə edirik ki, insanlar daha da yaxşı yaşasınlar. Amma insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur... Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir.” Ölkəmizin hər sahədə nümunəvi olması həyata keçirilən siyasətin əsas hədəflərindəndir. Hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulunda da məqsəd irəli gələn vəzifələrin uğurlu icrası, Azərbaycanın hərtərəfli inkişafına töhfə verməkdir. İnkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasına xidmət edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının davamı olaraq “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman və bu sənədə uyğun olaraq müxtəlif istiqamətlər üzrə yol xəritələrinin tərtib olunması yeni hədəflərə nail olmaq üçün atılan addımların zəncirvari bağlılığına bir daha işıq salır. İnkişaf Konsepsiyası da təsdiqləndiyi vaxtdan beynəlxalq səviyyədə davamlı inkişafın çağırışları üçün bir yol xəritəsi kimi dəyərləndirilib. Yeni mərhələnin əsas məqsədi təbii ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bunun üçün ölkənin malik olduğu iqtisadi potensial daha da gücləndirilməli, qeyri-neft sektorunun inkişafı sürətləndirilməli, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunmalı, yeni iş yerlərinin açılmasına şərait yaradılmalı, sahibkarlıq inkişaf etdirilməli, sosial xidmətlərin həcmi, keyfiyyəti və ünvanlılığı əhəmiyyətli dərəcədə artırılmalı, yoxsulluq azaldılmalı və s. Ölkəmiz qeyd olunan istiqamətlərin hər biri üzrə uğurlu nəticələrə nail olub. Ən əsası şəffaflığın təmin olunması prioritet məsələ kimi öndə saxlanılıb. “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında”, eyni zamanda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” və s kimi Fərmanlar sahibkarlığın inkşafına böyük zəmin yaratdı. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq iş adamlarının qeydiyyat orqanına getmədən, vaxt itirmədən internet vasitəsilə onlayn rejimində  qeydiyyata alınmaları, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana uyğun olaraq istifadəyə verilən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti də vətəndaş amilinə verilən dəyəri ortaya qoyur. Məqsəd dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin-”dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyev “elektron hökumət” prinsiplərinə keçməyin korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olduğunu bildirir: “Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görüləcək işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir.” “ASAN xidmət”in əhatə dairəsinin genişləndirilməsi öz uğurlu nəticələrini verir.

Cari ilin ötən dövründə milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin icrası ilə bağlı görülən işlər də uğurların davamlılığına əsas verir. Belə ki, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanmış, 59 faizinin icrası üzrə işlərə başlanılmışdır.

Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilmiş və razılaşdırılmış, büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilmiş, habelə proqnoz göstəriciləri hazırlanmışdır. Avropa İttifaqı və Dünya Bankı tərəfindən təqdim olunan hesabatlar nəzərə alınmaqla, Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanmışdır. Makroiqtisadi koordinasiya təmin edilmiş, məzənnə rejiminin çevikliyi artırılmışdır. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə “Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı” və “Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin restrukturizasiyası həyata keçirilməklə onların tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı” təsdiq edilmişdir. 2017-ci ilin ilk yarımili ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış 39 sərəncama əsasən 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilmişdir. 2017-ci il ərzində hərracı baş tutmuş 395 kiçik dövlət müəssisə və obyektinin 221-i, icarəyə verilmiş 246 qeyri-yaşayış sahəsinin 89-u, ümumilikdə isə 310 müəssisə və obyekt satılmışdır.

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” və “Dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvlərinə onların fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi ilə (“Performance Based Remuneration System”) bonus ödənişlərinin verilməsi Qaydası” barədə qərar layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesinə məsləhətçi şirkət cəlb edilmişdir. Müəssisənin özəlləşdirilməsinə maraq göstərən yerli və xarici şirkətlərlə danışıqlar aparılmış, müəssisə ilə bağlı onları maraqlandıran suallar cavablandırılmış, zəruri məlumatlar verilmişdir.

Özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi məqsədilə potensial investorlara dair mövcud məlumat bazası genişləndirilmiş, bu şirkətlərin fəaliyyət profili, rəhbər şəxsləri, rekvizitləri və bir sıra digər məlumatlar dəqiqləşdirilmiş, yeni məlumatlar əlavə olunmuşdur.

Özəlləşdirmə prosesinə investorların daha fəal cəlb edilməsi sahəsində əməkdaşlıqla bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə əməkdaşlıq haqqında memorandumun imzalanması təmin edilmiş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə yaxın əməkdaşlıq qurulmuş, yerli və xarici biznes forumlarda özəlləşdirmə layihələri təqdim edilmişdir.

Ölkədə insan kapitalının inkişafı məqsədilə təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi istiqamətində görülən tədbirlər çərçivəsində məktəbəhazırlıq qrupları təşkil edilmiş, təhsilalanlar və müəllimlər üçün tədris vəsaitləri hazırlanmış, müəllim və rəhbər heyət üçün ixtisasartırma imkanları təmin edilmişdir. Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək səriştələrə yiyələnmək imkanı yaratmaq məqsədilə ötən tədris ilində tam orta təhsil səviyyəsində təmayüllər üzrə təhsilin əhatə dairəsi genişləndirilmişdir. Bundan əlavə, təhsil müəssisələrinin fiziki və texnoloji infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülmüşdür. İlk peşə- ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsinin (cəzaçəkmə müəssisələrində yerləşən və fəaliyyəti dayandırılan 14 müəssisəni çıxmaqla) 90 faizinə, yəni 86 müəssisəyə baxış keçirilmiş, Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları layihəsi, eləcə də əmək bazarının tələblərinə uyğun orta ixtisas təhsili pilləsinin yeni dövlət standartlarının layihəsi hazırlanmışdır. 2016-cı il və 2017-ci ilin birinci yarımili ərzində 158 sahibkarlıq subyektinə (141 hüquqi şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi təqdim olunmuşdur. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiyanın müvafiq işçi qrupu tərəfindən Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanaraq, Komissiyaya təqdim edilmişdir.

Bundan əlavə, Komissiya tərəfindən müəyyən edilmiş iqtisadi və biznes profilli 5 beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində yaradılan işçi qruplarla mütəmadi görüşlər keçirilmiş, təklif və layihələr müəyyənləşdirilərək, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir. Bununla yanaşı, “Doing Business” hesabatına daxil olan 8 indikator üzrə qanunvericiliyə dəyişikliklər edilmiş, reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülmüşdür.

Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi istiqamətində işlər görülmüşdür. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsi, “Standartlaşdırma haqqında” yeni qanun layihəsi, eləcə də istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti qurumlara göndərilmişdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmış və 2016-cı il 6 dekabr tarixli fərmanla təsdiq edilmişdir. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Bu əminlik ifadə edilir ki, Strateji Yol Xəritəsi iqtisadi inkişafa töhfə verən bütün faktorları, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin əməkdaşlığı üçün imkanları təmin edəcək. Dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi isə özəl sektor olacaq.

Yeganə Əliyeva, “İki sahil”