05 oktyabr 2017 14:58
1372

Demokratik dəyərlər təzyiq vasitəsi deyil

Özlərini “demokratiya carçısı” kimi təqdim edən dövlətlər yaxşı olar ki, öncə  bu anlayışın mahiyyətini düzgün dərk etsinlər

Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir.

Bizlərə bəlli, amma dünyaya “sirr” olan bu sualı səsləndirməyi özümüzə borc bilirik ki, görəsən bu prinsiplər bütün dövlətlərə eyni tətbiq olunurmu, ən əsası başqalarına “demokratiya dərsi” keçən dövlətlərin özləri bu dəyərlərə hörmətlə yanaşırlarmı? Qərb düşünür ki, bu və ya digər dövlətin daxili ilinə müdaxilə demokratik dəyərlərin tərkib hissəsidir və mütləqdir. Ən əsası özlərində demokratik prinsiplərə hörmətsizliyi ortaya qoyan hansısa proses baş verəndə dərhal bunu müxtəlif adlar altında ört-basdır etməyə çalışırlar. Yenə də bu həqiqəti qeyd etməyə məcburuq: nə qədər ki, dünya hüquq problemini yaşayır, bu kimi yanaşmalar davamlı olacaq.

Aydındır ki, Azərbaycanın xarici siyasətində Qərb və Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə əlaqələrimiz müxtəlif sahələrdə uğurla inkişaf edir. Qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Azərbaycan dövlətinin xarici siyasətində bu prinsip əsas yer tutur: böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurmaq və inkişaf etdirmək. Dövlətimizin başçısı İlham Əliyevin ABŞ-a ilk səfəri zamanı jurnalistin “Siz ABŞ qarşısında hansı öhdəliyi götürmüsünüz” sualına cavabını xatırlatmaq istərdik: “Azərbaycanın heç bir dövlət qarşısında öhdəliyi yoxdur. Əlaqələrimizi qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında inkişaf etdiririk.”

Avropa İttifaqı rəsmilərinin bəyanatlarında tez-tez yer alan bu fikri də xatırlatmaq yerinə düşər ki,  insan haqları və azadlıqlarına, o cümlədən ifadə azadlığına xüsusi önəm veririk. Avropa İttifaqı hesab edir ki, bu, açıq cəmiyyətlərdə uzunmüddətli sabitlik və inkişafın ən yaxşı təminatıdır. Bu xatırlatmamız da səbəbsiz deyil. Əgər insan hüquq və azadlıqlarının təminatı dünya üçün önəmlidirsə, ən əsası əsas şərtdirsə, nə üçün bu və ya digər dövlətlərdə baş verən hadisələrə gah biganə yanaşılır, bəzilərinə isə lupa ilə baxmağa cəhd edirlər? Bu, ikili siyasətin təzahürü deyilmi? Bu günlərdə dünya və ölkə mətbuatında yer alan bu mühüm məqama bir daha diqqət yönəltmək istərdik. İspaniyadan ayrılmaq üçün referendum keçirən separatçı Kataloniya vilayətində polislə toqquşmalar zamanı xəsarət alanların sayı 850 nəfərə yaxındır. Aparıcı Qərb agentliklərinin səhifələrini ispan polisinin səsverməyə gedən Kataloniya sakinlərini rezin güllələrə “qonaq” etməsi, dəyənəklə, atlarla, su şırnaqları ilə dağıtması səhnələri bəzəyir. Bu hadisə tarixə qısa nəzər salmağı bir zərurətə çevirir. 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən biri döyülərək öldürüləndə, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı kütlənin dağıdılması zamanı da belə “fotosessiyalar”ın şahidi olmuşuq. Amma münasibət məqamı yetişəndə demokratik prinsiplər arxa plana keçir, maraqlara söykənərək şərhlər verilir. “Öz gözlərində tiri görməyib başqasında çöp axtarmağa” öyrəncəli olan bəzi dövlətlər, təşkilatlar görünür hələ demokratiya anlayışının mahiyyətini düzgün dərk etmək barədə düşünmürlər. Maraqlar üst-üstə düşəndə dəyərlər qorunur, toqquşanda isə dəyər deyilən bir məfhumun olmadığı bildirilir.

Qərb demokratik dəyərlərə münasibətdə də “Avropa standartları”ndan deyil, ikili standartlardan çıxış edir. Avropa və ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır.

ABŞ-da ötən illərdə iki jurnalistin ölümü ilə nəticələnən qətl hadisəsinə laqeyd münasibəti yada salaq. Həmin ərəfədə bildirildi ki, jurnalist Alison Parkerlə operator Adam Vardun qətlə yetirilməsi son illərdə peşə fəaliyyətinə görə həyatını itirən ABŞ jurnalistlərinin sayını səkkizə çatdırdı. ABŞ Dövlət Departamentinin və bu ölkəni təmsil edən beynəlxalq hüquq müdafiə təşkilatlarının hadisəyə heç nə olmamış kimi yanaşmaları diqqətdən kənarda qala bilməzdi. Hətta qərəzli hesabatları ilə daim gündəmi ələ alan “Freedom House” təşkilatı da susdu. Bir sözlə, iki jurnalistin ölümü sıradan bir məsələyə çevrildi. Lakin söhbət digər ölkələrdən gedəndə “Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Bu da həmin anlayışların əslində təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir. Avropada əməl edilməyən “dəyərlər” Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunur. Bütün bunlara görə bəzi Qərb dairələrinin Azərbaycana, digər ölkələrə qarşı irəli sürdükləri ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil olunan qarayaxma kampaniyasından başqa bir şey deyil.

Azərbaycanın demokratik inkişafı göz önündədir. İqtisadi tərəqqinin demokratikləşmə prosesinin sürətlənməsində nə kimi rol oynadığını Azərbaycanın bugünkü uğurlarının fonunda aydın görmək olur. 1994-cü ildən ölkədə sabitliyin, əlverişli biznes mühitinin formalaşması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsi, ən əsası “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdı. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin dünya dövlətləri tərəfindən öyrənilməsi və təqdir olunması bu siyasətin ölkəmizə daha böyük uğurlar gətirəcəyinə inamı artırır. Azərbaycan artıq inkişafın yeni dövrünü yaşayır. “Yeni əsrin müqaviləsi”nin imzalanması davamlı uğurlarımıza yol açır. Bu inkişafı şərtləndirən əsas amillərdən biri məhz demokratik islahatlardır.

Ötən ilin sentyabrında keçirilən referendum dövlətimizin demokratik islahatları inkişafın əsası kimi dəyərləndirdiyini bir daha təsdiqlədi. Ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. Digər bir qisim isə idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Bu fonda dünya birliyi də bu reallığı yüksək dəyərləndirir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır. Vətəndaşların bütün azadlıqları qanunvericilik çərçivəsində qorunur. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi və təcrübədə özünü təsdiqləyən bu fikri dövlətimizin həyata keçirdiyi siyasətin prioritetidir: “Demokratiya daim inkişafda olan prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır.”

Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara daxil olmasını məqsədyönlü siyasət və düşünülmüş addım kimi dəyərləndirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məqsəd Avropanın ən inkişaf etmiş ölkələrində mövcud olan müsbət təcrübənin Azərbaycanda tətbiqini sürətləndirmək, bəşəri dəyərlərdən faydalanmaqdır. “Biz müxtəlif beynəlxalq təşkilatlara üzv olmuşuq. Özümüz könüllü daxil olmuşuq, heç kim bizi məcbur etməmişdir. Nə üçün? Ona görə ki, Azərbaycanda olan meyarlar dünyanın ən qabaqcıl ölkələrinin meyarlarına uyğun olsun.”

Demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri kimi azad mətbuatın inkişafı istiqamətində də atılan addımlar davamlılığı ilə diqqət çəkir. “Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Biz KİV-in azadlığını daha da genişləndiririk” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir. Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik.

Göründüyü kimi, Azərbaycan hər sahədə uğurla inkişaf edir. Demokratikləşmə sadəcə niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Bu reallığı qəbul edən və etməyən qüvvələrin olması təbiidir. Azərbaycanın müstəqil, demokratiya yolunda inamla irəlilədiyini həzm etməyən dövlətlər, təşkilatlar hər zaman qarayaxma kampaniyalarının ssenaristləri olsalar da, sonda mövcud reallıqlarımız bu cəhdləri boşa çıxarıb. Həqiqət budur ki, Azərbaycan demokratik prinsipləri həyata keçirdiyi siyasətin əsası kimi qəbul edir və hörmətlə yanaşır. İkili siyasəti özləri üçün bir fəaliyyət proqramı kimi qəbul edən dövlətlər Azərbaycanın demokratiya təcrübəsindən yararlanmaqla ədaləti bərpa edə, həqiqətə həqiqət gözü ilə baxa bilərlər.

Yeganə Əliyeva, “İki sahil”