Azərbaycan 2020-ci ildə Vətən müharibəsi, 2023-cü ilin sentyabrında birgünlük lokal antiterror tədbiri ilə Qarabağda separatizmin kökünü kəsdi. Bununla da postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini təmin edən ilk dövlət kimi adını tarixə yazdırdı. Üstəlik, Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu gün bölgənin bir parçası olan Azərbaycan işğaldan azad etdiyi ərazilərində genişmiqyası abadlıq-quruculuq işləri aparmaqla yanaşı, məcburi köçkünlərin doğma yurdlarına qayıdışlarını da reallaşdırır. Amma Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətini, eləcə də Azərbaycanın digər uğurlarını həzm edə bilməyən Qərb hələ də bu adi həqiqəti dərk etmək istəmir. Odur ki, nəyin bahasına olursa-olsun öz çirkin niyyətinə nail olmaq məqsədilə Cənubu Qafqazı qan çanağına çevirmək istəyir.
Elə bu niyyətlə Qərb min oyundan çıxaraq oyuncağa çevirdiyi Ermənistanı silahlandırmaqda, həm də maliyyə yardımı göstərməkdə davam edir. Bütün bu addımlar Avropa İttifaqını (Aİ) istədiyi səmtə yönəldən ermənipərəst Makron Fransasının təkidi ilə atılır. Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün öncə İrəvanda Ermənistan və Fransa arasında strateji müdafiə məsləhətləşmələri nəticəsində 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı da imzalanıb. Məqsəd isə eynidir: Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq, Azərbaycanı zəiflətmək, bununla da Ermənistanın Qarabağı təkrar işğal etməsi üçün şərait yaratmaq. Hər vəchlə sülhdən yayınmağa çalışan Ermənistan Qərbyönümlü siyasətə sadiqliyini nümayiş etdirdikcə Qərb daha da azğınlaşır. Amma Azərbaycanın düşünülmüş siyasəti nəticəsində bu iyrənc niyyətini həyata keçirməkdə çətinlik çəkir. Odur ki, Gürcüstanı da cənginə almaqla, daha doğrusu, diktəsi ilə oturub-durmağa vadar etməklə öz təsir dairəsini genişləndirməyə, əgər belə demək mümkünsə, əlini gücləndirməyə çalışır. Nə yazıq ki, Ermənistan hələ də dərk etmir ki, sabah bu ölkə də Qərbin qızışdırıb ortay atdığı Ukraynanın gününə düşə bilər. Yeri gəlmişkən qeyd edək ki, Prezident Volodimir Zelenski Qərbin vəd etdiklərini həyata keçirməməsi, həm də maliyyə yardım paketlərinin ayrılmasından imtina etməyə başlaması ucbatından ölkəsinin “qaranlıq dövrü”nün başlandığını etiraf edib.
Artıq yarım aya yaxındır ki, balanslı xarici siyasət yürüdən Gürcüstanın hazırkı iqtidarının 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqlarını dayandırmaq qərarını, həmçinin Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsini, "demokratik dünyaya" kifayət qədər həmrəylik göstərməməsini bəhanə edən Qərb bu Cənubi Qafqaz ölkəsindəki əlaltılarından istifadə etməklə iğtişaşlar, aksiyalar törətməkdədir. Hətta destruktiv və cinayətkar fəaliyyətlərin təşkilatçıları Qərbdən aldıqları tapşırıq və tezislərə uyğun hərəkət etməklə 2024-cü il dekabrın 14-ü planlaşdırılan Gürcüstanın altıncı prezidentinin seçilməsinə hər vasitə ilə mane olmağa çalışırlar. Xatırladaq ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Gürcüstanın altıncı prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb və onun namizədliyi artıq təsdiq olunub.
Bu kimi addımları ilə Qərb Gürcüstanı süni şəkildə hakimiyyət böhranı yaratmağa çalışır. Bütün bunlara əsaslanan Qərb mediası hətta Gürcüstanın “rəngli inqilab”ın astanasında olduğunu bildirir. Bəli, Almaniya və Fransa maliyyələşdirdikləri müxalifətin və QHT-lərin, mətbuatın əli ilə ölkədə sabitliyi pozmağa, iğtişaşlar yaratmağa, dövlət çevrilişinə cəhd edirlər.
Göründüyü kimi, demokratiyadan, insan hüquqlarından dəm vuran Qərb müstəqil ölkənin, onun xalqının seçiminə sayğısız yanaşır. Başqa sözlə desək, Qərb cızdığı dairədən çıxdığına görə Gürcüstanı cəzalandırmağa, onu Ukraynanın gününə salmağa, Baltikyanı dövlətlərdə olduğu kimi, bu məmləkəti də tam nəzarətə almağa çalışır. Nə qədər qəribə olsa da Aİ və digər beynəlxalq qurumlar Qərbin destruktiv qüvvələrini dəstəkləməkdədirlər. Hətta Aİ dekabrın 16-da xarici işlər nazirlərinin görüşündə Gürcüstan hökumət rəsmilərinə qarşı yeni tədbirləri nəzərdən keçirəcəyini təsdiqləyib. Bu tərəfdən Avropa Şurası da Gürcüstana qənim kəsilib. Sanki bu, belə də olmalıymış.
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Qərb Gürcüstan və Ermənistanda vəziyyəti gərginləşdirməklə bölgədə qeyri-sabitlik riskini artırır. Cənubi Qafqazda Qərbin həyata keçirdiyi geosiyasi pozuculuq siyasəti yalnız Ermənistan və Gürcüstanın daxili siyasətinə təsir etmir, bütövlükdə regiondakı sabitliyi, eləcə də Ermənistan-Azərbaycan sülh danışıqlarını təhlükə altına alır. Həm də Rusiya və İranın da iştirak edə biləcəyi potensial geosiyasi münaqişələr üçün zəmin yaradır. Şübhəsiz, bütün bunlar həm də kənar müdaxilələrə sərt reaksiya verən, hətta bu və digər məsələlərin “həll”ində vasitəçilərdən imtina edən Azərbaycana qarşı təzyiq mexanizmi rolunu oynayır. Aİ-nin Ermənistandakı “mülki missiya”sı da elə bu məqsədə xidmət edir. Əminliklə demək olar ki, bütün parametrlər üzrə regionun lider ölkəsi kimi qəbul edilən, Cənubi Qafqazın gələcəyində həlledici rol oynayan Azərbaycan apardığı balanslaşdırılmış uğurlu xarici siyasəti ilə Qərbin çirkin planlarını pozacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”