17 noyabr 2025 11:16
55

Vətəndaş məmnunluğunu təmin etmək əsas vəzifələrindən biridir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərtərəfli siyasətində vətəndaş məmnunluğunu təmin etmək, xalq-dövlət birliyini möhkəmləndirmək, hər bir Azərbaycan vətəndaşına vicdanla xidmət etmək xüsusi bir fəaliyyət istiqamətidir. Bu istiqamətin başlanğıcı Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində bərqərar olmuşdur. Belə ki, bütün ömrünü Azərbaycan xalqının xoşbəxt və firavan yaşamasına həsr edən dahi siyasətçi və dövlət xadimi Heydər Əliyev hər zaman xalqın yanında olmuş, onun problemləri ilə maraqlanmış və ölkəmizin uğurlu inkişafı üçün böyük səylər göstərmişdir. Bu müdrik siyasi xətt cənab Prezidentimiz tərəfindən mükəmməl şəkildə davam etdirilir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" fikri artıq əsl həqiqətə çevrilibdir. Bəli, İlham Əliyev yalnız söz-fikir sahibi deyil, həm də böyük əməl sahibidir. Bunu 44 günlük Vətən müharibəsində aydın şəkildə görmək mümkün idi. 

Tarixi təcrübə göstərir ki, təməlində xalqın arzu və istəyi, uğurları, inkişaf və tərəqqisi dayanmayan dövlət, adətən, zəif və müvəqqəti olur. Bu baxımdan Azərbaycan Prezidentinin iş prinsipləri çox uğurlu nəticələr verir. Belə ki, hər bir dövlətin sistemli və səmərəli fəaliyyəti ədalətli, vicdanlı, vətənpərvər məmurların fəaliyyəti ilə sıx bağlıdır. Başqa sözlə, kadr korpusu nə qədər güclü, məsuliyyətli və ləyaqətli olarsa, inkişaf bir o qədər də yüksək olar, millət dövlətdən razı qalar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kadr və struktur siyasətində başlıca amil vətəndaş məmnunluğudur, insanların rahat və xoşbəxt yaşamasıdır. Cənab Prezidentin hər bir vəzifəyə təyin etdiyi hər bir məmur xalqın xidmətçisi olmalıdır, necə ki, hər zaman cənab Prezident özünü xalqın birinci xidmətçisi hesab edir. 

Bu gün Azərbaycan müstəqil və qüdrətli ölkədir. Ölkəmiz düşmənə qarşı aparılan haqlı savaşımızda möhtəşəm qələbə qazanan qalib bir ölkədir. Bu ölkənin məmuru olmaq, bu ölkənin insanlarına xidmət etmək şərəf və namus məsələsidir. Çünki görülən hər bir iş, həyata keçirən hər bir tədbir, aparılan çoxşahəli islahatlar, qəbul edilən qanunlar, imzalanan fərman və sərəncamlar Azərbaycan vətəndaşının, Azərbaycan Respublikasının əbədi səadətinə, işıqlı sabahına hesablanıb. Bu cəhətdən,  Azərbaycanın uğurlu və sürətli inkişafı üçün çalışan hər bir məmur, hər bir vəzifəli şəxs həm dövlət başçısının, həm də vətəndaşların rəğbətini qazanmış olur. 

Ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri, həyata keçirilən böyük sosial-iqtisadi, elmi-mədəni layihələr, beynəlxalq aləmdə günbəgün artan nüfuzumuz, hərtərəfli inkişaf və intibahımız naminə hər bir Azərbaycan vətəndaşı, xüsusən də məmurlar, vəzifəli şəxslər, ümumən cəmiyyətimizin bütün üzvləri mənəvi və hüquqi prinsiplərə uyğun şəkildə vətənə xidmət etməlidir. Başqa sözlə, hər birimiz vətənin əsl vətəndaşı olmalıyıq!

Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini