2027-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün əlavə 3,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur
44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən dərhal sonra Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, iqtisadi reinteqrasiyası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışı istiqamətində misli görünməmiş genişmiqyaslı bərpa-quruculuq işlərinə start verdi. Bu gün 30 il ərzində erməni barbarlarının dağıdıb viranə qoyduğu yurd yerlərimiz başdan-başa tikinti-quruculuq meydanına çevrilib, cəmi 6 il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə həyat yenidən məcrasına qayıdır. İşğaldan azad edilən yurdlarımız gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, “Ağıllı kənd”, “Ağıllı şəhər”lər salınır. Artıq Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilib. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyat yenidən əvvəlki məcrasına qayıdır.
Genişmiqyaslı layihələrin icrası və Böyük qayıdışın təmin olunması üçün 16 noyabr 2022-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Dövlət proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya olduqca mühüm tapşırıqlar qoydu. Hazırda “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işlər uğurla davam etdirilir. Bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə həyata keçirilir. Düşmən əsarətindən azad edilmiş ərazilərə əhalinin qayıdışını təmin etmək üçün bu ərazilərdə tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Bu günlərdə Baş nazir Əli Əsədovun Nazirlər Kabinetinin son iclasındakı çıxışı post-münaqişə dövründə həyata keçirilən strateji addımların, maliyyə tutumunun və qarşıda duran hədəflərin hərtərəfli mənzərəsini ortaya qoydu.
Sentyabrın 24-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və Hökumət üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2027-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş geniş iclas keçirilib. Baş nazir nitqində bildirib ki, bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl sülh gündəliyini irəli aparmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpasını, Böyük Qayıdışı, iqtisadiyyatın şaxələndirilməsini və ölkənin uzunmüddətli inkişafını əsas prioritetlər sırasında saxlayır.Baş nazirin sözlərinə görə, 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri artıq hazırlanmış və İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuşdur. Son dövrdə cənab Prezident tərəfindən qəbul olunan yeni dövlət proqramları ilə bağlı olaraq Strategiya üzərində son tamamlanma işləri aparılır və yaxın aylarda təsdiq olunacağı gözlənilir. Həmçinin qeyd edilib ki, Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biri də ölkə əhalisinin, Şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin sosial müdafiəsinin və rifah səviyyəsinin gücləndirilməsidir. Son illərdə bu istiqamətdə ardıcıl islahatlar aparılmış, əhalinin sosial müdafiəsinin və rifahının yaxşılaşması, sosial ödənişlərin, pensiyaların, əməkhaqlarının artırılması istiqamətində büdcədən əhəmiyyətli vəsait xərclənmişdir. 2027-ci ilin dövlət büdcəsində bütün istiqamətlər üzrə bütövlükdə sosialyönlü xərclərin payı 44 faiz proqnozlaşdırılır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır”.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılmışdır. 2027-ci ildə bu məqsədə 3,4 milyard manat vəsait nəzərdə tutulur. Bu maliyyə axını bərpa prosesinin kəsintisiz və yüksək dinamikayla davam edəcəyindən xəbər verir.
Strategiyanın və bütün sahəvi dövlət proqramlarının uğurlu icrası cənab Prezidentin hökumət qarşısında qoyduğu sosial-iqtisadi vəzifələrin reallaşdırılmasını təmin etməklə yanaşı, ölkənin uzunmüddətli inkişaf prioritetlərinin həyata keçirilməsi üçün də möhkəm zəmin yaradır.
Sevinc Azadi, “İki sahil”
Azərbaycanın yeni iqtisadi-siyasi gündəliyi: regional mövqedən qlobal təşəbbüslərə