28 sentyabr 2026 16:21
148

Azərbaycanın yeni iqtisadi-siyasi gündəliyi: regional mövqedən qlobal təşəbbüslərə

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yalnız investisiya imkanlarının təqdim olunduğu iqtisadi platforma kimi deyil, həm də Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi və geosiyasi prioritetlərinin ifadə edildiyi siyasi-iqtisadi tribuna kimi də diqqət çəkdi. 25–26 sentyabr 2026-cı ildə keçirilən və 70 ölkədən 803 xarici nümayəndə iştirak etdiyi, ümumilikdə isə 3 mindən çox iştirakçı forum üçün qeydiyyatdan keçdiyi forumun mövzusu “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” olub. Prezident İlham Əliyevin forum çərçivəsində çıxışında enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat, süni intellekt, ərzaq təhlükəsizliyi, insan kapitalı və investisiya mühiti ilə bağlı geniş istiqamətlər səsləndirilib.

Çıxışın əsas xüsusiyyətlərindən biri Azərbaycanın iqtisadi gələcəyinin yalnız neft-qaz sektoruna bağlanmadığının vurğulanmasıdır. Prezident qeyri-neft sektorunun inkişafını, xüsusilə bərpaolunan enerji, logistika, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və süni intellekt sahələrini yeni investisiya istiqamətləri kimi təqdim edib. Bununla yanaşı, neft və qazın yaxın perspektivdə Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rolunu qoruyacağı da açıq şəkildə bildirilib. Bu yanaşma iqtisadi siyasətdə enerji sektorunu qorumaqla paralel yeni iqtisadi sahələrin yaradılması xəttinin davam etdirilməsi kimi xarakterizə oluna bilər. Forum çərçivəsində bu istiqamətdə bir sıra konkret sənədlərin imzalanması da diversifikasiya siyasətinin yeni istiqamətlərini müəyyənləşdirən amildir.

Prezident öz çıxışında bərpaolunan enerji potensialını Azərbaycanın gələcək iqtisadi inkişafının əsas istiqamətlərindən biri kimi göstərib. Xüsusilə Xəzərin Azərbaycan sektorundakı külək enerjisi potensialı, yeni elektrik ötürücü xətlərinin yaradılması və enerji saxlanc sistemlərinin inkişafı ön plana çıxarılıb. Burada məsələ yalnız daxili elektrik tələbatının ödənilməsi ilə məhdudlaşmır. Azərbaycan gələcəkdə elektrik enerjisinin ixracatçısı olmaq və enerji istehsalını rəqəmsal iqtisadiyyat, data mərkəzləri və süni intellekt infrastrukturu ilə əlaqələndirməyi hədəf seçib. Bu yanaşma Azərbaycanın ənənəvi neft-qaz ixracatçısından daha geniş enerji və infrastruktur platformasına çevrilməsi məqsədini ortaya qoyur.

Çıxışın siyasi məzmun baxımından mühüm hissələrindən biri Azərbaycanın coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsi ilə bağlıdır. Cənab İlham Əliyev Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini Azərbaycanın əsas iqtisadi imkanlarından biri kimi dəyərləndirir. Dəmir yollarına, avtomobil yollarına, hava limanlarına və liman infrastrukturuna yatırılan investisiyalar bu siyasətin fiziki əsasları kimi göstərilib. Bu yanaşmada Azərbaycanın dənizə birbaşa çıxışı olmayan ölkə kimi tranzit imkanlarının reallaşdırılması üçün yalnız daxili infrastrukturun deyil, qonşu dövlətlərlə siyasi və iqtisadi münasibətlərin də sabit və proqnozlaşdırıla bilən olması tələb olunur. Başqa sözlə, nəqliyyat siyasəti təkcə iqtisadi məsələ kimi təqdim edilmir, Azərbaycanın regional əlaqələndirici rolunun gücləndirilməsi həm iqtisadi, həm də xarici siyasət aləti kimi nəzərdən keçirilir.

Azərbaycanın coğrafi baxımdan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, iqtisadi, siyasi və nəqliyyat baxımından Mərkəzi Asiya ilə daha sıx inteqrasiya etməkdədir. Son illər ölkəmiz Orta Dəhliz, Xəzər üzərindən nəqliyyat əlaqələri və Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığına önəmli töhfələr vemişdir. Dəyişən qlobal təchizat zəncirləri şəraitində Azərbaycan öz ərazisini yalnız tranzit məkanı kimi deyil, enerji, logistika, rəqəmsal bağlantı və investisiya qovşağı kimi mövqeləndirməyə nail olmuşdur.

Prezident İlham Əliyevin çıxışının başqa bir xüsusiyyəti Azərbaycanın müxtəlif güc mərkəzləri ilə iqtisadi münasibətlərini paralel şəkildə inkişaf etdirmək niyyətinin nümayiş etdirilməsidir. Forum çərçivəsində ABŞ, Avropa, Asiya və digər regionların şirkətləri ilə müxtəlif sənədlərin imzalanması bu mənzərəni daha da konkretləşdirir. SOCAR– “ExxonMobil” sazişi, “TotalEnergies” ilə “Abşeron” layihəsi, “Eni” ilə Kot-d’İvuardakı “Baleine” layihəsində iştirak payının əldə olunması, “Oracle” ilə texnologiya əməkdaşlığı, “Carlsberg Group”, “UFlex Group” və digər nəhəng şirkətlərlə imzalanmış sənədlər Azərbaycanın investisiya əlaqələrinin yalnız bir sektor və ya bir coğrafiya ilə məhdudlaşmadığını göstərir. Bu mənada forumun siyasi əhəmiyyəti ondan ibarətdir ki, iqtisadi əməkdaşlıq Azərbaycanın xarici əlaqələrində ayrıca və getdikcə daha çox çəkisi olan istiqamət kimi təqdim olunur.

Dövlətimizin başçısı siyasi və iqtisadi sabitliyi investisiya mühitinin əsas şərtlərindən biri kimi təqdim edib. Burada dövlət borcu, valyuta ehtiyatları, milli valyutanın məzənnəsi və uzunmüddətli müqavilə münasibətləri investorların diqqətinə çatdırılan əsas göstəricilər sırasındadır. Eyni zamanda, çıxışın əhəmiyyətli hissəsi Azərbaycanın son onilliklərdə keçdiyi siyasi tarixə həsr edilib. Ermənistan-Azərbaycan münaqişəsi, məcburi köçkünlük, iqtisadi böhran, müstəqilliyin ilk illərindəki siyasi və sosial problemlər və sonrakı iqtisadi inkişaf bir tarixi ardıcıllıq daxilində təqdim olunmuşdur. Burada siyasi mesaj kifayət qədər aydındır: Azərbaycanın bugünkü iqtisadi imkanları ölkənin dövlətçilik və təhlükəsizlik gündəliyindən ayrı nəzərdən keçirilə bilməz.

Digər siyasi məqam Azərbaycanın son illərdə keçdiyi hərbi-siyasi mərhələnin iqtisadi gündəliklə əlaqələndirilməsidir. Prezident 30 illik işğaldan, ərazi bütövlüyünün bərpasından və müharibədən sonra formalaşan yeni reallıqdan danışaraq bu tarixi prosesləri ölkənin gələcək inkişaf perspektivləri ilə əlaqələndirib. Beləliklə, çıxışda “müharibədən sonrakı Azərbaycan” anlayışı yalnız təhlükəsizlik və ərazi məsələsi kimi deyil, yeni iqtisadi imkanların meydana çıxdığı mərhələ kimi də təqdim edilir. Nəqliyyat dəhlizləri, enerji layihələri, regional bağlantılar və investisiya imkanları bu yeni mərhələnin iqtisadi elementləri kimi önə çıxarılır.

Diqqət çəkən digər istiqamət rəqəmsal transformasiyadır. Süni intellekt, data mərkəzləri, fiber-optik kabellər, kibertəhlükəsizlik, rəqəmsal gömrük və insan kapitalı artıq iqtisadi siyasətin ayrıca istiqamətləri kimi təqdim olunur. Cənab İlham Əliyev xüsusilə ixtisaslı kadrların hazırlanmasını önə çəkərək texnologiyanın yalnız satın alınmasının kifayət etmədiyini, onun mənimsənilməsi üçün insan kapitalının vacib olduğunu bildirib. Bu yanaşma Azərbaycan iqtisadiyyatında yeni mərhələnin yalnız fiziki infrastrukturla məhdudlaşmadığını göstərir. Əgər əvvəlki mərhələdə əsas diqqət yolların, enerji obyektlərinin, limanların və digər fiziki infrastrukturun yaradılmasına yönəlmişdisə, yeni mərhələdə rəqəmsal infrastruktur və kadr potensialı daha çox ön plana çıxır.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əsas siyasi funksiyalarından biri Azərbaycanın özünü beynəlxalq investor qarşısında necə təqdim etməsidir. Tədburin açılış mesajında da Azərbaycan investisiya mühitinin beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının genişləndirilməsi və yeni investisiya layihələrinin təşviqi əsas məqsədlər kimi göstərilib. Ölkə Prezidentinin forum iştirakçılarına müraciətində bildirilib ki, birinci forumdan sonra ümumi dəyəri 10 milyard dollardan çox olan investisiya sazişləri imzalanıb və bunun 7 milyard dollardan çoxu qeyri-neft sektorunun payına düşüb. İkinci forumda isə enerji ilə yanaşı texnologiya, içki sənayesi, logistika, azad iqtisadi zona, beynəlxalq layihələr və digər istiqamətləri əhatə edən sənədlərin mübadiləsi aparılıb. Bu faktlar forumun yalnız siyasi bəyanatlar platforması olmadığını, konkret kommersiya və institusional razılaşmaların da gündəmə gətirildiyini göstərir.

Beləliklə, Prezident İlham Əliyevin çıxışında səsləndirilən strategiyanın həyata keçirilməsi bir sıra praktiki məsələlərdən asılıdır. Əsas suallardan biri enerji gəlirlərinin qeyri-neft sektorunun real və davamlı inkişafına nə dərəcədə çevrilə bilməsidir. Digəri nəqliyyat dəhlizlərinin regional rəqabət şəraitində iqtisadi baxımdan səmərəli və davamlı olmasıdır. Rəqəmsal iqtisadiyyat baxımından isə ən vacib məqam infrastrukturla yanaşı, yüksək ixtisaslı insan kapitalının formalaşdırılmasıdır. Ərzaq təhlükəsizliyi, su resursları, iqlim dəyişiklikləri və ixracın strukturunun dəyişdirilməsi də çıxışda qeyd edilən, lakin uzunmüddətli siyasət və investisiya tələb edən istiqamətlər sırasındadır.

Ona görə də II İnvestisiya Forumunun əsas mesajını yalnız Azərbaycana investisiya qoyuluşuna çağırış kimi təqdim etmək kifayət etmir. Çıxış daha geniş siyasi-iqtisadi çərçivəni ortaya qoyur: enerji sektorunun qorunması, qeyri-neft iqtisadiyyatının genişləndirilməsi, ölkəmizin regional bağlantı imkanlarının artırılması, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi və rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi. Bu strategiyanın real nəticələri isə gələcək illərdə yeni investisiyaların həcmi ilə yanaşı, onların iqtisadiyyatın strukturuna, ixracın şaxələndirilməsinə, məhsuldarlığa, məşğulluğa və Azərbaycanın regional iqtisadi roluna təsiri ilə ölçüləcək.

Əli Hüseynli,
Milli Məclisin deputatı