Fransanın bugünkü reallıqlarını təhlil etdikdə gəlinən qənaət belədir ki, hazırda bu ölkə tarixinin ən pis dönəmini yaşayır. Ən acınacaqlı cəhət ondan ibarətdir ki, tunelin ucunda işıq görünmür - həllini tapmayan problemlər üst-üstə qalanaraq artır ki, bu da cəmiyyətdə ikrah hissi ilə qarşılanır.
Cari ildə Fransada əvvəlcə Avropa Parlamentinə, sonra isə Milli Assambleyaya keçirilən seçkilərin nəticələri Makron iqtidarına inamsızlığı bütün cəhətləri ilə ortaya qoydu. Belə ki, hər iki mərhələdə sağçı “Milli Birlik” Partiyası və onunla müttəfiq qüvvələr, eləcə də solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası üstünlük qazandı. Prezidentin rəhbərlik etdiyi mərkəzçi adlandırılan koalisiya isə ciddi məğlubiyyətə uğradı.
Artıq Emmanuel Makron istefanın demək olar ki, bir addımlığındadır. Fransa parlamentinin yeni ildən sonrakı ilk işi Makronun istefası məsələsini gündəmə gətirmək və bunu reallaşdırmaq olacaq. İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, ölkə bu cür maliyyə defoltu təhlükəsi yaşayır . Başqa sözlə, Makronun səbəb olduğu situasiya dövlətin sonunu yaxınlaşdırır. Ümumi ictimai rəy belədir ki, Fransanın tarixi ənənələrindən və inkişafdan geri dönməsinin əsas səbəbi Makronun yürütdüyü naşı, səriştəsiz siyasətdir.
Makron ölkəsinin Avropa İttifaqındakı (Aİ) dayaqlarını da zəiflədib. Təsadüfi deyil ki, Avropa Komissiyasının tərkibi müəyyənləşən zaman yalnız Fransa ilə bağlı (Tyeri Bretonun adının siyahıdan çıxarılması) qalmaqal yaşandı. Fakt odur ki, Almaniya hazırda Aİ-də, ümumən Avropa məkanında əsas söz sahibi və ABŞ-ın ən yaxın müttəfiqi kimi təqdim olunur. Rusiya ilə mümkün sülh danışıqlarını da Almaniya həyata keçirir. Hətta digər bölgələrlə bağlı kollektiv Qərbin “yeni səfiri” qismində Berlin çıxış edir. Bu isə Fransanın açıq şəkildə “prosesdən kənarda” qaldığını göstərir.
2023-cü ilin əvvəlindən etibarən mülki monitorinq missiyası adı altında Ermənistanda kök salmağa başlamış Aİ-nin kəşfiyyat qrupunun əsl fəaliyyəti heç kimə sirr deyil. Ermənistana üzdə “havadarlıq” edən, arxa planda isə özünün korporativ maraqlarını əsas götürən Fransa məhz bu missiyanın əli ilə sülhün reallaşmasına bu və ya digər şəkildə maneə yaradır. Bu ölkə Ermənistanı qeyri-qanuni şəkildə silahlandırmaqla yanaşı, missiya vasitəsilə həm də kəşfiyyat materialları toplayır. “Hərbi missiya” Azərbaycan Ordusu, hərbi hissələrin dislokasiyası, potenaial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürür. Missiya üzvləri Ermənistan-Azərbaycan şərti sərhədi boyunca müntəzəm “monitorinqlər” aparır və bu zaman yüksək texnologiyalı avadanlıqlardan istifadə edir. Məlumatlar Ermənistan ordusu ilə bölüşülərək yeni müharibə planları üçün istifadə olunur. Bütün bunlar onu göstərir ki, Fransa var gücü ilə sülhü arxa plana keçirmək və Ermənistanı müharibəyə təhrik etməyə çalışır.
Qərb siyasətçiləri etiraf edirlər ki, Fransa hazırda Aİ daxilində reputasiyasını möhkəmləndirmək üçün hər şeyə hazırdır. Çünki, bu, Makronun özünün şəxsi xilası üçün də yeganə yol sayılır. Ölkəsində impiçmentlə üz-üzə qalan, istefanın bir addımlığında olan Makronun çıxış yolu Aİ daxilində önə çıxmaq, fransız cəmiyyətinin etiraz səsini bu “arqumentlə” qısmaqdır.
Bir sıra siyasətçilər isə gələn ilin fevralında vaxtı bitəcək olan missiyanın fəaliyyətinin daha da artırılmasına lüzum görülməyəcəyini diqqətə çatdırıblar. Bunu əsasən sülh müqaviləsinin o vaxtadək imzalanması perspektivi də təsdiqləyirdi. Görünür Fransa bu reallıqlardan əməlli-başlı təşvişə düşüb. Fransa Cənubi Qafqazda da uduzduğunu anlayır. Hətta Aİ-nin daxilində belə nüfuzdan düşən, ikinci plana keçən Paris son ümidi saydığı Ermənistanı da itirir. Çünki sülhü ləngitməklə mühüm ticari imkanların perspektivini yubadan Paşinyan səhvini başa düşüb. O, qarşıdakı dövrün “yeni iqtisadi - ticari münasibətlər nizamının yaranma mərhələsi” olduğunu artıq anlayıb.
Beləliklə, Makronun vəziyyəti daha kritik görünür. Ermənistanın isə hələ də şansı var. Şərtlərə əməl etməklə və sülhə imza atmaqla Cənubi Qafqazın ümumi inkişaf tempinə qoşulacaq İrəvan bu yolla həm özünün dövlətçiliyini xilas edə bilər, həm də Fransanın qapazının altından xilas olma ehtimalı yaranar...
Yaqut Ağaşahqızı,”İki sahil”