16 oktyabr 2025 16:18
114

"Boz kardinal"ın ifşası finiş xəttində...

Yetkin və savadlı insanların əksəriyyəti yəqin ki, "Boz kardinal" ifadəsinin mənasını və tarixçəsini yaxşı bilir. Klassik anlamda bu ifadə heç bir rəsmi vəzifə tutmadan dövlətdə böyük təsir gücünə malik, prosesləri "pərdə arxası"ndan idarə edən, gizli oyunlar, intriqalar quran şəxsə şamil edilir. Lakin bu ifadənin tarixçəsinin XVII əsr Fransasına gedib çıxdığını bilməyən istənilən Azərbaycan vətəndaşından soruşsanız "Boz kardinal" kimə deyilir? Dərhal cavab verəcək ki, Ramiz Mehdiyevə.

Məlum olur ki, Prezident Administrasiyasının (PA) 87 yaşlı sabiq rəhbəri yüksək dövlət vəzifəsi tutsa da, dövlətə deyil, ona qarşı çalışırmış. Əməllərini əsl "Boz kardinal"a xas məharətlə pərdələməsi isə onu həmişə sudan quru çıxarırmış.

Lakin bütün gizlinlərin üstü tez ya gec açıldığı üçün Mehdiyevin də törətdikləri nə vaxtsa üzə çıxmalı idi.

Artıq bir neçə gündür Azərbaycan ictimaiyyətinin əsas müzakirə mövzularından biri sabiq PA rəhbərinin məhkəmənin qərarı ilə ev dustaqlığına məhkum edilməsidir. O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Göründüyü kimi, məsələ kifayət qədər ciddidir və baş verənlər bir sıra mətləblərdən xəbər verir.

Əvvəla, məlum olur ki, uzun illər maskalanaraq qurduğu sistem vasitəsilə əməllərini pərdələyən, sirlərinin faş olmasının qarşısını alan Ramiz Mehdiyev yaşının qürub çağında belə Azərbaycana qarşı işləyən qüvvələrə sədaqətlə xidmət edirmiş.

İkincisi, görünən odur ki, Azərbaycan xüsusi xidmət orqanları hələ sovet dövründən ölkədə kök salmağa başlamış Mehdiyev sisteminin ifşasında finiş xəttinə yaxınlaşıblar.

Üçüncüsü, təsdiq olunur ki, Azərbaycan dövlətinə xəyanət edən, onun sabitliyini, təhlükəsizliyini, nüfuzunu kimlərəsə peşkəş verməyə can atan heç bir şəxs yaşından, başından, tutduğu vəzifədən asılı olmayaraq cəzadan yayına bilməyəcək.

Beləliklə, "Boz kardinal" ləqəbli Rusiya xüsusi xidmət orqanlarının əlaltısı olan, Azərbaycanda "beşinci kolona" rəhbərlik edən bu şəxs necə maskalanıb? Xəyanətkar xislətini uzun illər necə gizlədə bilib?

Birinci ondan başlayaq ki, Ramiz Mehdiyev hələ sovet dövründən heç bir xüsusi keyfiyyəti olmadığı halda rəhbər vəzifələrə təyin edilib. Aydındır ki, Moskvaya bu tip adamların vəzifə tutması, klan qurması Sovet İttifaqı dağılandan sonra da vacib idi. Bu baxımdan Mehdiyev kimi şəxslərə xüsusi göstərişlər verilir, müəyyən müddət kölgədə qalmaq, zamanı yetişəndə isə hərəkətə keçmək tapşırılırdı.

Belə bir şəraitdə maskalanmağa, müstəqil Azərbaycan dövlətində müəyyən vəzifə tutmağa müvəffəq olan Ramiz Mehdiyev Ulu Öndər Heydər Əliyevin və sonradan Prezident İlham Əliyevin əsas diqqətini ölkə quruculuğu, Qarabağ probleminin həlli və iqtisadi inkişafına yönəltməsindən istifadə edərək, öz klanını qurmağa başlayır.

2000-ci ildən dövlətin bütün imkanlarını əlində cəmləşdirməyə çalışan Mehdiyev, hətta Ulu Öndərə qarşı da bir sıra kampaniyaların gizli sifarişçisi, təşkilatçısı kimi çıxış edib.

Onun PA rəhbəri vəzifəsinə yüksəlməsi ölkədə korrupsiya və rüşvətxorluq, qohumbazlıq, yaxın şəxslərin vəzifələrə cəlb edilməsi, biznesə total nəzarət kimi gizli sxemlərin qurulması ilə nəticələnib.

Uzun illər sprut kimi bütün sahələri ələ keçirən Mehdiyev məhz bu əlaqələri və mühüm postlara yerləşdirdiyi adamları sayəsində özünü gizlədə bilib, əsl niyyətinin ifşa olmasının qarşısını alıb.

Mehdiyev PA-da çalışdığı dövrdə Heydər Əliyevin yaxın silahdaşlarını ləkələyir, istedadlı, bacarıqlı şəxslərə ləkə atır, onlar haqqında kompromatlar hazırlatdırır və onların işdən çıxarılmasına nail olurdu.

Güclü inzibati aparata sahib olan Mehdiyev bəzi insanların deputat seçilməsinə mane olur, millətini, xalqını sevən şəxslərin rəhbər vəzifə tutmasının qarşısını ala bilirdi. Bu şəxslər Mehdiyevin gələcək planlarına mane ola bilər və onların ləkələnməsi, aradan götürülməsi prioritet idi.

Mehdiyevin Ulu Öndərə qarşı hərəkətləri bununla da bitmir. Azərbaycanın çətin günlərində iqtisadiyyata dəstək durmaq, ölkə iqtisadiyyatını dirçəltmək üçün Heydər Əliyev xaricdə, o cümlədən Rusiyada yaşayan azərbaycanlı iş adamlarını ölkəyə dəvət edir. Bu dəvəti qəbul edib Azərbaycana qayıdan, iş quran iş adamlarının başına isə Mehdiyev tərəfindən olmaz işlər açılır, biznesləri əllərindən alınırdı.

Müxtəlif quraşdırma maddələrlə həbsə göndərilən iş adamlarının da sayı az deyil. Bu işdə Mehdiyevə zaman-zaman çevrəsinə yığdığı, vəzifə və səlahiyyət verdiyi şəxslər yardım edib.

Mehdiyevin bəd əməlləri elm çevrəsinə də sirayət edib. Yüzlərlə alim, elm adamı pis vəziyyətə salınıb, Akademiyadan uzaqlaşdırılıb. Əvəzində isə Elmlər Akademiyası müəyyən şəxslərin "çayxanası"na çevrilib, Azərbaycanda elmlə məşğul olmaq, ixtiralar, yeniliklər etmək istəyənlər isə qapıdan qovulub. Bu, Mehdiyevin Azərbaycan elminə və deməli həm də gələcəyinə vurduğu və illərlə sağalmayacaq yaralardan biridir.

Mehdiyevin ermənilərə xüsusi simpatiya bəsləməsi də anlaşılan deyil. Öz dədə-baba yurdundan qovulmuş Qərbi Azərbaycandan olan alimlər 2002-ci ildə Aşıq Ələsgər adına mədəniyyət evində tədbir təşkil ediblər. İşğaldan, erməni vəhşiliyindən söhbət açılan tədbir Mehdiyev tərəfindən siyasiləşdirilərək, orada iştirak edən şəxslərə qarşı repressiyalar başlayıb.

Qurduğu "beşinci kolon" hesabına daim Azərbaycana qarşı təxribatlar törədən, fəaliyyət aparan Mehdiyev düşmən qüvvələr tərəfindən idarə olunan casuslar, təxribatçılar, diversantlar və sabotajçılar ordusu yığmışdı. Müxtəlif dövlət və özəl strukturlarına yerləşdirilən bu şəxslər müəyyən komandalarla hərəkətə keçir, fəaliyyət göstərirdilər. Bu zaman əsas hədəf Azərbaycan Ordusu olub. Onu içəridən sarsıltmaq, ölkənin müdafiə qabiliyyətini zəiflətmək, xalq arasında əsgərə və orduya qarşı inamsızlıq, etimadsızlıq yaratmaq üçün bütün resurslardan istifadə edilib.

"Beşinci kolon"un missiyalarından biri də sosial-iqtisadi vəziyyətin ağırlaşdırılması, məhkəmə-hüquq sistemini iflası, rəsmi Bakının xarici tərəfdaşlarında güvənsizlik yaradılması olub. Nazirlər Kabineti tərəfindən çıxarılan və iqtisadi islahatı ehtiva edən qərarların iqtisadi inkişafa məhdudlaşdırıcı təsirləri, sənayenin inkişafı üçün zəruri olan ixtisaslar üzrə təhsilin ləğv olunması, iş adamlarının saxta maddələrlə təqibi, vergi və gömrük siyasətinə müdaxilələr bu sırada yer alır. Məqsəd inkişafın qarşısını almaq, Azərbaycan iqtisadiyyatını xaosa sürükləmək olub.

44 günlük Vətən müharibəsi dövründə də Mehdiyevin "beşinci kolon"u pozucu fəaliyyəti ilə yadda qaldı. Görünən odur ki, təxribat xarakterli məlumatların və dezinformasiyaların yayılması da məhz onun və əlaltılarının göstərişi ilə reallaşıb. Müharibənin guya hansısa böyük dövlətlərlə razılaşdırılması, xaricdən olunan təzyiqlərə Prezident İlham Əliyevin kəskin reaksiyalarının guya razılaşdırılmış oyun olması barədə tirajlanan xəbərlər də məhz bu kolonun fəaliyyətini üzə çıxarır.

Bundan əlavə, Mehdiyevin rəhbərlik etdiyi və sarmaşıq kimi bir sıra strukturları bürüyən kolon nümayəndələri radikal müxalifət qüvvələrini bəsləyir, onların vasitəsilə cəmiyyətə saxta kompromatlar, materiallar ötürür, iqtidara qarşı kampaniyalara start verirdi. Bütün bunlar isə sadəcə bir məqsədə xidmət edirdi: ölkədə qarışıqlıq və xaos yaratmaq, qarışıqlıqdan istifadə edərək, hakimiyyətə yiyələnmək.

Son illər isə Ramiz Mehdiyev şəbəkəsinin aktivləşməsinin səbəbini 44 günlük müharibədə əldə edilən uğurlar, Bakı-İrəvan xəttində sülh sazişinə doğru atılan addımlar, böyük iqtisadi layihələrin reallaşdırılması, Azərbaycan Prezidentinin dünyada artan rolu, Azərbaycanın regional və qlobal oyunçuya çevrilməsində axtarmaq lazımdır. Bunları həzm edə bilməyən "Boz kardinal" və onun əmrlər aldığı dairələr ona fəaliyyətə keçməyi tapşırıblar. Amma bu dəfə də Mehdiyevin arzusu ürəyində qaldı. İndi onu yenə kürsü gözləyir, ancaq bu dəfə müttəhimlər kürsüsü. Unutmaq lazım deyil ki, Azərbaycanda dövlətə və xalqa xəyanət edənlərin hamısının yolu ədalət qarşısında cavab verməkdən keçir.

"Report"un Analitik Qrupu