20 noyabr 2024 12:15
84

YAP zəfərlər və qələbələr  partiyasıdır

Böyük dövlət xadimi, Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrın 21-də yaranan, demokratik prinsiplərə söykənməklə az keçmədən hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası  (YAP) 32 ildir dövlətimizə, xalqımıza ləyaqətlə xidmət edir. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu bu siyasi təşkilatın yarandığı gündən çətin   yollardan keçib və qısa müddətdə ümumxalq partiyasına çevrilib. Xalqımız zərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Hər bir siyasi partiyanın keçdiyi yolu tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir.

Bu məlum 32 il ərzində böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Bəli, müstəqilliyimizin ilk illərində Azərbaycanda tüğyan edən böhran, iqtisadi tənəzzül demək olar ki, suverenliyimizi təhdükələr altında qoymuşdu. Ciddi  siyasi və iqtisadi böhran davam edirdi. Məhz belə bir taleyüklü dövrdə  91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.

Ulu Öndər o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin ciddi maneələr yaradırdı. Ona görə də yeni partiya yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək YAP-ın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə demişdir: «Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi”.

Son 20 ilin uğurları möhtərəm Prezidentimiz İlham Əliyevin hər bir vədini əməli fəaliyyəti ilə təsdiqlədiyini göstərir. Dövlət başçısının əsas amalı ərazi bütövlüyümüzün bərpası, ərazilərimizin işğaldan azad edilməsi idi. Bu illər ərzində Azərbaycan bütün sahələrdə gücləndi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı, ordumuz Qələbəyə hazırlandı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, ərazi bütövlüyümüz bərpa edildi. Ali Baş Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı, Qələbəmizin əsas qəhrəmanı kimi yazdı. Dövlət başçımız ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtliyini Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən belə ifadə etmişdir: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»

Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. YAP tarixdə qələbələr və zəfərlər partiyası kimi ad qazanıb. Partiyanın qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər ümumilikdə dövlətimizin daha da güclənməsinə, nüfuzunun artmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri