20 noyabr 2024 13:41
94

Ümumbəşəri dəyərlərə və milli ənənələrə söykənən Konstitusiyamız

Azərbaycan Respublikası 1991-ci il 18 oktyabrda öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Belə olan vəziyyətdə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi kimi məsuliyyətli tarixi vəzifəni məhz Ulu Öndər Heydər Əliyev öz üzərinə götürdü. Ümummilli Liderimizin bilavasitə rəhbərliyi və ciddi nəzarəti ilə yaradılmış xüsusi komissiya Konstitusiya layihəsini hazırlayaraq ümumxalq müzakirəsinə verdi. Ulu Öndərin təşəbbüsü ilə 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu xalqımız və dövlətçiliyimiz adına əlamətdar hadisə idi. Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.

Konstitusiyamızda dövlətimizin əsas strateji fəaliyyət istiqamətləri dəqiq müəyyənləşdirilib. Konstitusiyamız respublikamızın suverenliyini, müstəqilliyini, demokratik idarəçilik prinsiplərinə sadiqliyini təsbit edir. Eyni zamanda burada xalqımız və vətəndaşlarımız üçün kifayət qədər geniş hüquq və azadlıqlar yer alıb. Azərbaycan Respublikasında hüquqi və demokratik dövlət quruculuğunun bütün əsas hüquqi bazası məhz Konstitusiyamızda öz əksini tapıb. Unitar quruluşa malik olan ölkəmizdə həmrəylik dövlətçiliyimizin əsas təməl prinsipidir. Bu prinsip bütün siyasi, sosial, etnik və digər maraqlardan daha üstün sayılır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyası da məhz xalqımızın, vətəndaşlarımızın həmrəyliyini özündə ehtiva edir.

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli 2241 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarıldı. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər edildi, habelə 6 yeni maddə əlavə edildi. Azərbaycan xalqı təklif olunan bütün dəyişiklikləri demək olar yekdilliklə dəstəklədi, çünki onlar ölkəmizdə dövlət idarəçilik mexanizminin daha da təkmilləşdirilməsini, qanunlarımızın daha da demokratikləşdirilməsini,  Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsini nəzərdə tutur.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən bütün islahatlar dövlətimizin daha da qüdrətlənməsi amalına xidmət edir. Davamlı sosial-iqtisadi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycan Respublikasının gücünü, qüdrətini daha da artıracaq.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini