Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər.
1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, Azərbaycanın o dövrdəki mürəkkəb vəziyyəti fonunda mühüm bir hadisə idi. Bu dövr, ölkənin müstəqilliyini yenicə bərpa etdiyi və siyasi sabitliyin bərqərar olmadığı illərə təsadüf edirdi. Bu çətinliklər fonunda Ümummilli Lider Heydər Əliyevin təcrübəsi və liderlik keyfiyyətləri cəmiyyətin sabitlik və inkişaf üçün yeganə çıxış yolu olaraq görülürdü. Heydər Əliyevin rəhbərliyi ilə YAP qısa müddət ərzində ölkənin siyasi həyatında əhəmiyyətli bir gücə çevrildi.
Yeni Azərbaycan Partiyasının yaradılmasında əsas məqsəd, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması və ölkənin siyasi sabitliyinin təmin edilməsi idi. Heydər Əliyevin liderliyi ilə partiya, demokratik prinsiplərə və sosial ədalətə əsaslanaraq milli maraqları müdafiə edən bir ideologiyanı formalaşdırdı. Partiya qısa müddət ərzində, geniş ictimai dəstək qazanaraq ölkənin siyasi sistemində güclü mövqeyə sahib oldu.
Dahi Lider Heydər Əliyevin siyasi və dövlətçilik təcrübəsi YAP-ın cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə təkan verdi. Partiya, cəmiyyətin müxtəlif təbəqələrini birləşdirərək, xalqın sosial rifahını yaxşılaşdırmaq və milli maraqları qorumaq məqsədi ilə genişmiqyaslı islahatlar həyata keçirdi. Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, YAP-ın fəaliyyətinin ana xəttini təşkil edərək ölkənin iqtisadi və siyasi inkişafına yönəlik strateji planların həyata keçirilməsini təmin etdi.
Ulu Öndərin rəhbərliyi dövründə Yeni Azərbaycan Partiyası, dövlət idarəçiliyi sahəsində çoxsaylı nailiyyətlər əldə etdi. Onun təşəbbüsü ilə həyata keçirilən islahatlar, dövlətçiliyin möhkəmlənməsi, qanunun aliliyinin təmin edilməsi və ölkədə hüquqi, demokratik və sosial ədalətli cəmiyyətin qurulması istiqamətində mühüm addımlar atıldı. YAP-ın uğurlu fəaliyyəti, partiyanın dövlət və cəmiyyət arasında bir körpü kimi çıxış etməsinə və xalqın etimadını qazanmasına səbəb oldu.
Yeni Azərbaycan Partiyasının tarixi uğurları, onun uzunmüddətli perspektivdə ölkənin inkişafı üçün əsas siyasi qüvvə olaraq qalmasını təmin etdi. Heydər Əliyevin qoyduğu siyasi irs, partiyanın gələcək nəsillər üçün də mühüm bir dayaq və ilham mənbəyi olmasını şərtləndirdi. Bu partiya, Azərbaycan xalqının rifahı, müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi üçün fəaliyyətini uğurla davam etdirərək, cəmiyyətin aparıcı gücü olaraq qalmaqdadır. Bu baxımdan, YAP-ın yaradılması və onun inkişafı, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və liderlik bacarığının ən gözəl nümunələrindən biri olaraq qalır.
Dahi Lider Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.
Cənab İlham Əliyev YAP-ın yeni inkişaf mərhələsinə rəhbərlik etmiş, partiyanın siyasi, sosial və iqtisadi sahələrdəki təsirini genişləndirmişdir. Bu dövrdə Azərbaycanda iqtisadi islahatlar həyata keçirilmiş, sosial siyasət daha da möhkəmləndirilmiş və ölkəmizin inkişafı davam etdirilmişdir. Eyni zamanda, həyata keçirilən müstəqil xarici siyasətin təməli daha da möhkəmlənmiş, ölkənin beynəlxalq əlaqələri inkişaf edərək Azərbaycanın güclü mövqeyə gəlməsini təmin etmişdir.
Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı partiyanın gələcək inkişafı üçün çox mühüm bir mərhələ oldu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın YAP Sədrinin birinci müavini təyin edilməsi, partiyanın idarəetmə strukturunu daha da gücləndirdi. Bu qurultay, YAP-ın Azərbaycan siyasi həyatında güclü və davamlı rolunun təmin edilməsində böyük əhəmiyyət kəsb edir.
VII qurultay YAP-ın Sədri cənab İlham Əliyevin liderliyi ilə yeni dövrün təzahürüdür. Həmçinin, cənab İlham Əliyevin siyasi vizyonu partiyanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə güclü mövqe tutmasına səbəb olmuşdur. Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası, müasir dövrün tələblərinə uyğunlaşaraq daha güclü və dinamik bir siyasi qüvvəyə çevrilmişdir.
YAP-ın yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Bu proqram, Heydər Əliyevin prinsiplərinə əsaslanaraq, Azərbaycanı gələcəkdə siyasi, iqtisadi və sosial inkişaf istiqamətləri üzrə yönləndirmək məqsədini daşıyır. Yeni proqramın təsdiqi, partiyanın müasir çağırışlara uyğunlaşmasına və strateji hədəflərinin təkmilləşməsinə xidmət edir.
Bu gün əminliklə demək olar ki, Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir.
Heydər Əsədov,
Milli Məclisin deputatı