04 noyabr 2024 20:09
115

Azərbaycan və İraq XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İraqın Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdə cari regional vəziyyət, bölgədə artan gərginlik, habelə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Fuad Hüseyn bölgədəki son inkişaflar barədə ətraflı məlumat verərək, münaqişənin genişlənməsinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Qarşı tərəf bir neçə gün sonra ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) son hazırlıq işləri ilə bağlı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.