29 oktyabr 2024 18:19
938

Məişət zorakılığının QURBANLARI - ÇIXIŞ YOLU NƏDİR?

Dünyada geniş yayılmış problemlərdən biri olan, məişət zorakılığı kimi qəbul edilən ailədaxili şiddət bu günün deyil, əsrlərin problemidir. Hazırda dünyada bu problemin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülür. Bununla belə, məişət zorakılığı probleminin tam həll edildiyini söyləmək çətindir. Mütəxəssislərin fikrincə, zorakılığın əsasında psixoloji şiddət dayanır.

Məişət zorakılığı Azərbaycanda da geniş yayılmış problemdir. Ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Bu səbəbdən məişət zorakılığı bir qayda olaraq, fiziki zorakılıq, cinsi zorakılıq, psixoloji zorakılıq və iqtisadi zorakılıq kimi təsnifatlaşdırılır.

Bir psixoloq kimi qeyd etməliyəm ki, psixoloji zorakılıq təcrid etmək, xəsarət yetirməklə təhdid etmək, hədə-qorxu gəlmək, sataşmaq, təqib etmək, qadağalar qoymaq, incitmək, ləkələmək, fiziki və sosial baxımdan təcrid etmək, hədsiz qısqanclıq və tələbkarlıq hissi, məhrum etmək, ləyaqətdən salmaq, alçaltmaq, daimi tənqid etmək, uydurma səbəblərdən təqsirləndirmək, hər məsələyə görə qınamaq, saymamaq, ehtiyaclarını məsxərəyə qoymaq, yalan söyləmək, sözünə əməl etməmək, etimadı itirmək və s. formalardadır.

Məişət zorakılığı kifayət qədər geniş yayılmış, çətin həll oluna bilən və ciddi, bəzən də faciəli nəticələrə səbəb olan zərərli həyati situasiyadır. Məişət zəminində törədilən zorakılıq mürəkkəb proses olub istər ayrı-ayrı fərdlər, istərsə də bütövlükdə cəmiyyət üçün ciddi nəticələrə gətirə bilər. Adətən məişət zorakılığına daha çox müdafiəsiz vətəndaşlar kateqoriyası məruz qalır: qadınlar, uşaqlar, ahıllar və əlilliyi olan şəxslər. Müvafiq sahədə çalışan tədqiqatçı və ekspertlərin əksəriyyətinin fikrincə, ailə zorakılıq zəncirini yaradır. Belə ki, məişət zorakılığının adi hala çevrildiyi ailələrdə böyüyən uşaqlar, bunu müəyyən mənada mənimsəyir və gələcəkdə quracaqları ailədə tətbiq edirlər.

Sözsüz ki, məişət zorakılığı zamanı ən çox əziyyət çəkənlər srıasında uşaqları xüsusilə qeyd etmək lazımdır. Zorakılıq nəticəsində fiziki və psixoloji travmalar yaşamış uşaqların gündəlik həyatlarında zaman keçdikcə dəyişikliklər müşahidə olunur, onlarda uzunmüddətli davam edəcək travmalar, fobiyalar və digər psixoloji çətinliklər formalaşır və nəticədə hətta gələcək həyatlarında dərindən təsir edəcək xüsusiyyətlər meydana çıxır. Bir qayda olaraq məişət zorakılığından əziyyət çəkən uşaqlar qeyd edəcəyim çətinliklərlə üzləşirlər: Aqressiya, stres, özünəqapanma, qorxu, həyəcan, təşviş, ünsiyyətdən qaçmaq, utancaqlıq, yuxu və qida pozuntuları və s. əlamətlər qeyd etdiyim səbəblərə gətirib çıxarır.

Bəzən isə məişət zorakılığı hadisələri zamanı valideynlər səbəbkar kimi övladlarını göstərməklə günahlandırırlar. “Sən olmasaydın, bunlar baş verməzdi”, “bütün olanlara sənə görə dözürəm” və digər ifadələri işlətməklə baş verənlərdə məsuliyyəti övladlarına atırlar. Bu da nəticədə həmin uşaqlarda günahkarlıq, acizlik hisləri formasında özünü büruzə verir və müəyyən tədbir görülməyəcəyi təqdirdə uzun müddət davam edir. Qeyd etməliyik ki, bu anları yaşamış uşaqlarda gələcəkdə təkcə cəmiyyət üçün yox, valideynləri ilə münasibətdə də aqressivlik, şiddətəmeyillik, intiqam almaq hisləri yüksək olur. Digər tərəfdən isə onlar böyüyüb ailə qurduqdan sonra bu münasibəti öz ailələrinə və övladlarına da nümayiş etdirə bilirlər.

Bundan savayı bəzən öz ailə üzvləri, bəzən isə yoldaşı və onun ailə üzvləri tərəfindən təhdid olunan məişət zorakılığı qurbanları insanlar bu barədə heç kimlə danışa bilmir, aidiyatı qurumlara müraciət etməkdən də çəkinirlər. təhdid deyil. Xüsusən yeni ailə qurmuş xanımlar toydan öncə valideynləri tərəfindən təhdid və xəbərdaredici tövsiyələr alır, getdiyi evdən ancaq məzarını çıxmağını, yoldaşı və onun ailəsinin dediklərinin qanun olduğunu bildirməklə, həmin xanımlarda olan etibar, güvən hissini yox edir və ümdisizlik, acizlik, qorxu hislərini formalaşdırırlar. Mütəmadi hədə-qorxu ilə üzləşmək, ailə üzvləri tərəfindən onların başqalarından təcrid olunması, davamlı təhqir, şantaj və şiddət görməsi nəticəsində həmin xanımlar ağır travmalar alır, stress, depressiya, qorxu, həyəcan,təşviş, özünütəcrid və digər psixoloji məqamlarla qarşılaşmalı olurlar.

Belə olduğu təqdirdə isə belə bir məsuliyyətli sınaqla mübarizə aparmaq heç də asan olmur. Təbii ki, heç də bütün xanımlar bu vəziyyətdən çıxa bilmir və onlar belə hallardan xilas olmaq üçün başqa yollara əl atırlar ki, bunlar sırasında intiharlar üstünlük təşkil edir.

Bugün məişət zorakılığı və ailədaxili münaqişələrlə bağlı Mərkəzlərimizə müraciət edənlərin sayı heç də az deyildir. Onlar peşəkar mütəxəssislərlə birgə seanslarda iştirak etdikdən sonra bir çox psixoloji problemlərdən xilas olur və yenidən cəmiyyətə qazandırılırlar, lakin əfsuslar olsun ki, statistikaların qarşılığında bu cür reabilitasiya xidmətlərindən istifadə edən şəxslərin ümumi saya nisbətində qat-qat aşağı olduğunu görürük. Bu da təkcə sosial səbəblərlə deyil, maliyyə durumu ilə də əlaqəli ola bilir.

Qeyd etdiyim kimi məişət zorakılığından əziyyət çəkən şəxslərin kütləvi şəkildə reabilitasiyasını təşkil etmək üçün kompleks işlərin keçirilməsi labüddür. Doğrudur, bugün dövlətimiz və ayrı-ayrı müvafiq qurumlar tərəfindən çox vacib işlər görülməkdədir və bunun nəticələri barədə ictimaiyyətə mütəmadi şəkildə məlumatlar təqdim olunur, amma görünən odur ki, baş verən hadisələrin sayının artması fonunda daha çox işlər həyata keçirilməsi məqsədəuyğundur. Təbii ki, burada bütün yükü dövlətin və ya bir qurumun üzərinə qoymaq olmaz. Cəmiyyətin bir fərdi kimi bu cür məsələlərə həssas yanaşmalı, bacara biləcəyimiz fəaliyyətləri göstərməliyik. Digər tərəfdən aidiyatı qurumlarla hüquq-mühafizə orqanların birgə fəaliyyətinə təşkilatlar, ictimai şəxslər də qoşulmalı və bir şəbəkə kimi layihələr, tədbirlər keçirilməli, maarifləndirici görüşlər təşkil olunmalıdır. Cəmiyyətimizdə bu kimi xoşagəlməz halların sayının azalmasını istəyiriksə, məsuliyyətli olaraq öz dəstəyimizi göstərməliyik.

Digər tərəfdən bugün rəqəmsal texnologiyaların inkişafı nəticəsində diqqət edilməli əsas nüasnlardan biri də müasir media vasitələridir. İstər televiziya və radio, istərsə də internet media və sosial şəbəkələrdə bu məqamlara xüsusi diqqət edilməlidir. Təəssüflər olsun ki, həyatımızın ayrılmaz bir hissəsinə çevrilməkdə olan rəqəmsal texnologiyalar və media bəzən fəlakətlərin başlanğıcı ola bilir. Müxtəlif sosial şəbəkələrdə və ya televizorda hansısa bir verilişdə baş verənlər heç istəmədiyimiz halda xoşagəlməz bir ənənəyə çevrilə bilir. Odur ki, əsas missiyası maarifləndirmə və şəbəkələşmə olan media vasitələrindən səmərəli istifadə vacibdir və burada media subyektləri mühüm əhəmiyyət kəsb edir. Bəzən daha çox izləyici toplamaq üçün təqdim olunan informasiya başqa hadisələr üçün başlamaq səbəbinə çevrilir. Bu səbəbdən də media subyektləri belə həssas məsələlərdə maarifçilik işini, sosial şəbəkə istifadəçiləri isə paylaşımları edərkən diqqət yetirməlidirlər.

Unutmayaq ki, məişət zorakılığına məruz qalan qadın, uşaq və ya digər bir şəxs bizim cəmiyyətimizin üzvüdür və onların yenidən aramıza qısa zamanda sağlam şəkildə dönməsi həm də dövlətimizin, cəmiyyətimizin sağlam bir vətəndaşının qazanılması deməkdir.

Təranə Paşayeva,
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri,
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri,
​Psixologiya üzrə fəlsəfə doktoru