29 oktyabr 2024 13:00
758

Neftçilərimiz tanıyaq

SOCAR rəsmi sosial şəbəkə səhifələrində “Neftçilərimizi tanıyaq” rubrikası ilə enerji sektorunun inkişafına fəaliyyətləri ilə dəyərli töhfə verən şirkət əməkdaşları haqqında mütəmadi olaraq məlumatlar təqdim edir. Bu dəfəki paylaşımda böyük energetik Lamiyə Tağıyeva və geoloq Həmidə Sarıyevadan bəhs edilib.

Lamiyə Tağyeva ali tahsilinin bakalavr pilləsini 2015-2019-cu, magistr pilləsini isə 2019-2021-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Elektroenergetika mühəndisliyi ixtisası üzrə bitirib. Hazırda SOCAR-ın Bakı Ali Neft Məktəbində MBA proqramında Layihələrin idarə olunması ixtisası üzrə magistr təhsili alır.

Əmək fəaliyyatinə 2019-cu ildə SOCAR-ın "Azneft" İstehsalat Birliyinin (İB) Qaz anbarlarının istismarı İdarəsinin Elektrik təchizatı ve elektrik avadanlıqları sahəsində elektrik təchizatı üzrə mühəndis vəzifəsində başlayıb. 2024-cü ilin aprel ayından indiyədək isə İB-nin Maddi-texniki təchizat İdarəsində Rəhbərlik yanında aparatda böyük energetikdir.

Lamiyə Tağyeva, SOCAR-da çalışmağa başlamadan öncə, 2019-cu ildə şirkətin Daxili Təqaüd Proqramının iştirakçısı və Ödənişli İstehsalat Təcrübəsi Proqramının qalibi, 2024-cü ildə isə SOCAR və Almaniyanın “Uniper” şirkətinin Almaniyada birgə təşkil etdikləri "Qadınlar liderlikdə" (Woman in Leadership) proqramının iştirakçısı olub.

Həmidə Sarıyeva ali təhsilinin bakalavr pilləsini 2014-2018-ci, magistr pilləsini isə 2020-2022-ci illarda Bakı Dövlət Universitetində Geologiya ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2019-cu ildə Azerbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Statistik araşdırmalar elmi layihələndirmə və innovasiyalar şöbəsində operator olaraq başlayıb və 2021-ci ilədək bu vəzifədə çalışıb. 2021-2023-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və geofızika İnstitutunun Filiz maqmatik sistemləri şöbəsində mühəndis vəzifəsini icra edib. 2023-cü ildə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Qaz anbarlarının istismarı İdarəsində çalışmağa başlayıb. Burada o, Layların, quyuların tədqiqatı və istehsalat işləri xidmət sahəsinin tədqiqat qrupunda quyuların tədqiqi üzrə operator vəzifəsində işləyib. 2024-cü ilin fevral ayından indiyədak bu İdarənin Yataqların geologiyası ve idarəedilməsi şöbəsinin geoloqudur.

Həmidə Sarıyeva, SOCAR-da işə başlamadan öncə, 2022-ci ildə şirkətin Ödənişli İstehsalat Təcrübəsi Proqramının qalibi, 2024-cü ildə isə SOCAR və Almaniyanın "Uniper" şirkətinin Almaniyada birgə təşkil etdikləri "Qadınlar liderlikdə" (Woman in Leadership) proqramının iştirakçısı olub.

Orxan Vahidoğlu, "İki sahil"