Çinin paytaxtı Pekində Dünya İfaçılıq Sənətləri Assosiasiyası (WAPA) və Çin Dövlət İfaçılıq Sənəti Birliyinin (NCPA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib. “Qlobal ifaçılıq sənəti: Davamlı gələcəyə doğru” mövzusunda keçirilən foruma dünyanın nüfuzlu opera teatrları, incəsənət və musiqi kollektivlərinin rəhbərləri, tanınmış dirijor və sənət xadimləri qatılıblar.
“İki sahil” xəbər verir ki, forumda ölkəmizi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Əməkdar artist Əyyub Quliyev təmsil edib.
Noyabrın 1-dən 4-dək NCPA-nın Opera Teatrı və Filarmoniyasında keçirilən forumda müxtəlif mövzulara dair dəyirmi masa və müzakirələr aparılıb.
Forumun rəsmi açılış mərasimində Çinin Mədəniyyət və Turizm Nazirliyi, NCPA, UNESCO və Pekin şəhər meriyasının rəhbərliyinin iştirakçılara ünvanlanan təbrikləri oxunub. Çıxışlarda dünyadakı mürəkkəb geosiyasi vəziyyətdə ölkələr arasında mədəni körpülərin qurulması, cəmiyyətin sağlam mənəvi inkişafı proseslərinə dəstək, uşaq və gənclərin mədəni layihələrə cəlb olunması və istedadların formalaşmasında nüfuzlu qurumların fəaliyyətinin xüsusi önəmi qeyd olunub.
Tədbirdə məşhur opera teatrları və musiqi kollektivlərinin rəhbərlərinin çıxışları təqdim olunub.
Dirijor Əyyub Quliyevin “Azərbaycan opera və balet sənəti - Şərq və Qərbin qovuşduğu məkan” mövzusunda məruzəsində 1908-ci il Şərqdə ilk operanın - “Leyli və Məcnun”un yaranma tarixindən, eləcə də Azərbaycan musiqi və teatr sənətinin dünyaya verdiyi töhfələrdən danışıb. Tədbir iştirakçıları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operasının (Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Məmmədovanın ifasında) videoçarxını maraqla izləyiblər.
Forumda Cənubi Amerika Opera Assosiasiyası (Opera Latino America), Avropa Opera Birliyi (Opera Europe), Yaponiyanın “New Tokio”, Argentina, Braziliya, Yeni Zelandiya, Cənubi Afrika və digər ölkələrin milli opera teatrlarının rəhbərləri arasında təcrübə və ideya mübadiləsi aparılıb.
Forumun son günü ümumi bəyannamə qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2019-cu ildən WAPA-nın tamhüquqlu üzvüdür.