25 oktyabr 2024 00:57
89

Qlobal ticarətin yeni arteriyası - Orta Dəhliz

Son illərdə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayaraq regionun və beynəlxalq ticarətin mərkəzlərindən birinə çevrilib. Azərbaycanın geosiyasi mövqeyi  ölkəmizi Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərindən biri kimi məşhulaşdırıb. Bu strateji mövqe həm də ölkənin iqtisadi inkişafının mühüm sütunlarından biri kimi qəbul olunur. Azərbaycanın ərazisindən keçən əsas beynəlxalq nəqliyyat marşrutlarının rəqabət qabiliyyətinin artırılması məqsədilə son illərdə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən genişmiqyaslı islahatlar həyata keçirilir.

Bu nəqliyyat dəhlizlərindən ən əhəmiyyətlisi olan Orta Dəhliz, Şərq-Qərb marşrutu üzrə tranzit yüklərin daşınması üçün əsas arteriyadır. "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Assosiasiyası çərçivəsində reallaşdırılan birgə fəaliyyətlər bu marşrutun daha da inkişaf etdirilməsinə yönəlib. Azərbaycanın bu təşəbbüsləri təkcə nəqliyyat sahəsində deyil, həm də regional əməkdaşlığın gücləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşməsinə yönələn bir addımdır. ADY bu sahədə dünya təcrübəsindən istifadə edərək əsasən konteyner daşımalarının rolunu artırmağa çalışır.

Son zamanlar həyata keçirilən islahatlar çərçivəsində "ADY Konteyner" MMC və "ADY Ekspress" MMC-nin birləşdirilməsi bu prosesi daha da sürətləndirəcək. 1 noyabr 2024-cü ildən bu birləşmə sayəsində tranzit daşımaları sahəsində daha geniş və çevik xidmətlər təqdim ediləcək. Yenidən təşkil olunmuş “ADY Ekspress” MMC həm konteyner, həm də multimodal daşımalar təklif etməklə müştərilərə zaman və maliyyə qənaəti təmin edəcək. Rəqəmsal texnologiyaların tətbiqi ilə yükdaşımaların şəffaflığı və təhlükəsizliyi artırılacaq. Bu da Azərbaycanın nəqliyyat sektorunun rəqabət qabiliyyətinin artmasına mühüm töhfə vermiş olacaq.

Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Dünya Bankının proqnozlarına görə, əgər uyğun logistika və nəqliyyat şərtləri təmin olunarsa, 2030-cu ilə qədər Çin ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 30 faiz artacaq. Amma bunun üçün tələblərə cavab verən nəqliyyat dəhlizinin olması vacibdir. Çin və Avropa dünyanın ayrı-ayrı nöqtələrində yerləşir. Bu coğrafi məkanların  aralarında təxminən 9 min kilometr məsafə var. Ona görə də hazırda bu iki coğrafi məkanın arasında malların daşınması üçün yeni marşrutun seçilməsi bütün dünyanın diqqət mərkəzindədir. Orta Dəhliz marşrut bu layihəyə əsas namizəddir.

Azərbaycan şanlı Zəfəri ilə 30 ilə yaxın işğal altında qalan torpaqları azad etdikdən sonra regionun digər dövlətlərinin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Eyni zamanda, bu Zəfər Azərbaycanın Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsi olmasını şərtləndirir.

2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm şəkildə konteynerlərin daşınması həyata keçirilir. Orta Dəhlizin ən işlək və rentabelli seqmenti kimi Zəngəzur qovşağı xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Orta Dəhlizin ən strateji xətlərindən biri kimi Zəngəzur dəhlizinin yaradılması həm də Naxçıvan ilə quru əlaqələrin bərpası və Naxçıvanın Xəzər- Aralıq dənizini birləşdirən körpüyə çevrilməsinə səbəb olacaq. Regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsi olan Orta Dəhliz iqtisadi baxımdan səmərəli olduğu kimi, onun siyasi əhəmiyyəti də az deyil. Belə ki, Asiya ilə Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) davamı olan Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda meydana çıxıb.

Azərbaycanın nəqliyyat sektorunda əldə etdiyi bu uğurlar, beynəlxalq dəhlizlərin inkişafı üçün əlverişli infrastrukturun mövcudluğunu və ölkənin bu sahədə gördüyü işlərin səmərəliliyini nümayiş etdirir. Bütün bu amillər Azərbaycanın beynəlxalq tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir. Nəticədə Orta Dəhliz və digər marşrutlar üzrə yükdaşımaların həcmi sürətlə artmaqdadır. Bu ilin yanvar-sentyabr aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə daşımaların həcminin 70% artaraq 3,4 milyon tona çatması, Azərbaycanın tranzit potensialının və Orta Dəhlizin regional və beynəlxalq ticarət əlaqələrindəki əhəmiyyətini bir daha önə çıxarır.

Konteyner daşımalarının 3 dəfə artaraq 34,6 min TEU-ya çatması və Çindən konteyner tranzitinin 20 dəfədən çox artması ilə Orta Dəhlizin yükdaşımalar üçün daha cəlbedici marşruta çevrilib. Bu, həm də regionda logistika və nəqliyyat infrastrukturunun effektiv şəkildə inkişaf etdirildiyini göstərir. Xüsusilə konteynerləşmə, yüklərin səmərəli və sürətli daşınmasını təmin edən vacib amil olaraq çıxış edir. Bu sahədəki artım ticarət əlaqələrinin genişlənməsi və iqtisadi inkişaf üçün önəmli göstəricidir.

Ümumiyyətlə, TBNM və Orta Dəhlizin inkişafı, Azərbaycanın və ümumilikdə regionun iqtisadi baxımdan strateji əhəmiyyətini artırır, beynəlxalq ticarət yollarının diversifikasiyasını təmin edir. Bu proses Azərbaycan və digər iştirakçı ölkələrin beynəlxalq nəqliyyat dəhlizlərindəki mövqeyini daha da möhkəmləndirir.

Nigar Orucova, “İki sahil”