25 oktyabr 2024 00:28
94

Gələcək nəslə təmiz dünya bəxş edək!

COP29 kimi tədbirlərin keçirilməsində məqsəd məskunlaşdığı ərazidən, milli mənsubiyyətindən, irqindən, dinindən asılı olmayaraq bütün insanları bir məqsəd naminə birləşdirmək, planetimizi qorumaqdır

Problemlərlə dolu narahat dünyamızın bu gün həmişəkindən artıq diqqətə ehtiyacı var. Milli münaqişələrin, lokal müharibələrin dəhşətləri, iqlim dəyişikliyinin yaratdığı su, ərzaq qıtlığı, ekoloji tarazlığın pozulması, müxtəlif bölgələrdə baş verən təbii fəlakətlər, epidemiyalar, meşə yanğınları… İnsan həyatı, bütün canlılar üçün biri-birindən çətin , dözülməz vəziyyət yaradan problemlərin həlli üçün bütün dünya ictimaiyyəti, elm adamları bir araya gəlib araşdırmalar aparıb, müzakirələr etsələr də hələ də ən qüdrətli ölkələr belə enerji təhlükəsizliyinin, iqtisadi böhranın, kütləvi hal alan işsizliyin, miqrantların üzləşdiyi çətinliklərlə mübarizənin ortaq yolunu tapa bilmirlər. Müxtəlif bölgələrdə təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfranslarının keçirilməsində də məqsəd planetimizin, bəşəri dəyərlərin qorunması üçün çalınan həyəcan təbilindən nəticə çıxarmaq, insanlığa xidmət edən ümumi dəyərlərin qorunmasında elliklə iştirak etməkdir. Bu cür mühüm beynəlxalq tədbirin növbəti ünvanı kimi Azərbaycanın seçilməsi də təsadüfi deyil. Çünki son onilliklərdə Ermənistanın təcavüzü nəticəsində siyasi, iqtisadi, ekoloji problemlərlə üzləşən Azərbaycanın dünya ictimaiyyətinə deməyə sözü, erməni vəhşiliyinin nümunələrini göstərməyə ehtiyacı daha çoxdur.

Torpaqları 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan təkcə iqlim dəyişikliklərindən deyil, ermənilərin hərbi cinayətlərindən, vəhşiliklərindən , təbii sərvətlərinin istismarından, su mənbələrinin çirklənməsindən, maddi- mənəvi abidələrinin dağıdılmasından, ekoloji tarazlığın pozulmasından ən çox zərər çəkən ölkə olmaqla iqlim dəyişikliyinə məruz qalan məkandır. Dünyadakı 11 iqlim qovşağından doqquzuna sahib olan, kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonalar baxımından bölgənin ən önəmli respublikası kimi dünya siyasətinə təsir imkanları artan Azərbaycan təbii fəlakətlərlə üzləşən ölkələrə dəstəyini əsirgəmir.

Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixində imzaladığı 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili»” elan edilməsi haqqında Sərəncamda qeyd olunduğu kimi, adı qlobal təşəbbüslərə ilk qoşulanlar sırasında çəkilən Azərbaycanın dövlət siyasətində insan amilinin təhlükəsizliyi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün daha vacib olan ətraf mühitin, ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən xalqın rifahı naminə istifadə həmişə diqqət mərkəzində olub.

Diplomatiyası dəstəklənən, beynəlxalq ictimaiyyətin etimadını qazanan, COVID-19 kimi dəhşətli pandemiya dövründə humanitar yardımları, xeyirxah təşəbbüsləri ilə diqqəti cəlb edən Azərbaycan atmosferi korlayan zərərli qazların, tullantıların yaratdığı fəsadlara qarşı mübarizliyi ilə seçilir, yaşıl enerji siyasətinin əhatə dairəsini genişləndirməklə ekolji tarazlığa töhfələr verir. 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi müəyyənləşdirən Azərbaycan ölkə üzrə istehsal olunan elektrik enerjisinin daha çox bərpaolunan enerji ilə əvəz olunmasını başlıca hədəf kimi qarşıya qoyur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud olan təbii su ehtiyatlarından əlverişli iqlim şəraitindən səmərəli istifadə etməklə yaşıl zona ərazilərinin genişləndirilməsi istiqamətində əhatəli proqramlar həyata keçirilir. Dünyanın aparıcı şirkətlərindən olan Səudiyyə Ərəbistanı Krallığının «ACWA Power»” və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar”» şirkətləri ilə bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi, günəş və külək enerjisi stansiyalarının tikilməsi ilə bağlı razılaşmaların əldə olunması ekoloji tarazlığın qorunması naminə atılan önəmli addımlardır. «Masdar» şirkətinin investisiyası ilə 230 meqavat gücündə Qaradağ Günəş Enerjisi Stansiyasının istifadəyə verilməsi bu sahəd atılan ilk addım olsa da sonuncu da deyil. Ölkəmizin bərpaolunan enerjisinin və yaşıl hidrogeninin Qara dənizin dibi vasitəsilə Avropaya ixrac olunması ilə bağlı layihələrə artan maraq alternativ enerji istehsalında istifadə olunan qaza qənaəti şərtləndirməklə karbohidrogen ehtiyatlarının ixrac imkanlarını genişləndirəcək. Yəni Azərbaycan bərpaolunan enerji potensialını artırmaqla yaşıl dünya naminə hərəkatın təşəbbüskarı kimi də üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir.

COP29 konfransında Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizəyə verdiyi töhfələri əyani şəkildə dünya ictimaiyyətinə çatdıracaq və bütün dünyanı bu qlobal çağırış ətrafında, həmrəylik halqasında birləşdirəcəkdir. Bu cür mühüm tədbirin respublikamızda keçirilməsi ölkəmizin milli, regional və qlobal səviyyədə artan nüfuzunun, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin beynəlxalq səviyyədə dəstəklənməsidir.

Naxçıvan Muxtar Respublikasının, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ ərazilərinin yaşıl zona elan edilməsi, Ermənistanın işğalından azad edilmiş ərazilərdə meqalayihələrin reallaşması, «ağıllı kənd», «ağıllı şəhər» layihələrinin gerçəkləşməsi, Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə elektromobillərdən, eləcə də velosiped və skuterlərdən istifadə üçün xüsusi zonaların salınması ekoloji tarazlığın qorunması istiqamətində görülən işlərin tərkib hissəsidir. Təmiz ekoloji mühitin qorunması, meşə və su resurslarının mühafizəsi, yaşıllıqların genişləndirilməsi naminə həyata keçirilən layihələr yaşıl” enerjiyə qlobal keçid olmaqla ictimai həmrəyliyin də ifadəsidir.

Əlverişli coğrafi mövqeyi və bölgədə yaratdığı yeni reallıqları ilə diqqəti cəlb edən Azərbaycanda keçiriləcək qlobal iqlim konfransının ekoloji tararazlığın qorunmasına böyük təsiri olacağını bildirən ekspertlər də əmindirlər ki, müzakirə olunacaq konkret məsələlər müsbət nəticəsini verəcəkdir. Humanitar mahiyyəti ilə də diqqəti cəlb edən konfransın təşkilində əsas məqsədlərdən biri də yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstək göstərməkdir. Çünki iqlim dəyişikliyi ilə mübarizənin başlıca şərti maliyyələşdirmə işlərinin düzgün təşkilidir. Beynəlxalq maliyyə institutlarının araşdırmalarında da bu məsələ aktuallığını qoruyur. Belə mühüm tədbirə ev sahibliyi edəcək Azərbaycanın aidiyyəti orqanları da bu məsələni diqqətə saxlamaqla, bərpaolunan enerji mənbələrinin sayını artırmaqla, sözü gedən sahəyə özəl investisiyalar cəlb etməklə də ətraf mühitin qorunmasının maksimum təminatı üçün bütün qüvvələri səfərbər edirlər. COP29-un iqlimin maliyyələşdirilməsi kimi mühüm məsələyə həsr olunması Azərbaycanın artan iqtisadi qüdrətinin, humanitar siyasətinin, multikultural dəyərlərə sadiqliyinin nəticəsidir. Buna görə də iqlim maliyyəsinin ədalətli bölüşdürülməsi ilə əlaqədar bütün ümidlər Bakıda keçiriləcək COP29-a yönəlib.

Amma dünya ictimaiyyəti artıq aydın başa düşür ki, insan həyatı üçün mənbə, qaynaq olan torpaq, su, atmosfer qorunmalı, ilk növbədə silahlar susdurulmalıdır. Bunun üçün də dünyada tiranlıq etmək istəyənlər sakini olduqları planetin hər daşı, qayası üçün məsuliyyət daşıdığını unutmamalıdırlar. Ən başlıcası isə müharibələrdən əziyyət çəkən insanların üzləşdiyi zülmləri özününküləşdirməyi bacarmalıdır. «Biz sakit, barıt qoxusu olmayan təmiz bir dünya naminə birləşməliyk!» çağırışı təkcə tədbirlərdə səslənməməlidir, hər bir insanın vicdan səsi olmalıdır.

Xuraman İsmayılqızı, «İki sahil»