25 oktyabr 2024 01:58
86

COP29 Bakıya misli görünməmiş dividendlər qazandıracaq

Buna dostlarımız sevinəcək, düşmənlərimiz isə yasa batacaqlar

Dünyanın 198 dövlətinin Azərbaycanda COP29-un keçirilməsinə verdiyi dəstək ölkəmizin dünyada nə qədər böyük çəkiyə malik olmasının göstəricisidir. Bu konfrans təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda ilk dəfə ölkəmizdə baş tutacaqdır. Möhtəşəm tədbirin keçirilməsi ərəfəsində konfransa ev sahibliyi edən Azərbaycanın təşəbbüsü və müsbət rolu haqqında beynəlxalq miqyasda müsbət fikir bildirənlərin sayı artmaqdadır. Bu sırada dost Rumıniya da var.

"Rumıniya Diplomatik İnstitutunda “Qlobal İqlim Diplomatiyası” adlı tədbirdə COP29-a həsr olan panel müzakirələr keçirilib."

Bu barədə Rumıniyadakı səfirliyimizdən məlumat verilib.

Məlumatda bildirilir ki, 23 oktyabr tarixində  Rumıniya Diplomatik İnstitutunda Enerji Siyasəti Qrupunun təşkilatçılığı ilə  “Qlobal İqlim Diplomatiyası: COP28, COP29 və COP30” adlı panel müzakirələr keçirilib. Tədbirdə Rumıniyanın ekologiya, su və meliorasiya məşələləri naziri Mirça Feket, Rumıniyanın Prezident Administrasiyasının iqlim və davamlılıq üzrə dövlət müşaviri Aleksandra Bokşe, energetika nazirinin müavini Dan-Dragoş Dragan, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və Braziliyanın həmin ölkədəki səfiri Rikardo Guerra de Araujo çıxış ediblər.

Natiqlər çıxışlarında ətraf mühit böhranları ilə mübarizə, qlobal enerji mühitinin dinamik dəyişiklikləri, enerji müstəqilliyi kimi vacib məsələlərə toxunublar. 

Rumıniyanın ekologiya, su və melirasiya məsələləri naziri Mirça Feket iqlim dəyişməsi nəticəsində ölkələrin üzləşdiyi çağırışlar, Rumıniyanın ətraf mühit sahəsində apardığı siyasət barədə söhbət açıb. O, COP29 tədbirinə toxunaraq Azərbaycanın digər ölkələr ilə əməkdaşlıqda bərpaolunan enerji mənbələrinin istifadəsinin və ötürülməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan belə böyük tədbirə ev sahibliyi etməsi ilə dünyanın inkişaf etmiş ölkələri sırasına yüksəldiyini konkret faktla sübut edir.

Tədbirdə əsas natiq qismində iştirak edən ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanov Azərbaycanda ətraf mühit, ekoloji dayanıqlıq istiqamətində həyata keçirilən tədbirlər, COP29 çərçivəsində görülən işlər və irəli sürülən təşəbbüslər, o cümlədən İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması, “COP29 atəşkəsi” barədə iştirakçılara ətraflı məlumat verib. Səfir, həmçinin ölkəmizin strateji hədəflərindən birinin karbon iqtisadiyyatından yaşıl iqtisadiyyata keçidin təşkil etdiyini, bu istiqamətdə həyata keçirilən beynəlxalq layihələr, o cümlədən 2022-ci ilin dekabr ayında “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası və gələcək perspektivlərinə toxunub. Bildirilib ki, ölkələrin, xüsusilə də Avropa dövlətlərinin Azərbaycana göstərdikləri xoş məram çox əhəmiyyətlidir.

Braziliyanın Rumıniyadakı səfiri Rikardo Guerra de Araujo ölkəsinin COP30 gözləntiləri, hədəfləri, iqlim dəyişikliklərinin mənfi fəsadları ilə mübarizədə dünya lider ölkələrinin rolundan söz açaraq Braziliya tərəfindən ölkəmizin COP29 səylərinin dəstəkləndiyini qeyd edib. Göründüyü kimi, bədxahlarımızın qarayaxma əməlləri ilə müqayisədə dostlarımızın sayının onlardan dəfələrlə çox olması ədalətin zəfər çalması deməkdir. Biz uzun illər Azərbaycan həqiqətləri və reallıqlarının dünya ölkələri tərəfindən etiraf edilməsini gözləsək də bunu eşitmədik. Bəzi dairələr və dövlətlər bizə ikili standartlar tətbiq etdilər və işğalçının müdafiəsinə qalxdılar. Onlar indi də öz çirkin əməllərindən əl çəkmirlər. Lakin zaman keçdikcə aparılan məqsədyönlü siyasət, iqtisadi əlaqələr, birgə beynəlxalq layihələr dünya birliyi Azərbaycanın haqlı olduğuna inandırdı və mövqeyimizi dəstəkləyənlərin sırası genişləndi. Bundan başqa, ölkəmizin hərbi və iqtisadi qüdrəti tərəfdaşlarımızın sayını daha da artırdı. Çünki bir çox ölkələrin gücü belə böyük tədbiri təşkil edib keçirməyə çatmır. Məsələn, Ermənistan COP29-un orada keçirilməsindən məhz bu səbəbə görə imtina etdi. Bu tədbirə qoşulanların fəal iştirakı və orada qaldırılan problemlərin həlli bəşəriyyətin təbii təhlükələrdən uzaqlaşmasına, insanların sağlamlığına, ekologiyanın və ətraf mühitin təmizlənməsinə nəhəng bir töhfə olacaqdır.

Ümumdünya əhəmiyyətinə malik olan COP29-un Bakıda keçirilməsi ölkəmizin nüfuzunu beynəlxalq miqyasda daha da yüksəldəcəkdir. Göstərəcəkdir ki, Azərbaycan öz dostlarına və tərəfdaşlarına açıq ölkə kimi demokratik, qiymətli təşəbbüslərin və iri iqtisadi layihələrin müəllifidir. Bütün bunlarla bərabər, Bakıya təşrif gətirən qonaqlar Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, tarixi abidələri və adət-ənənələri ilə də tanış olacaqlar. Azərbaycanın inkişaf etmiş bir  dünya ölkəsinə çevrilməsi dostlarımızı sevindirəcək, düşmənlərimizi isə yasa qərq edəcəkdir. Məşhur mahnıda deyildiyi kimi, “belə ola həmişə”.

Vəli İlyasov, "İki sahil"