25 oktyabr 2024 03:01
100

Ölkəmizdə sahibkarlara təkcə iqtisadi deyil, həm də güclü siyasi dəstək mövcuddur

Bu, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək üçün ən real variantdır

Bu bir reallıqdır ki, Azərbaycan dövləti kiçik və orta sahibkarlığın inkişafına dövlət səviyyəsində önəm verir. Belə ki, bu sektoru stimullaşdırmaq məqsədilə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə ayrılan və güzəştli şərtlərlə verilən kreditlərin həcmi hər il davamlı olaraq artmaqdadır. Eyni zamanda, innovativ texnologiyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətini daha da stimullaşdırmaq üçün ölkədə fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurları elektronlaşdırılıb.

Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 23 fəaliyyət növü üzrə lisenziyalar təqdim olunur. 2015-2023-cü illərdə Azərbaycanda sahibkarlara 15.000-dən çox lisenziya verilib ki, bunların da 4500-dən çoxu elektron lisenziya olub. Lisenziyalar iş adamlarına «Lisenziyalar və icazələr» portalı ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tabeliyində olan KOB evləri, «ASAN xidmət» mərkəzləri vasitəsilə təqdim edilir. Azad sahibkarlığın inkişafını təmin etmək məqsədilə ölkədə lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 36-ya endirilib. Bununla yanaşı, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib, dövlət rüsumunun məbləği 2 dəfə, icazələrin sayı isə 4 dəfə aşağı salınıb.

Son illər ərzində Azərbaycanda sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdən biri də əsassız yoxlamaların qadağan edilməsidir. Bu cür müdaxilələrin qarşısının alınması üçün,bir sıra hallar istisna olunmaqla, yoxlamalar 2015-ci ildən 2025-ci il yanvarın 1-nə qədər dayandırılıb. Ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması üçün görülən son tədbirlərdən biri uzun illərdən sonra Rəqabət Məcəlləsinin qəbul edilməsidir. Biznes sahəsində sağlam rəqabətin təmin olunması inhisarçı mövqedə olan şirkətlərin bazar payını tənzimləyəcək, sahibkarlıq subyektləri arasında münasibətləri daha şəffaf şəkildə formalaşdıracaq, kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələri aradan qaldıracaq.

Hazırda Vergi Məcəlləsi və «Gömrük tarifi haqqında» Qanunda müəyyən olunmuş güzəştləri əldə etməyə əsas verən investisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50 faizindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azad edilirlər. Həmçinin innovativ təşəbbüslərə əsaslanan 139 sahibkar vergidən azad edilib. Bu sənəd investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişləndirilməsinə imkan verir. Sahibkarlar investisiya təşviqi sənədini almaq üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində (Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşir) fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər. İnvestisiya təşviqi mexanizmi çərçivəsində 2016-2023-cü illərdə 487 sahibkara 585 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 5,6 milyard manatdan çox investisiyanın yatırılması, 40 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

«Startap» şəhadətnaməsinə malik olan mikro və kiçik sahibkarlıq subyektləri, (bunlar eynilik təşkil etməyən məhsul (xidmət) istehsal etmək istəyən sahibkarlıq subyektləridir) Vergi Məcəlləsinə uyğun olaraq, həmin sənədi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar. İndiyədək KOBİA tərəfindən 139 innovativ sahibkara «Startap» şəhadətnaməsi verilib. Ölkəmizdə sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərini təkmilləşdirmək üçün Sahibkarlığın İnkişafı Fondu yeni biznes qurmaq və ya inkişaf etdirmək istəyənlərə güzəştli şərtlərlə kreditlər verir. 2004-2023-cü illərdə sahibkarlığa güzəştli kredit dəstəyi sayəsində maliyyələşdirilən layihələrin dəyəri 6,3 milyard manat olub. Bu müddətdə verilmiş kreditlərin məbləği 3,01 milyard manat, layihələrin sayı 45.669, güzəştlərdən yararlanan sahibkarların sayı 28.308, yeni iş yerlərinin sayı isə 176.213 olub.

Bundan başqa, sahibkarlara dəstək çərçivəsində onların istehsal etdikləri məhsulların xarici ölkələrə ixracına da dövlət səviyyəsində dəstək göstərilir. Hazırda Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin sayı 100-dən çoxdur və bu coğrafiya getdikcə genişlənir. «Made in Azerbaijan» brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizm – dəstək tədbirləri həyata keçirilir. Bununla bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır.

Hər kəsə bəllidir ki, Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının üstün artımını təmin etmək və bu yolla da Azərbaycan iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi üçün lazım olan bütün zəruri addımları atır. Xüsusilə, ölkədə iqtisadi inkişafa mane olan bürokratizm və korrupsiya hallarına qarşı sərt tədbirlər həyata keçirilir. Ölkəmizin başçısı sahibkarlardan əlavə haqq tələb edənlərə sərt şəkildə xəbərdarlıq edib: «Sahibkarlar belə hallar olanda mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq. Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Varlanmaq üçün sahibkarlığı boğanlar dövlətə xəyanət edirlər».

Bununla da ölkə başçısı göstərir ki, sahibkarlara təkcə iqtisadi dəstək yox, güclü siyasi dəstək də var. Məhz bu dəstəkdən sonra hər bir məmurun, vətəndaşın borcudur ki, sahibkarlığın inkişafına öz töhfəsini versin. Azərbaycan biznesi rahat nəfəs ala, sürətlə inkişaf edə və Azərbaycanın tərəqqisinə töhfələrini verə bilsinlər. Bu da bir önəmli faktdır ki, hazırda dünyadakı neft böhranı xüsusən də neft sənayesi olan ölkələri məcbur edir ki, əsas diqqəti kiçik və orta sahibkarlığın inkişafına yönəltsinlər. Prezident İlham Əliyevin bu istiqamətdəki qətiyyətli addımları ölkəmizi həmin hədəfə daha da sürətlə yaxınlaşdıracaq. Axı Azərbaycan iqtisadiyyatının gələcəyi həm də orta və kiçik sahibkarlığın inkişafından asılıdır.

Elçin Zaman, «İki sahil»