21 oktyabr 2024 09:37
75

Çexiya Qazaxıstana çoxməqsədli təyyarələr verməyə hazırdır

Çexiya Qazaxıstana özünün istehsalı olan L-39NG döyüş təlim təyyarələri və L-410 yüngül çoxməqsədli təyyarələri verə bilər.

“İki sahil” xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.

"Çexiya Qazaxıstana Mərkəzi Asiyada əsas oyunçu kimi baxır. Ötən il ikitərəfli münasibətlərimiz üçün xüsusilə məhsuldar olub və bu, mühüm dəyişikliklərə səbəb olub. Xüsusilə, biz müdafiə sənayesi sahəsində əməkdaşlığa başlamışıq ki, bu da indiki şəraitdə xüsusilə vacibdir. Çexiya L-39NG və L-410 kimi yeni nəsil təyyarələr təqdim edə bilər”, - o, Astana səfərindən əvvəl Kazinform-a müsahibəsində bildirib.

Lipavski qeyd edib ki, Astana və Praqa arasında iqtisadi və ticarət əlaqələri münasibətlərin mühüm tərkib hissəsidir: “Ticarətin davamlı artımını görməkdən məmnunam və ümid edirəm ki, bu tendensiya davam edəcək. Bununla belə, reallaşdırıla biləcək əhəmiyyətli potensial hələ də var. Əməkdaşlıq üçün enerji, maşınqayırma, kənd təsərrüfatı və mülki aviasiyadır kimi perspektivli sahələr var".

Oktyabrın 21-də Lipavski Astanaya səfər edəcək. Çexiya Xarici İşlər Nazirliyinin məlumatına görə, səfərin məqsədi enerji sektoru, müdafiə sənayesi və hava nəqliyyatının inkişafı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Baş nazirin müavini - respublikanın xarici işlər naziri Murat Nurtleu ilə görüş planlaşdırılır. Oktyabrın 22-də Lipavski Daşkəndə səfər edəcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”