21 oktyabr 2024 08:50
76

İsrail Livanın cənubundakı raket qurğularının məhv edildiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Livanın cənubunda reydlər zamanı raket buraxılış qurğularını məhv ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında deyilir.

Reydlər zamanı İsrail əsgərləri "Hizbullah"a məxsus tank əleyhinə raketlər, buraxılış qurğuları, qumbaraatanlar, döyüş sursatı, partlayıcı maddələr, qumbaraatan və əlavə hərbi texnika da daxil olmaqla çoxlu silah aşkar edərək zərərsizləşdirib.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Qəzza zolağının Cəbəliyə bölgəsində silahlıların hərbi infrastrukturunu məhv edib.

Ordunun mətbuat xidməti bildirib ki, Rəfah bölgəsində İsrail əsgərləri üçün təhlükə yaradan bir neçə silahlı da öldürülüb.

Bundan əvvəl Axios portalı xəbər verib ki, İsrail ABŞ-a Livandakı müharibəni dayandırmağa və hər iki ölkənin sakinlərinin sərhədyanı ərazilərdəki yaşayış məntəqələrinə qayıtmasını təmin etməyə imkan verən diplomatik həll üçün şərtlərini əks etdirən sənəd təqdim edib.

Nəşrin məlumatına görə, İsrail tərəfi öz Hərbi Hava Qüvvələrinin Livan hava məkanında sərbəst fəaliyyət göstərməsini tələb edib.