19 oktyabr 2024 02:58
83

İsveçrə parlamenti haylara vəkillik edir

Ötən ilin sentyabr ayında Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirlərindən sonra erməni əsilli şəxslər heç bir səbəb olmadan bölgəni tərk etdilər. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, onların təhlükəsizliyi üçün bütün şəraiti yaratmış, bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdi. Buna görə həmin haylardan yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək.

Amma illərlə beyinləri  “miatsum”la yuyulmuş, həm də “daha xoş günlər” vəd edən separatçıların təsiri altına düşmüş haylar Ermənistana üz tutmağa üstünlük verdilər. Bununla da onlar lokal antiterror tədbirlərindən öncə olduğu kimi, bu dəfə də reinteqrasiyadan (şəxsin iqtisadi və sosial əlaqələrinin bərpası yolu ilə yaşadığı cəmiyyətə yenidən inteqrasiyası prosesindən) imtina etdilər. Bu istiqamətdəki dialoqların heç bir nəticə vermədiyini görən Azərbaycan onların sərbəst və təhlükəsiz keçidini təmin etdi, başqa sözlə desək, konstruktiv addım atdı. Bununla da demək olar ki, məsələ artıq beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapdı.

Amma bu məlum fakta Çənubi Qafqaz regionundan xəbəri olmayan və yaxud bütün bunlardan xəbərdar ola-ola erməni maraqlarından çıxış edən bəzi ölkələr, həmçinin beynəlxalq qurumlar ermənisayaq don geyindirməkdə davam edirlər.

Məsələn, İsveçrə Federal Məclisinin Xarici siyasət komissiyası İsveçrə hökumətinə “Azərbaycan hökuməti və Qarabağdan olan ermənilər arasında bir konfrans təşkil etmək” təklifi ilə çıxış edib.

Şübhəsiz, ölkəmizin qeyri-neft sektoruna ən çox xarici sərmayə yatıran ölkələrdən bir olan İsveçrənin belə bir ermənipərəst addımı, yəni  bədnam gündəlik və formatla “dialoq”a çağırış etməsi bu ölkənin bitərəf statusundan sui-istifadədən və regiondakı vəziyyəti gərginləşdirməyə xidmətdən başqa bir şey deyil. Bununla İsveçrə bu gün də ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən, hayların dezinformasiyalarına əsaslanaraq heç bir əsası olmayan iddialar səsləndirən bəzi Qərb ölkələri, xüsusilə qonşusu Makron Fransası ilə həmfikir olduğunu, yəni təcavüzkarı dəstəklədiyini dolayısı ilə etiraf edib.

Amma nədənsə hələ də bu ölkə dərk etmir ki, dialoqa çağırılmalı olan öz ərazisindən azərbaycanlıları zorla çıxarmış Ermənistandır. Bu mənada əminliklə demək olar ki, İsveçrə diplomatları Azərbaycanla Ermənistanı səhv salıblar. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan dəfələrlə soydaşlarımızın doğma yurdlarına qayıdışına şərait yaratmaq məqsədilə dəfələrlə Ermənistan hökumətinə dialoq üçün müraciət edib. Amma buna hələ də məhəl qoyan yoxdur. Şübhəsiz, bu, özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi kimi qələmə verən Qərb dövlətlərinin, beynəlxalq qurumların azərbaycanlıların qayıdış hüququna biganə yanaşmalarından, həmçinin ayrı-seçkilikdən irəli gəlir.  Bu sırada İsveçrənin olması da təəssüf doğurur. Halbuki, qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli, 30 ildən artıq doğma yurdlarına qayıtmaq intizarında olan sonuncu etnik təmizləmə dalğasında zorla qovulmuş 300 min azərbaycanlının qayıdışı prioritet məsələ kimi öz həllini tapmalıdır.

Bu mənada Qərbi Azərbaycan İcmasının İsveçrə Federal Məclisinin Xarici siyasət komissiyasının ölkəmizə qarşı qərəz və böhtana əsaslanan, ermənilərə vəkillik niyyəti daşıyan çağırışı ilə bağlı bəyanatında belə bir fikrin də yer alması təqdirəlayiqdir: “Biz, İsveçrə parlamentinin üzvlərindən Ermənistan tərəfindən qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağı və onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik”. Görəsən, İsveçrə bu çağırışı edəcəkmi?

Qvami Məhəbbətoğlu, “İki sahil”