18 oktyabr 2024 16:25
158

Daim gələcəyə baxmalıyıq

Müsahibimiz Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova

- Hicran xanım, Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında dayanan əsas vəzifələri də diqqətə çatdırdı. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Öncə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin hər bir çıxışı məqsədyönlüdür və proqram xarakteri daşıyır. Dövlət başçısının yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı təkcə parlamentin və deputatların qarşısında dayanan vəzifələri deyil, bütövlükdə, ölkəmizin gələcək strateji hədəfləri, prioritet fəaliyyət istiqamətlərini əhatə edirdi. Azərbaycanın uğurları -  30 ilə yaxın davam edən erməni işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi, tarixi Qələbəmizin bölgədə və ümumiyyətlə, dünyada yaratdığı yeni reallıqlar, sosial-iqtisadi tərəqqi fonunda görülən işlər hər birimizdə böyük qürur hissi yaradır. Bununla yanaşı, biz gələcəyə baxmalı, dünyada gedən geosiyasi prosesləri diqqətlə təhlil etməliyik. Həmin hadisələrin fonunda Azərbaycanın hazırkı vəziyyətini və gələcək addımlarını müəyyən etməliyik. Bu baxımdan, Prezident İlham Əliyevin çıxışı zamanı verdiyi mesajlar mühüm əhəmiyyət kəsb edir.

Biz erməni faşizminə qalib gələrək ölkəmizdə separatizmi məhv etmişik. Lakin bununla yanaşı, dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri, onların arxasında dayanan qüvvələr, bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasını istəməyən siyasi dairələrin oyunları Azərbaycanı hərbi sahəyə daim diqqət göstərməyə vadar edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”. Məhz buna görə də birinci vəzifə hərbi gücümüzün artırılmasıdır. Azərbaycanın hərbi büdcəsi ildən-ilə artır, istehsal olunan hərbi sursat və silahlarımız dünya miqyasında tanınır. Qalib ordumuz Vətənin keşiyində məğrur dayanaraq xalqın təhlükəsizliyini və müstəqil dövlətimizin suverenliyini qoruyur. Ali Baş Komandanın rəhbərliyi ilə aparılan ardıcıl islahatlar sayəsində gündən-günə güclənən Azərbaycan Silahlı Qüvvələri bu gün təkcə ölkədə deyil, beynəlxalq səviyyədə də yüksək nüfuza malikdir. Digər mühüm vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlıdır.  Azərbaycan öz daxili imkanları ilə Böyük Qayıdış Proqramını uğurla həyata keçirir. Heç bir donor təşkilatı ölkəmizə dəstək olmur, halbuki onların bir çoxu kənd və şəhərlərimizin necə dağıdıldığını öz gözləri ilə görüblər. Buna görə də biz ancaq öz gücümüzə, imkanlarımıza arxalanmalıyıq. Bu, həm də Azərbaycana qarşı ədalətsiz münasibətin göstəricisidir. Nə qədər ki, erməni işğalı davam edirdi, nə qədər ki, biz öz tarixi torpaqlarımızı azad etməmişdik, bəzi dövlətlər bu problemin həll edilməsini istəmirdilər. Baxmayaraq ki, beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu qəbul edirdi. Lakin Prezident, Ali Baş Komandan bütün dünyaya sübut etdi ki, bu problemin hərbi-siyasi həll yolu var və bunu 44 günlük Vətən müharibəsi və bir günlük lokal xarakterli antiterror tədbirləri ilə sübut etdi. O zaman bir çox dövlətlərin, siyasi dairələrin əsl simaları bilindi. Dövlət başçımız Azərbaycana qarşı yeni məkrli planların hazırlanmasından danışaraq bu məsələlərə xüsusi olaraq diqqət yetirdi: “Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur”.

- Dövlət başçısı ölkəmizə qarşı ideoloji təxribatlarla bağlı danışarkən gənc nəslin milli ruhda böyüməsinin vacibliyini xüsusi qeyd etdi. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, hər bir dövlətin informasiya təhlükəsizliyi çox vacib məsələdir. Bizə qarşı ideoloji təxribatlar davam edir, lakin onların heç bir nəticəsi olmayıb və bundan sonra da olmayacaqdır. Çünki xalqımızın güclü siyasi iradəsi var, milli ruhumuz və birliyimiz bizim gücümüzdür. Son illər biz bu ideoloji təzyiqləri açıq-aydın hiss edirik. Azərbaycanın inkişafını, ərazi bütövlüyünün və suverenliyinin bərqərar olmasını qəbul etməyən müəyyən dairələr, siyasi qüvvələr bir çox təzyiq vasitələrindən istifadə edirlər. Ancaq onların bu niyyətləri heç vaxt həyata keçməyəcəkdir. Çünki bizim gənclərimiz milli ruhda, vətənpərvər ruhda tərbiyə alıblar. Biz öz ailələrimizlə, gənclərimizlə fəxr edirik. Ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəm və toxunulmazdır. Biz güclü ailə deyəndə ailədə uşaqlara verilən tərbiyəni də nəzərə almalıyıq. Bu gün qürurla qeyd edirik ki, bizim qəhrəman gənclərimiz tarix, xalq və Vətən qarşısında misilsiz xidmətlər göstəriblər. Tarixi missiyanı uğurla həyata keçirən rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda cəsarətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların igidliyi, qəhrəmanlığı sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına  qovuşdu. Daha əvvəl Qarabağı heç vaxt görməyən gənclər işğala son qoyaraq bütün şəhidlərin ruhunu şad etdilər. Müharibə zamanı informasiya müharibəsində də gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və Azərbaycan bu istiqamətdə də düşmənə qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da könüllü olaraq öz təşəbbüsləri ilə qoşuldular. Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarına etiraz əlaməti olaraq 2022-ci il dekabrın 12-dən 2023-cü il aprelin 28-nə qədər Laçın-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasında qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” şüarları Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Bəli, bu gün gənclərimiz milli və dövlət maraqları məsələsində birləşməyi və mübarizə aparmağı layiqincə bacarır. Gənclər təkcə hərbi sahədə deyil, elmin ayrı-ayrı istiqamətləri - nanotexnologiyalar və informasiya texnologiyaları üzrə bir çox nailiyyətlər əldə edərək Azərbaycanı bütün dünyaya bir nümunə kimi təqdim ediblər. Qalib ölkənin qalib gəncliyi idman və bədən tərbiyəsi,  mədəniyyət və incəsənət sahələrində yüksək nəticələr göstərir, beynəlxalq arenalarda Azərbaycan Bayrağını ləyaqətlə dalğalandırır, Dövlət Himnini səsləndirirlər. Biz bu gəncləri, onların nailiyyətlərini təbliğ etməliyik. Biz gənclərimizi xarici təsirlərdən qorumalıyıq. Buna görə də onlara daha çox diqqət ayırmalıyıq. Gənclərlə tez-tez görüşməli, fikirlərini, həyata baxışlarını, onları düşündürən məsələləri öyrənməliyik, onlara dəstək olmalıyıq.

- Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfər ölkəmizin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirib. Bunu həzm edə bilməyən xarici dairələr ölkəmizə qarşı müxtəlif kampaniyalar aparır, eləcə də Ermənistanı silahlandırırlar...

- Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sahəsində dərin biliyi və çevik diplomatiyası Azərbaycanın xarici siyasətini müəyyən edir. Dövlət başçısı ölkələrin suverenliyinə hörmət prinsiplərinə əsaslanan qarşılıqlı əməkdaşlıq modelini inkişaf etdirir. Bu yanaşma nəticəsində Azərbaycan dünya arenasında etibarlı tərəfdaş və nüfuzlu aktor kimi qəbul olunur. Düzgün strategiya nəticəsində ölkəmiz siyasi-iqtisadi və hərbi sahədə beynəlxalq nüfuza malik güc mərkəzi kimi tanınır. Azərbaycan dövləti praktiki əməlləri ilə bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında əməkdaşlıq təklif edir. Azərbaycan istənilən ölkənin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalaraq mürəkkəb beynəlxalq münasibətlər fonunda müstəqil xarici siyasət yeritməyə nail olur. Bu səbəbdən də Prezident İlham Əliyevin təşəbbüsləri bütün dünyada dəstəklənir.  Lakin bununla yanaşı, Azərbaycanın qazandığı möhtəşəm Qələbə, onun regionda və dünyada artan nüfuzu, beynəlxalq gündəlikdə dayanan və hər kəsi düşündürən məsələlərlə bağlı irəli sürdüyü təşəbbüslər, etdiyi çağırışlar qərəzli dairələri narahat edir. Onlar Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilmir. Dünyanın yeni nizamının yaranması fonunda ölkəmizin geosiyasi rolunun artması faktorunu qəbul etmək istəmirlər. Əfsuslar olsun ki, Azərbaycan ikili yanaşmadan ən çox əziyyət çəkən ölkələrdən biridir. Cənab İlham Əliyevin təşəbbüsləri ilə hazırda Cənubi Qafqazda etibarlı və dayanıqlı təhlükəsizlik mühiti formalaşıb. Lakin bununla yanaşı, regionda marağı olan müəyyən dairələr Ermənistanın əli ilə bu sabitliyi pozmağa cəhd edirlər. Azərbaycan dövləti sözün əsl mənasında bizə təzyiq göstərməyə çalışan bəzi Qərb dairələri ilə müxtəlif səviyyələrdə mübarizə aparır. Anti-Azərbaycan qüvvələr ölkəmizin haqlı mövqeyini, regionda, eləcə də dünyada sülhün, təhlükəsizliyin və ədalətin təmin olunması üçün verdiyi töhfələri gözdən salmağa çalışırlar, bu istiqamətdə çirkin  kampaniyalar aparırlar. Lakin bütün bunlar bizi yolumuzdan çəkindirə bilməz. Öz prinsipial mövqeyindən dönməyən dövlət başçımız qətiyyəti, siyasi iradəsi ilə Azərbaycanın inkişafı, daha güclü və sabit dövlət olması üçün ciddi səylər göstərir. Biz də öz növbəmizdə üzərimizə düşən məsuliyyəti dərk etməli və işimizi ləyaqətlə yerinə yetirməliyik.