18 oktyabr 2024 08:00
119

Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, suverenliyimizin bərpası bizi dünyanın gözündə ucaldır

18 oktyabr-Müstəqilliyin Bərpası Günüdür!

Dövlət başçısı İlham Əliyev, həmçinin COP29-un ölkəmizdə keçirilməsini Azərbaycana beynəlxalq səviyyədə göstərilən böyük etimad kimi dəyərləndirir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan növbəti uğuru ilə dünyanın diqqətindədir. Ötən ilin dekabrında mötəbər tədbirin- COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən sonra müxtəlif fikirlər səsləndirilsə də reallıq budur ki, Azərbaycanın çox dəqiq və düşünülmüş diplomatik addımları nəticəsində bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi üçün imkan əldə edildi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP30-un ev sahibi bəlli olsa da - Braziliya, COP29-un ev sahibi bəlli deyildi. Burada da istədiyimizə nail olduq.

Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyini şərtləndirən amillər daim geniş təhlil edilir və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu əsaslı şəkildə diqqətə çatdırılır. Bu mühüm məqam xüsusi qeyd edilir ki, hər bir ölkənin tərəqqisində iqtisadi amil əsasdır. Cənab İlham Əliyev bildirir ki, Azərbaycanda iqtisadi inkişaf, sosial məsələlərin həlli, ordu quruculuğu, Qarabağın bərpası, nəhəng infrastruktur layihələri, nəqliyyat, energetika layihələri, sabitlik, əmin-amanlıq - bunu hər kəs, necə deyərlər, real bir fakt kimi qəbul edir və bu, çox yaxşıdır. Bunu hər kəs belə görür və belə də qəbul etməlidir. Amma bunu təmin etmək üçün nə etmək lazımdır? Bunu bəziləri görmür və yaxud da görmək istəmir. Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda, qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın. İqtisadi müstəqillik siyasi müstəqilliyin təməl daşıdır.

Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Dövlət başçısı İlham Əliyevin 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi ilə bağlı Sərəncamında da vurğulanır ki, Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi hazırkı dövrün əsas çağırışlarındandır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və iqlim şəraiti yaşıl enerji istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. Energetika Nazirliyinin məlumatına görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir. Azərbaycanın adının neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. İqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək, yaşıl enerjiyə keçid üzrə işlərin və Azərbaycanın beynəlxalq arenada şəksiz nüfuzunun məntiqi nəticəsi Bakının dünyanın ən iri və nüfuzlu tədbirlərindən birinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibi seçilməsi oldu. Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək.

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirən amillərə nəzər salaq. Hansı sahəyə diqqət yetirsək ölkəmizin zəngin təcrübəyə malik olduğunu böyük inamla qeyd edə bilərik. Azərbaycanın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanması da bunun bariz nümunəsidir. Günümüzün qürurverici hadisələrindən biri də budur ki, Azərbaycanla yanaşı, hazırda azad Qarabağımız, Şuşamız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Həmçinin paytaxt Bakımızın ev sahibliyi etdiyi tədbirlərin iştirakçılarının işğaldan azad edilmiş ərazilərimizə səfərləri təşkil edilir. Bu torpaqların hansı resurslara malik olduğu barədə aydın təsəvvür yaranır.

Azərbaycanın sabitlik məkanı kimi tanınması və nüfuz qazanması da beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsini şərtləndirən əsas amillər sırasındadır. Bu mühüm amil ölkəmizlə əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişlənməsində də öz sözünü deyir. Hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan malik olduğu təbii resurslara və yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. Ayrı-ayrı dövrlərdə bu marağın müxtəlifliyi diqqətdən kənarda qalmır. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar Azərbaycan iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasını şərtləndirdi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Onu da qeyd edək ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu gün Azərbaycan dünyada ən islahatçı, təhlükəsiz ölkə kimi tanınır. Təbii ki, bu uğurlar dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Uğurlarımızı şərtləndirən amillər sırasında islahatların zamanın tələbinə uyğun təkmilləşməsini, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsini, yenilikçi ölkə kimi nüfuzunu daha da artırmasını, ən əsası idarəetmə sistemində təkmilləşməni xüsusi qeyd etməliyik. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Bunun üçün qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir.

Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.” Cənab İlham Əliyev onu da qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?” Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. ÜDM-də özəl bölmənin payı 85 faizdən çoxdur. Ötən 21 ildə 2 milyondan çox yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Özünüməşğulluq proqramı uğurla icra edilir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.

Tarixi Zəfərimizin reallıqları əsasında təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də beş Milli Prioritetin reallaşdırılması əsas hədəf kimi qarşıya qoyulub. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Sənədin təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» hədəfində bu çağırışlar xüsusi yer tutur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. O da vurğulanır ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı.

Dövlət başçısı İlham Əliyev ötən il Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı bildirdi ki, növbəti dostluq təzahürünün şahidi olduq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izin verdilər, öz dəstəyini göstərdilər: «Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək.»

COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın ekoloji mərkəzi olacaq. COP29-u da yüksək səviyyədə keçirəcəyik.

Müstəqilliyimizin bərpasından ötən 33 illik dövrün təhlili fonunda Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə cavablandırdığı diqqətdən kənarda qalmır. Artıq bu gün ölkəmizin həyatında yeni dövr uğurla davam edir. Bu mərhələ işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, bu torpaqların malik olduqları resurslardan səmərəli istifadə etməklə ölkəmizin gələcəkdə dayanıqlı inkişafına töhfələr veriləcək.

Uğurlarımızın təhlili fonunda belə bir ümumiləşdirməni apara bilərik ki, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizin mövcud imkanlarının təqdimatında öz sözünü deyəcək. Bu tədbir Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi dəyərləndirilir. Bir daha sübut olunur ki, Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malik olmaqla beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə yanaşı, qlobal problemlərin həllinə böyük töhfələr verir. Ölkəmizin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar beynəlxalq dəstək qazanır. Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyalar, təmiz enerji mənbələri, tullantıların təkrar emalı və çirkləndirilmiş ərazilərin reabilitasiyası üzrə tədbirlərin görülməsi ilə sıx bağlıdır. Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud yaşıl enerji mənbələrindən əldə edilə bilər. Yaşıl enerjidən istifadə ekoloji cəhətdən əhəmiyyət daşımaqla yanaşı, iqtisadi baxımdan da əlverişlidir

Dövlət başçısı İlham Əliyev 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində ayrı-ayrı sahələr üzrə qarşıda dayanan hədəflərdən bəhs edərkən «Bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq» söyləyərək onu da vurğuladı ki, əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir: «Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq.»

Dövlət başçısı İlham Əliyev bu günlərdə Pre-COP29 tədbirinin iştirakçılarına ünvanladığı məktubda bu məqamlara xüsusi diqqət yönəltdi ki, iqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, lakin inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır: «İqlim dəyişmələri bütün dünyada insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində tərəqqiyə mane olur. Qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmimiz COP29 tədbirinə ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsinə gətirib çıxardı. Azərbaycana verilən yekdil dəstəyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamının təzahürü hesab edirəm. Biz fəxr edirik ki, Cənubi Qafqazda və daha geniş regionda ilk COP Azərbaycanda keçiriləcək.»

Ölkə Prezidenti onu da bildirdi ki, ixtiyarımızda bir ildən az vaxtın olmasına baxmayaraq, tam məsuliyyəti öz üzərimizə götürərək nəzərəçarpan nailiyyətlər əldə etdik. Qadınların, parlament üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunduğu inklüziv COP29 Təşkilat Komitəsi Bakı COP-una hərtərəfli hazırlıq işlərinin görülməsini təmin edir. COP29 Sədrliyi “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bütün maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq edir, çoxsaylı səfərlər həyata keçirir və narahatlıqlarını nəzərə almaq üçün hamını dinləyir. Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərir.

Azərbaycan sülh, maliyyə, insan kapitalı, su və bir sıra digər məsələləri ehtiva edən 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi hazırlayıb. Mövcud olan geosiyasi gərginlik fonunda “COP atəşkəsi çağırışı”nın aktuallığı daha da artır. COP29-a hazırlığın son mərhələsinə qədəm qoyduğumuz bir vaxtda, ölkəmiz bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlığa cağırış edir. Dövlətlərin ümumi, lakin fərqli öhdəlikləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Cənab İlham Əliyevin sözügedən müraciətində o da qeyd edildi ki, qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur: “Mən yaşıl dünya naminə həmrəylik ruhunda birgə fəaliyyət göstərmək üçün noyabrın 12-dən 13-dək Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində dövlət və hökumət başçılarını salamlamağa şad olaram.»

Azərbaycan daim qlobal problemlərin həllində səylərin birləşdirilməsinə, beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırışlar edir. Ölkəmiz tarixi Zəfərimizin, suverenliyimizin tam bərpa edilməsinin yaratdığı reallıqlar əsasında beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da möhkəmləndirir. Cənab İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu reallıqları bir daha diqqətə çatdıraraq bildirdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz daha da inkişaf edir və edəcək.

Düşünürük ki, COP29 bu əməkdaşlığa yeni əlavələr gətirəcək. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmiz tədbirə çox yüksək səviyyədə hazırlaşır. Dövlət başçısı İlham Əliyevin oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanışlığı da bunun bariz nümunəsidir. Hazırlıq işlərinin sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tələb olunan tarixdə təhvil verilməsinin planlaşdırıldığı qeyd edildi. Dövlətimizin başçısı ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlərlə yaxından tanış oldu, həmçinin görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdi.

O da məlumdur ki, ötən il COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən sonra bununla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. Həmin müşsvirədə cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərildi. Biz buna layiqik, apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, mən şübhə etmirəm COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcəyik, Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

Yeganə Əliyeva, “İki sahil”