11 oktyabr 2024 18:56
103

Laçının MDB-nin mədəniyyət, Gəncənin isə idman mərkəzi seçilməsi ölkəmizə olan güclü inam və etibarın nəticəsidir

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfəri və oktyabrın 8 –də keçirdiyi görüşlər qarşılıqlı münasibətlərin yüksələn  xətlə inkişaf etdiyini göstərir. «Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır». Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib. Dövlətimizin başçısı qeyd edib ki, müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində də hökumət üzvləri arasında çoxlu təmaslar qurulub.

Prezidentlərin görüşündə bir sıra məsələlərlə yanaşı, energetika sahəsində - həm neft-qaz sektorunda, həm də elektrik enerjisi isiqamətində vəziyyət, Xəzərdə ekoloji durum və digər məsələlərə nəzər salınıb. Eyni zamanda, regional təhlükəsizlik  məsələləri də müzakirə olunub. Bildirib ki, xüsusilə Azərbaycan - Rusiya arasında ticari-iqtisadi, investisiya, elmi-texniki -humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında da əlaqələr genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin milli dövlət maraqlarına hörmət prinsiplərinə əsaslanır.

Prezident İlham Əliyevin Rusiyaya davamlı rəsmi və işgüzar səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmin göstəricisidir. Ölkəmizin başçısı vurğulayıb ki, Vladimir Putinlə görüşdə gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha yaxşı fürsət yaranıb. Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında qəbul edilən və Prezident İlham Əliyevin iclasdakı çıxışında qeyd edilən qərar bu gün ölkəmizdə çox böyük sevinclə qaşılanıb. Ölkəmizin başçısı bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib: «MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar». 

Prezident İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı  zamanı ölkəmiz üçün digər önəmli hadisələrdən danışıb. Bildirib ki,  növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində də keçiriləcək. Eyni zamanda, bir aydan sonra Bakının ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi etməsinin də əhəmiyyətindən danışan Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz  200-ə yaxın dövlətin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirir.

Xalqımız üçün sevincə səbəb olan bu xəbər öz növbəsində Ermənistanda ciddi narazılığa səbəb olub. Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Təbii ki, hayların da iddia etdiyi kimi, Azərbaycan dövləti bu görüşdə də Ermənistan üzərində ciddi uğurlar qazandı.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatını sədri