11 oktyabr 2024 17:30
90

Hacıbəy Heydərli: Media subyektləri dezinformasiyalara qarşı sosial şəbəkələrdə fəal olmalıdır

Media subyektləri sosial şəbəkələrdə fəal olmalı və dezinformasiya, “feyk nyus”ların qarşısını almağa çalışmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, sosial media ilə rəqabət üçün ilk növbədə peşəkar jurnalistlər, media subyektləri həmin platformalarda fəal olmalıdır:

“Düşünürəm ki, çağdaş media və media nümayəndələri yalnız informasiya yayımını düşünməli deyil, eyni zamanda yayımladığı xəbərləri oxutmaq istiqamətində də sosial şəbəkələrdən fəal istifadə etməlidir. Bu həm də sosial şəbəkələrdə peşəkarlığın artırılmasına gətirib çıxaracaq".

Hacıbəy Heydərli qeyd edib ki, sosial media fəalları ilə də aktiv iş aparılmalıdır:

“Sosial şəbəkələrdə peşəkarlığın artırılması üçün də gənc jurnalistlər, səhifə, kanal sahibləri və aktiv sosial media istifadəçiləri arasında mütəmadi maarifləndirmə işləri aparılmalıdır. Bu istiqamətdə Mətbuat Şurasının Sosial media ilə əlaqələr komissiyası olaraq sosial şəbəkədə fəal olan şəxslərdə görüşlər keçirilib, onlara jurnalistikanın etik kodeksləri haqda məlumat verilib, maarifləndirmə işləri aparılıb”.