08 oktyabr 2024 22:43
136

“Tərəfdaşlıqdan tərəqqiyə”

Bu deviz ilə Təhsilin İnkişafı Forumu keçirilib

Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 101 illiyinə həsr edilmiş Təhsilin İnkişafı Forumu (TİF2024) "Tərəfdaşlıqdan tərəqqiyə" konsept mesajı ilə Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunub.

“Tərəfdaşlıqdan Tərəqqiyə” devizi ilə keçirilən forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdir. Eyni zamanda, dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin təşviqi, akademik təsisatların sənaye qurumları ilə fəaliyyətlərinin inteqrasiyası, insan kapitalının inkişafı tədbirin əsas mövzuları sırasındadır.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, özəl sektor əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Təhsilin İnkişafı Fondunun fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumunun müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirdiyini vurğulayıb.

E.Əmrullayev Təhsilin İnkişafı Fondunun yaradılmasının tərəqqiyə atılan bir addım olduğunu bildirib.

“Təhsilin inkişafı ilə bağlı özəl şirkətlərlə əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilir. Bunların arasında qızların təhsilinə dəstək ideyaları da var”, - deyə nazir əlavə edib.

Nazir çıxışının sonunda forumun işinə uğurlar arzulayıb. Daha sonra TÜBİTAK TEMEG İdarə Heyətinin üzvü, “CATALYSADE” şirkətinin təsisçisi Sanem Yalçıntaş Sabuncuoğlu məruzə ilə çıxış edib.

Tədbir  3 moderator və 21 spiker “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı?” panelləri üzrə öz işini davam etdirib. 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluq etdiyi “Biliyi dəyərə çevirən sinerji” adlı ilk paneldə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müaqvini Anar Əliyev, zərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)  prezidenti Rövşən Nəcəf, Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov çıxış ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı bildirib ki, artıq texniki təmayüllü ixtisaslara qəbul sayı artır və onlar əmək bazarına uyğun olaraq işlə təmin edilə bilirlər. Qeyd edib ki, “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsinin təkmilləşdirmə işləri aparılır. “Bir gün ərzində təhsildə dəyişikliklər etmək mümkün deyil. Bunun üçün zaman lazımdır. Biz bu transformasiyaya hazır olmalıyıq. Kimliyindən, vəzifəsindən asılı olmayaraq, hər kəs biliyini daim inkişaf etdirməlidir. Yalnız bu yolla təhsildə inkişafa nail olmaq olar”,- deyə E.Əliyev bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Təhsilin İnkişafı Forumunda bildirib ki, təhsil sistemi ilə əmək bazarı arasında əlaqə yaratmalıyıq. Vurğulayıb ki, nazirlik tərəfindən işsiz və işaxtaranlar üçün məşğulluq proqramı həyata keçirilir. “Həmçinin işsiz və işaxtaran şəxslər peşə hazırlıqlarına cəlb edilir. Bu gün təhsil və əməkbazarı qarşısında duran problemlərin həllində yalnız dövlət aparıcı rol oynamamalıdır. Özəl sektor da bu fəaliyyətə qoşulmalıdır. Bizim peşə hazırlıqlarımız əmək bazarına uyğun təşkil edilir. 170-ə yaxın peşə ixtisası üzrə təlimlər keçə bilirik. Növbəti ildə bu sahədə özəl sektorla əməkdaşlığımızı genişləndirməyimizi planlaşdırırıq”, - Anar Əliyev əlavə edib.

SOCAR-ın prezidenti  Rövşən Nəcəf isə diqqətə çatdırıb ki, Dövlət Neft Şirkəti 5 ali təhsil müəssisəsi ilə təcrübə proqramı həyata keçirir:” Həmçinin universitetlərlə məhz kadr hazırlığı üzrə əməkdaşlıq edilir. İstənilən sahədə 5-10 ildən sonra texnologiyalar tamam fərqli olacaq. Biz həmin texnologiyalara sahib olmalıyıq ki, digər ölkələrlə yarışa bilək. Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır. Elmin prestijinin artırılması önəmlidir".

"Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov isə kosmik sahədə elmin rolunun vacibliyinə toxunub. Qeyd edib ki, məktəbli və gənclərin layihələrinin stimullaşdırılması istiqamətində addımlar atılır: "Elm və Təhsil Nazirliyi ilə müzakirələrdə razılaşdırılmış bu layihənin hazırlanması artıq başlayıb. Məsələn, keçən il Ermənistan dövləti orbitə peyk göndərdi. Bizə (“Azərkosmos”a) dedilər, bəs siz bunu edə bilərsiniz? Qurumun bu sahədə potensialı yüksəkdir. Amma biz düşündük ki, o peyki məktəblilər hazırlaya bilər. Nəticə olaraq gələn il azərbaycanlı məktəblilərin hazırladığı peyk orbitə buraxılacaq".

Panel müzakirələr və sual-cavabla davam edib.

Forumun ikinci paneli “Tədqiqatdan inkişafa gedən yol” mövzusuna həsr olunub.

Paneldən öncə Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu məruzə ilə çıxış edib. Daha sonra Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin deputatı, Parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, “Kapital Bankı”n İdarə Heyətinin üzvü Fərid Hidayətzadə spiker qismində çıxış ediblər.

Panel çərçivəsində “Beynəlxalq reytinqlərdə universitetlərin mövqeyini artırmaq üçün strateji əməkdaşlıqlar”, “Tədqiqat və inkişafda universitet-sənaye tərəfdaşlığının əhəmiyyəti”, “Universitet-sənaye tərəfdaşlığının perspektivləri”, “İnnovasiya və tədqiqat mərkəzlərinin yaradılması və dəstəklənməsi”, “İnnovativ tədqiqatların sənaye ilə inteqrasiyası və kommersiyalaşdırılması” mövzuları ətrafında müzakirələr aparılıb.

Forumun üçüncü paneli “Gələcəyi gənclərə necə hazırlamalı” mövzusuna həsr olunub. Paneldən əvvəl Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov məruzə ilə çıxış edib.

Daha sonra STP Şirkətlər Qrupunun baş insan resursları inzibatçısı Şölə Əliyevanın moderatorluğu ilə keçirilən paneldə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, “Coursera”nın Hökumətlə tərəfdaşlıqlar üzrə direktoru Akanksha Kapoor, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Araz Paşayev, “NEQSOL Holdinq Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə spiker qismində çıxış ediblər.

Panel çərçivəsində “Sənayeyə uyğun ortaq tədris proqramları”, “İnsan kapitalının inkişafında yeni modellər”, “Gənclərin iş həyatına inteqrasiyasını dəstəkləyən proqramlar və təşəbbüslər” mövzularından bəhs olunub.

“Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə təşkil olunan forum “Kapital Bank”, STP Şirkətlər Qrupu, “Bestcomp Group” və “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu, SOCAR, bp və “Lenovo”nun sponsorluğu ilə keçirilib.

Qeyd edək ki, Təhsilin İnkişafı Forumu ilk dəfə olaraq “Təhsildən tərəqqiyə” konsept mesajı ilə 2023-cü il noyabrın 1-də 350-dən artıq nümayəndənin iştirakı ilə keçirilib.

Yaqut Ağaşahqızı, “İki sahil”