09 oktyabr 2024 00:59
632

Qayıdış Konsepsiyası tarixi ədalətin və sülhün bərqərar olunmasına xidmət edir

Son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı Ermənistan tərəfindən deportasiya, soyqırımı siyasəti həyata keçirilib. Soydaşlarımız etnik təmizləməyə məruz qalıb, ermənilər hər tarixi fürsətdə onları doğma yurdlarından qovub çıxarıblar. Ulu babalarımızın həmin ərazilərdə yaratdığı mədəni-mənəvi dəyərlər də vandalizmə məruz qalıb. Ermənilər bu ərazilərə gəldikdən sonra oradakı Azərbaycan izlərini yer üzündən silmək siyasəti yürüdüblər. Bizim tarixi abidələrimiz ya erməniləşdirilib, ya da tamamilə məhv edilib.

Bu zorakı proses 1828-ci ildən başlayaraq xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha amansız olmuşdur. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

XX əsrin 80-ci illərinin axırlarında Qərbi Azərbaycanda, indiki Ermənistanda soydaşlarımıza qarşı növbəti cinayət aktı törədildi. Belə ki, Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ-nin rəhbərliyində bütün ali vəzifələrindən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. 1988-ci ilin yanvarından etibarən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanıldı. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların öz dədə-baba yurdlarından qovulması prosesində minlərlə qanlı aksiyalar törətdilər. Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. 

Prezident İlham Əliyev Aşıq Ələsgərin Bakıda abidəsinin açılış mərasimindəki çıxışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında bildirib: “1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində Zəfər qazanıb, ərazi bütövlüyümüzü bərpa edib. Bu gün Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda bərpa-yenidənqurma işləri həyata keçirir, keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. Qərbi azərbaycanlı vətəndaşlarımız da mütləq öz dədə-baba yurdlarına qayıtmalıdır. Ölkəmizin başçısının bildirdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da nikbinlik hisslərini artırıb: “Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.”

Öz tarixi yurdlarımıza qayıtmaq soydaşlarımızın tarixi-mənəvi və insani haqqıdır. Hazırda uzunmüddətli deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Ölkə başçısı daim vurğulayır ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azrbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun. Ölkəmizin başçısının bildirdiyi kimi, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Zahid Rza, “İki sahil”