08 oktyabr 2024 23:57
118

Əbədiləşən ömür

İkinci Qarabağ müharibəsində 30 il düşmən tapdağında qalan Vətən torpaqları qeyrətli oğlanların qanı bahasına azad olundu. Məhz onların arasında olan Lerik rayonu, Livədirqə kəndindən könüllü bir başa ön cəbhəyə yollanan Davud Xeyrulla oğlu Şirvanovu da Vətən, torpaq sevgisi şəhidlik zirvəsinə ucaldıb.

Azərbaycanın, eləcə də dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda hər bir qeyrətli Vətən övladını yad etmək, xatirəsini əziz tutmaq bizim müqəddəs borcumuzdur. Elə bu günlərdə Davud Xeyrulla oğlu Şirvanova doğma kəndində anım mərasimi təşkil etmək xalqın öz şəhid övladlarına olan sonsuz ehtiramdan, məhəbbətdən, sevgidən irəli gəlirdi.

 Mərasimə qatılan rayon rəsmiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri ölümsüzlüyə qovuşan qəhrəmanın uyduğu məzarına baş çəkib, önünə gül-çiçək dəstələri düzüblər. Çıxış edənlər bildiriblər ki, Lerikin igid oğlu az yaşasa da, layiqli bir övlad kimi Vətən qarşında son borcunu şərəflə verib. Davud şəhidlik zirvəsinə ucalmaqla yaşıdlarına örnək olub. Cismən aramızdan getsə də, qərinələr ötsə belə heç vaxt unudulmaz. Şəhidlər ölmürlər, onların adı Vətənlə bir çəkilir...

Xatırladaq ki, 1994-cü il aprelin 1-də dünyaya göz açan, vətənpərvər böyüyən Davud Xeyrulla oğlu məkrli düşməndən qisas almaq amalı ilə ordu sıralarına gedib . 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində cəbhə bölgəsində doğma Azərbaycanın keşiyində durub. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Təəssüf ki, elə Füzulidə ağır ölüm-dirim savaşında düşmən gülləsinə tuş gəlib, əbədiyyət adlı dünyasına qovuşub. Doğulub-boya başa çatdığı Livədirqə kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Davud Şirvanov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü