26 sentyabr 2024 00:27
209

Prezidentimiz dedi ki...

İndi dünyada hamı hərbi güclə hesablaşır

Bəşəriyyət tarixində hərbi güc amili son vasitə kimi hər hansı siyasətdən, diplomatiyadan üstün olub. Hərbi güc qarşısında ədalət də dözüş gətirə bilmir. Bir acı həqiqət də var ki, bəzi dövlətlər gücdən zəif ölkələri işğal etmək, xalqların varidatlarını ələ keçirmək, onları kölə kimi saxlamaqda, bəziləri isə ondan təcavüzkara qarşı vuruşmaq, öz hüquqlarını qorumaq üçün istifadə edir. Biz bunların hamısını yaxın keçmişdə yaxşı görmüşük. 1992-ci ildən 2020-ci ilə qədər olan müddətdə bədxahlarımız tərəfindən silahlandırılmış Ermənistan dədə-baba torpaqlarımızı məhz hərbi güc vasitəsi ilə işğal etdi. Azərbaycan haqlı olsa da Ermənistan özünün gücünə və himayədarlarının dəstəyinə arxayın olaraq hətta ona təklif edilən güzəştləri belə qəbul etmədi. Haylar israr edirdilər ki, Azərbaycan ərazisində ikinci müstəqil erməni dövləti qondarılmalıdır. Bəzi beynəlxalq təşkilatlar və dövlətlər də onlarla birgə olduqlarını ya açıq, ya da gizli şəkildə davam etdirdilər. Lakin heç cür düzgün yola gəlməyən hayların keçmiş rəhbərləri İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən sonra mətbuatda və telekanallarda çıxış edərək özlərini sığortalamaq üçün guya o vaxt güzəştlərlə razı olduqlarını və işğal etdikləri əraziləri qaytaracaqlarını bildirirlər. Gözlərinin içinə qədər yalan danışırlar. Baş nazir Nikol Paşinyan 2020-ci ildə "Yeni müharibə, yeni ərazilər" şüarı altında yeni müharibəyə başlayanda həmin "sülh qaranquşları"nın heç biri ona qarşı çıxmadı, etiraz etmədi. Nəhayət, Azərbaycan öz ordusunu yaratdı sonra onu hər cür müasir silah-sursatla təmin etdi. Elə bir ordu ki, Ermənistan onun qarşısında heç 44 gün də dayana bilmədi. Yəni, hərbi güc həlledici amil oldu.

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayarkən bu mövzuya toxunub:  "Bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib: “Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

Bəli, elə bir zaman yetişib ki, düşmən əhatəsində mövcud olmaq təhlükəlidir. Özü də Ermənistan və digərləri kimi qanımıza susayan düşmənlər. Beynəlxalq qayda-qanunlar kəsərli olmadığı üçün ona sığınmaq olmaz. Güclülər ona o qədər də əhəmiyyət vermirlər. Yoxsa münaqişə dövründə BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın öz işğalçı qoşunlarını qeydsiz-şərtsiz Azərbaycan ərazilərindən çıxarmasını tələb edən qətnamələrini qulaqardına vurmasını başqa nə ilə izah etmək olar? Ancaq hayların iddiası, sərsəmliyi başa çatdı. Məlum oldu ki, Ermənistanın öz potensialı heç bir əhəmiyyət kəsb etmir, o, özgələrin himayəsi olmadan döyüşə bilmir. Bu səbəbdən də qısa müddət ərzində silahlı qüvvələri darmadağın edildi. Hərbi texnikasının 80 faizdən çoxu sıradan çıxarıldı və ya ələ keçirilib müharibədən sonra Bakıda yaradılan Hərbi Qənimətlər Parkına gətirildi. Bu cür acınacaqlı vəziyyətə düşməsinə baxmayaraq Ermənistan rəhbərliyi məğlubiyyəti qətiyyən həzm etmək istəmir və artıq dörd ilə yaxındır ki, sülhə gəlmir. Vaxtla manipulyasiya edir, nəyəsə, hansısa qeybdən onlara köməyə gələcək sehrli qüvvəyə inanır. Ancaq möcüzə baş vermir və verməyəcək də. Ona "plan tökən" qızışdırıcı dairələr kiçik yardımlarla kifayətlənir, haylara görə Azərbaycanla münasibətləri korlamaq istəmirlər. Çünki Azərbaycan bir sıra başqa dövlətlərlə bərabər, Avropanın yeddi ölkəsini də təbii qazla təmin edir. Avropa üçün bunun nə qədər böyük əhəmiyyət daşıdığını hamımız bilirik. Ona görə də həmin ölkələr Azərbaycanda daim əmin-amanlığın bərqərar olunmasında maraqlıdırlar.

İndi dünyada hamı real güclə hesablaşır. Kərbəlayi İsmayıl demişkən: “Neçə ki, dinmirdim saymırdılar məni, başımdan basırdılar, elə ki, gördülər ki, yox, mən də varam, indi başladılar hörmət etməyə.” Tamam doğru. Güclüyə həmişə hörmətlə yanaşıblar.

Hazırda Azərbaycan iqtisadiyyatına və silahlı qüvvələrinə görə regionun ən güclü dövlətidir. Onun rəyi olmadan regionda hər hansı iqtisadi layihəni reallaşdırmaq demək olar ki, mümkün deyil. Bu da digər sahələrlə bərabər, Azərbaycanın artan hərbi gücünün göstəricisidir.

Vəli İlyasov, "İki sahil"