Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni məzmunla zənginləşdiyini göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir və xüsusilə BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində yüksək səviyyəli siyasi dialoq aparırlar. Bu əməkdaşlıq qarşılıqlı etimadın və ortaq yanaşmaların mühüm göstəricisidir.
Prezident İlham Əliyevin bəyanatında diqqəti cəlb edən əsas məqamlardan biri siyasi əlaqələrin iqtisadi tərəfdaşlıqla tamamlanmasıdır. Ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması münasibətlərin konkret nəticələrə istiqamətləndirildiyini nümayiş etdirir. Dövlət başçısının da vurğuladığı kimi, iki ölkə arasında məsafə müasir dövrdə ciddi maneə deyil. Əsas məsələ qarşılıqlı imkanlar barədə məlumatlılığın artırılmasıdır. Bu baxımdan Azərbaycan-Kamboca biznes forumunun keçirilməsi mühüm addımdır.
Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olması böyük potensialın tam reallaşdırılmadığını göstərir. Lakin məhz bu amil qarşıdakı dövr üçün geniş imkanların mövcudluğundan xəbər verir. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya istiqamətlərində əməkdaşlığın genişləndirilməsi qarşılıqlı iqtisadi əlaqələrə yeni dinamika qazandıra bilər.
Xüsusilə təhsil sahəsində tarixi təcrübənin mövcudluğu mühüm üstünlükdür. Sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında humanitar bağların formalaşmasına xidmət edib. Bu ənənənin bərpası yalnız təhsil mübadiləsinin genişlənməsi deyil, həm də xalqlar arasında qarşılıqlı tanıma və etimadın möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanın “ASAN” dövlət xidmətləri sisteminin Kambocada maraq doğurması isə ölkəmizin öz uğurlu idarəçilik təcrübəsini beynəlxalq səviyyədə paylaşdığını göstərir. Azərbaycan təcrübəsinin dost ölkələrdə tətbiq olunması dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə yanaşı, ölkəmizin institusional potensialının beynəlxalq aləmdə tanınmasına da töhfə verir.
Parlamentlərarası əlaqələrin inkişafı da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindəndir. Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi ölkəmizin Cənub-Şərqi Asiya ilə əlaqələrə strateji əhəmiyyət verdiyini bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Kamboca münasibətlərinin yalnız mövcud siyasi əlaqələrlə məhdudlaşmadığını, qarşıdakı mərhələdə iqtisadi, humanitar, texnoloji və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün ciddi perspektivlərin olduğunu nümayiş etdirir. Bu səfər iki ölkə arasında münasibətlərin praktiki məzmununun gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması baxımından mühüm mərhələdir.
Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini
Azərbaycan-Kamboca münasibətlərində yeni dövr: Genişlənən əməkdaşlıq və ortaq hədəflər