25 sentyabr 2024 17:14
89

Ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisi

Bu il ölkəmizdə keçirilən seçkilərin prezident və parlament seçkilərinin önəmi ondadır ki, ölkəmizin bütün suveren ərazisində təşkil edilmişdir. Son 3-4 il ərzində Azərbaycanın mövqeyi beynəlxalq aləmdə olduqca möhkəmlənib. Beynəlxalq əhəmiyyətli və regional məsələlərdə Azərbaycanın iştirakı yüksək səviyyədə baş tutur. Bəzi dövlətlərin Azərbaycana  qarşı qərəzli münasibətinə , ölkəmizə qarşı ikili standartlar siyasətinə baxmayaraq dövlətimiz, xüsusən Prezidentimiz İlham Əliyev öz haqlı mövqeyindən bir addım da olsa geri çəkilmir. Prezidentin də  bildirdiyi kimi bu gün  görürük ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. Necə deyərlər “Kim güclüdür, o da haqlıdır” anlayışı artıq ön plana keçir.

Beynəlxalq siyasi arenada cərəyan edən bu siyasi prosesləri nəzərə alan dövlətimiz ilk növbədə iqtisadiyyatımızı gücləndirmək və hərbi potensialımızı artırmağı qarşısına məqsəd qoymuşdur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, keçmiş qaçqınların və məcburi köçkünlərin  doğma torpaqlarımıza qayıdışı prosesi sürətlə davam etdirilir. Ancaq eyni zamanda, dövlətimiz ayıq-sayıq siyasət apararaq  Azərbaycana qarşı qarayaxmalar həyata keçirən bəzi dövlətlərin Ermənistana silah göndərməsini, Ermənistanda revanşizmi alovlandırmasını da diqqət mərkəzində saxlayır və bu barədə beynəlxalq  ictimaiyyəti məlumatlandırır. Prezident İlham Əliyev  VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında vurğuladığı kimi “Heç kim bizimlə təhdid dili ilə danışa bilməz”. Bəli, həqiqətən də xalq olaraq ağı qaradan seçirik artıq.  Prezidentin çıxışındakı son cümlələr bizə xalq və dövlət olaraq növbəti hədəflərimizi göstərir: “Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq."

Bu ilin noyabrında Bakı şəhərində keçiriləcək COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bu bizim beynəlxal nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir.

Sevil Ağayeva,
Bakı şəhəri, Xətai rayonu, T.Bağırov adına 59 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü